Seyyid Hüseyn Badkubeyi

XX əsrin əvvəllərində yaşamış məşhur azərbaycanlı ruhani alimlərdən biri də Seyyid Hüseyn Badkubeyi idi. Mərhum Seyyid Hüseyn Hüseyni Badkubeyi hicri 1293-cü (miladi 1877-ci) ildə Bakının Xırdalan kəndində anadan olmuşdur (Bəzi mənbələrdə onu "Badkubeyi" nəsəbi ilə yanaşı, həm də "Lahici" nəsəbi altında təqdim etmişlər). Atası Seyyid Rza kökü İmam Hüseynə (ə) gedib çıxan məşhur nəsildən idi. Seyyid Hüseyn öz vətənində ibtidai təhsil aldıqdan sonra ömrünü elmə sərf etmək qərarına gəlir və bu məqsədi həyata keçirmək niyyətilə o dövrün məşhur elm mərkəzlərinə yollanır.

Seyyid Hüseyn əvvəlcə Tehrana gedib Ayətullahu'l-uzma Sədrin adını daşıyan mədrəsədə təhsil almağa başlayır. O, Tehranda şöhrətli alim Seyyid Əbülhəsən Cilvədən (v. 1896) riyaziyyat, Mirzə Həsən Kirmanşahi və Mirzə Məhəmməd Haşim İşkəvəridən fəlsəfə dərsləri alır. Seyyid Hüseyn Badkubeyinin müəllimləri sırasında məşhur filosof Mirzə Məhəmməd Rza Qomşeyinin və "Bədayeu'l-hikəm" kitabının müəllifi Ağa Əli Müdərrisin də adlarını qeyd etmişlər.

Bir neçə ildən sonra Seyyid Hüseyn fəlsəfə, hikmət və kəlam sahələrində təcrübəli alim kimi ad qazanır. Amma o, bununla kifayətlənməyib, digər dini elmləri də mükəmməl mənimsəməyi qarşısına məqsəd qoyur. Fəlsəfənin incəliklərinə dərindən bələd olmaq üçün ona fiqh, usuli-fiqh kimi elmlərə də yiyələnmək lazım idi. Həmin elmlərin əsas tədris mərkəzi isə müqəddəs Nəcəf şəhəri sayılırdı.

Seyyid Hüseyn elmini təkmilləşdirmək üçün "elm paytaxtı" adlandırılan Nəcəfi-əşrəfə yola düşür. O, Nəcəfdə dini bilikləri mənimsəyərkən böyük alimlərin dərslərində iştirak edir. Seyyid Hüseynin Nəcəfdəki müəllimləri sırasında üç böyük şəxsiyyətin adını xatırlatmaq yerinə düşər:

Seyyid Hüseyn Badkubeyi Nəcəfdə usuli-fiqh elmini "Axund Xorasani" ləqəbli mərhum Ayətullahu'l-uzma Molla Məhəmmədkazım Xorasanidən (1839-1911) öyrənir. Xorasani son yüzillikdə bənzəri tapılmayan alimlərdən olmuşdur. Öz növbəsində Şeyx Mürtəza Ənsari (1799-1864) və Mirzə Məhəmmədhəsən Şirazi (1815-1895) kimi elm nəhənglərindən dərs almış bu insan özündən sonra bütöv müctəhidlər nəslini tərbiyə etmişdir. Axund Xorasani usuli-fiqh elmində uğurlu islahatlar həyata keçirmiş, bu elm sahəsini xeyli lazımsız mövzulardan təmizləmişdir. Onun "Kifayətu'l-usul" əsəri bu gün də dini mədrəsələrdə ehtiramla tədris olunmaqdadır.

Seyyid Hüseynin müəllimlərindən biri də cənubi Azərbaycanlı məşhur müctəhib Ayətullahu'l-uzma mərhum Şeyx Məhəmmədhəsən Maməqani (1822-1906) olmuşdur. Ayətullah Maməqani böyük alimlər nəslinin nümayəndəsi idi. Onun atası və oğlu da dini elmlər sahəsində görkəmli şəxsiyyətlərdən sayılmışlar. Şeyx Məhəmmədhəsən Maməqaninin müasirləri onu misilsiz dərəcədə savadlı alim və nümunəvi əxlaq sahibi olan arif şəxsiyyət kimi təsvir etmişlər. Onun Muhəqqiq Hillinin (XIII əsr) "Şərayiu'l-İslam" kitabına yazdığı 14 cildlik şərh elm sahibləri tərəfindən çox yüksək qiymətləndirilir.

Seyyid Hüseyn Badkubeyi Nəcəfdə mərhum Ayətullahu'l-uzma Mirzə Məhəmmədtəqi Şirazidən (1854-1921) də dərs almışdır. Əhli-beyt tərəfdarlarının böyük bir hissəsi dini hökmlərdə ona təqlid edirdilər. Mirzə Məhəmmədtəqi Şirazi öz dövrünün ictimai-siyasi hadisələrinə uzaqgörənliklə nüfuz edə bilirdi. O, 1920-ci ildə ingilis işğalçılarının İraqa hücumu zamanı cihad fətvası vermiş, xalqın azadlıq hərəkatına rəhbərliyi öz öhdəsinə götürmüşdü.

Bu böyük alimlərin bilik xəzinəsindən bəhrələnən Seyyid Hüseyn Badkubeyi tədricən Nəcəf dini elmlər mərkəzinin adlı-sanlı müəllimlərinin cərgəsinə qoşulur. O, fiqh, usuli-fiqh, fəlsəfə kimi elmlərdən dərs deyirdi. Seyyid Hüseynin hərtərəfli və hüdudsuz biliyi, gözəl əxlaqı, dərin tədqiqatçılıq qabiliyyəti ona şöhrət gətirir. Onun dərslərinin sorağı bütün Nəcəfə yayılır. Şəhid Mutəhərrinin yazdığına görə, o dövrdə Nəcəf şəhərində iki nəfər ardıcıl olaraq əqli elmlərin tədrisi ilə məşğul olurdu.əqli elmlərin tədrisi sahəsindəki uğurlar həmin iki nəfərin adı ilə bağlıdır. Onlar bu sahədə xüsusi bacarıq və dəyanət nümayiş etdirirdilər. Bu iki nəfərin biri mərhum Ayətullahu'l-uzma Şeyx Məhəmmədhüseyn İsfahani Kompani (v. 1942), o biri isə Seyyid Hüseyn Badkubeyi idi.

Məşhur İslam biblioqrafı mərhum Ağa Buzurg Tehrani (1876-1969) XX əsrin böyük alimlərindən bəhs edən "Nuqəbau'l-bəşər" kitabında yazırdı: "Rəhmətlik Badkubeyi Nəcəfdə əqli və nəqli elmlər sahəsində şöhrət qazanmışdı və bu elmlərin müxtəlif profillərini tədris etməklə məşğul idi. Çoxları onun dərslərindən bəhrələnmişlər. Ustad Əllamə Seyyid Məhəmmədhüseyn Təbatəbai də bunlardandır. O, İbn Sinanın "Şəfa" kitabını əvvəldən-axıra kimi Nəcəfdə bu böyük insanın hüzurunda oxumuşdur".

Seyyid Hüseyn Badkubeyinin əsərləri haqqında məlumat natamamdır. Bu sətirlərin müəllifinə məlum olan budur ki, Badkubeyi mərhum Şeyx Murtəza Ənsarinin "Təharət" və "Məkasibu'l-muhərrəmə" kitablarına haşiyə yazmışdır.

Seyyid Hüseyn Badkubeyi ömrü boyu təlim və tədrislə məşğul olmuş, bir sıra alimlərin yetişməsində xidmət göstərmişdir. Onun tələbələri sırasında həm şimali, həm də cənubi azərbaycanlılar çox olmuşlar. Həyatını öz xalqının dini cəhətdən maariflənməsinə sərf etmiş Seyyid Hüseynin şagirdləri arasında üç azərbaycanlı alim xüsusilə seçilmişdir:


1. Əllamə Seyyid Məhəmmədhüseyn Təbatəbai (v. 1981)

Əllamə Təbatəbai XX əsrin ən məşhur filosofu və Quran təfsirçisi sayılır. Onun 20 cildlik "Əl-Mizan" təfsiri çox nadir üslubda qələmə alınmışdır. Belə ki, Əllamə Təbatəbai öz təfsirində Quran ayələrini elə Quran ayələrinin köməyi ilə fəlsəfi əsasda şərh etmişdir. Əllamə Təbatəbai öz tərcümeyi-halında Seyyid Hüseyn Badkubeyini belə xatırlayırdı: "Fəlsəfə elmini o dövrün tanınmış hikmət alimi və filosofu, mərhum Seyyid Hüseyn Badkubeyidən öyrənməyə müvəffəq oldum. Bu əzəmətli şəxsin dərslərində iştirak etdiyim altı il ərzində Səbzəvarinin "Mənzumə", Molla Sədranın "Əsfar" və "Məşair", İbn Sinanın "Şəfa", İbn Türkənin "Usuliciya" və "Təmhid", habelə İbn Miskəveyhin "Əxlaq" kitablarını oxudum.

Rəhmətlik Badkubeyi mənim təlim-tərbiyəmə xüsusi qayğı ilə yanaşırdı. O, məni əsaslandırılmış təfəkkür tərzi ilə tanış etmək və fəlsəfi zövqümü qiymətləndirmək üçün məsləhət gördü ki, riyaziyyatı öyrənməyə başlayım. Mən ustadın tapşırığına əməl edərək, bacarıqlı riyaziyyatçı alim Ağa Seyyid Əbülqasim Xansarinin dərslərinə getdim və orada bir dəfə əvvəldən axıra əsaslandırılmış hesab elmini oxudum.

Burada Əllamə Təbabətainin öz müəllimi ilə bağlı xatirələrindən birini qeyd etmək yerinə düşər:

Əllamə Təbatəbai "Əl-Mizan" əsərində, "Bəqərə" surəsinin 124-cü ayəsini təfsir edərkən, həmin ayənin vasitəsilə imamların məsumluğu məsələsini sübuta yetirir. Həmin ayədə deyilir ki, Allah Həzrəti İbrahim peyğəmbərə (ə) buyurdu: "Mən səni insanlara imam edəcəyəm". İbrahim (ə) Allahdan xahiş etdi ki, yalnız onun özünə deyil, zürriyyətinə (yəni nəslindən olanlara) də imamlıq məqamını versin. Amma Allah buyurdu: "Mənim əhd-peymanım zalım adamları əhatə etməz!".

Əllamə Təbatəbai bu mövzu ətrafında geniş bəhs açdıqdan sonra yazır: "Ustadlarımın birindən (Allah ona rəhmət etsin!) soruşdular ki, bu ayənin əsasında imamın məsumluğunu necə sübut etmək olar? O da belə cavab verdi: "İnsanlar dörd qrupa bölünürlər: a) Bütün ömrü boyu zalımlıq edən şəxslər; b) Bütün ömrü boyunca zülm etməmiş şəxslər; c) Həyatının birinci hissəsində zalım olub, sonra zülmdən əl çəkənlər; d) Ömrünün birinci dönəmində zülm etməyib, sonra zülmə başlamış adamlar. Həzrəti İbrahim (ə) elə böyük şəxsiyyət idi ki, birinci və dördüncü qrupa aid olan zürriyyəti üçün Allaha heç vaxt dua etməzdi. Demək, bu ayənin şamil ola biləcəyi iki qrup qalır. Allah bu qruplardan daha birini də öz əhdinə layiq hesab etmir. Deməli, imamlığa layiq olan yeganə qrup – ömrü boyu zülm etməmiş, yəni məsum olan adamlardır".

Bu sətirlərdən görünür ki, Əllamə Təbatəbainin həmin ustadı həm fəlsəfə və məntiq elmlərinə, həm də Qur’an təfsirinə dərindən bələd imiş. Lakin "Əl-Mizan" təfsirindən götürülmüş yuxarıdakı qeyddə onun adı çəkilmir. Biz həmin alimin kimliyi barədə məlumatı başqa bir mənbədən əldə etdik.

Əsrimizin ən böyük alimlərindən sayılan, Əllamə Təbatəbainin şagirdi Ayətullah Həsənzadə Amuli "Min bir kəlam" kitabında yazır ki, bir gün Əllamənin hüzurunda imamın məsumluğu barəsində bəhs açıldı. Söhbət "Bəqərə" surəsinin 124-cü ayəsinin üzərinə gəldi. Mən Əllamədən soruşdum ki, "Əl-Mizan" təfsirində bu ayə barədə yazdığınız qeyddə "ustadlarımdan biri" adı altında kimi nəzərdə tutmuşdunuz? Əllamə cavab verdi: "Mərhum ağa Seyyid Hüseyn Badkubeyini". Sonra Əllamə Təbatəbai buyurdu: "Ağa Seyyid Hüseyn Badkubeyi riyaziyyat, hikmət və tibb elmlərinin ustadı idi. Mən "Şəfa" kitabının hər iki cildini, "Usuliciya", "Əxlaq", "Əsfar" və "Ərşiyyə" kitablarını Nəcəfdə onun hüzurunda oxumuşam".

Ayətullah Həsənzadə Amuli yazır ki, Əllamə Təbatəbai mənə "Təmhidu'l-qəvaid" kitabını öyrədirdi. Əllamə özündə olan nüsxəni vaxtilə ustadı Seyyid Hüseyn Badkubeyidəki nüsxə ilə müqabələ və təshih etmişdi (tutuşdurmuşdu). Mən də Əllamədən xahiş etdim ki, öz nüsxəsini müvəqqəti olaraq mənə versin. O, lütfkarlıqla həmin nüsxəni mənə verdi. Mən "Təmhidu'l-qəvaid"in özümdə olan nüsxəsi ilə Əllamə Təbatəbainin nüsxəsini diqqətlə müqabələ etdim və ustadın kitabını özünə qaytardım. Sonra müəllif qeyd edir ki, indiyə kimi həmin kitabın daha bir neçə nüsxəsini əldə etmişəm və onların hər birini həmin nüsxə ilə tutuşdurmuşam; bu nüsxələr əsasında dörd dəfə həmin kitabdan dərs demişəm.

"Min bir kəlam" kitabında Seyyid Hüseyn Badkubeyinin yüksək elmi səviyyəsi barəsində digər bir məlumatla da rastlaşırıq. Həmin kitabda yazılıb: "Əllamə Təbatəbainin xatirələrinə görə, Seyyid Hüseyn Badkubeyi qətiyyətlə bildirirdi ki, məşhur filosof Qutbəddin Şirazi Şeyx Suhrəverdinin "Hikmətu'l-işraq" kitabına şərh yazarkən, öz müəllimi Nəsirəddin Tusinin fikirlərinə əsaslanmışdır. Badkubeyi bu fikirdə idi ki, Nəsirəddin Tusi fəlsəfədə işraqilik mövqeyində dururmuş. O öz rə’yini əsaslandırmaq üçün Tusinin əsərlərindən nümunələr gətirirdi".

Ayətullah Həsənzadə Amuli həmçinin yazır ki, onun müəllimləri olmuş Ayətullah Məhəmməd Təqi Amuli və Seyyid Məhəmməd Həsən İlahi Təbatəbai Təbrizi də vaxtilə Seyyid Hüseyn Badkubeyidən dərs almışdılar və onun adını böyük ehtiramla xatırlayırdılar.

Bəhsin sonunda müəllif Seyyid Hüseyn Badkubeyinin çox qısa tərcümeyi-halını yazır: "Ağa Seyyid Hüseyn ibn Seyyid Rza ibn Seyyid Musa Hüseyni Badkubi Lahici (onu İran ərazisində, Gilan ətrafındakı Lahic məntəqəsi ilə qarışdırmayın) hicri 1293-cü ildə Bakının Xuddalan (əslində Xırdalan olmalıdır) kəndində anadan olmuşdur. O, Ağa Mirzə Haşim İşkəvəri, Ağa Mirzə Əbu'l-Həsən Cilvə, Ağa Əli Mudərris, Axund Xorasani və Şeyx Məhəmməd Həsən Maməqaninin seçilmiş tələbələrindən sayılırdı. O, son dövrdəki alimlərin fəxri və yüksək insani keyfiyyətlərin sahibi idi. Hicri 1358-ci il şəvval ayının 28-də Nəcəfi-əşrəfdə Allahın rəhmətinə qovuşmuşdur. Mə’qul (ağla əsaslanan) və mənqul (nəqli) elmlər sahəsində əsərləri vardır. Əllamə Şeyx Ağa Büzürg Tehrani "Ə’lamu'ş-şiə" kitabında (hicri 14-cü əsrin alimlərinə həsr olunmuş birinci hissənin ikinci bölümü, 584-cü səh.) onun haqqında mə’lumat vermişdir".


2. Ayətullahu'l-uzma Seyyid Əbülqasim Xoyi (1900-1992)

O da Seyyid Hüseyn Badkubeyidən fəlsəfə dərsi almışdır. Ayətullah Xoyi son onilliklərin ən məşhur müctəhidlərindən sayılırdı. Dünya şiələrinin böyük bir hissəsi dini hökmlərdə ona təqlid edirdi. Ayətullah Xoyi müxtəlif dini elmlər sahəsində sanballı əsərlərin müəllifidir. Onun 23 cildlik rical kitabı xüsusilə məşhurdur.


3. Ayətullahu'l-uzma Seyyid Məhəmmədhadi Milani (1896-1975)

Badkubeyinin daha bir şagirdi Ayətullah Milani fiqh və usuli-fiqh sahələrində nüfuzlu alimlərdən sayılırdı. O, Məşhəd dini elmlər mərkəzini dirçəldərək 22 il ona rəhbərlik etmişdir. Qeyd etmək yerinə düşər ki, Ayətullah Milani Nəcəf şəhərində daha bir həmvətənimizdən – mərhum Ayətullah Şeyx Məhəmməd İbrahim Ğərəvi Salyanidən də dərs almışdır.

Nüfuzlu ruhani alim, görkəmli filosof və qayğıkeş müəllim Seyyid Hüseyn Hüseyni Badkubeyi hicri 1358-ci il şəvval ayının 28-də (miladi təqvimlə təqribən 1939-cu ilin dekabrı) Nəcəfdə vəfat ktmiş, həmin şəhərdə də dəfn olunmuşdur.



Natiq Rəhimov (natiq@islam.az)



Yerləşdirilib:10 İyun, 2008  22:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
23 Yanvar, 2020
Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
22 Yanvar, 2020

Həyat yoldaşlarının bir-birini qısqanması icazəlidirmi? İslam suallarda

22 Yanvar, 2020
Daha bir iranlı komandir öldürüldü
22 Yanvar, 2020
İsrail hərbçiləri üç fələstinlini öldürdülər
21 Yanvar, 2020
Səudiyyə ordusunda ilk dəfə qadın bölməsi yaradılıb
21 Yanvar, 2020

Trampın başına 3 milyon dollar pul qoyldu

21 Yanvar, 2020
İŞİD-çi terrorçu qadın Norveç hökumətini parçaladı
21 Yanvar, 2020
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
21 Yanvar, 2020

İnsanın öz adını dəyişməsinə din icazə verirmi? İslam suallarda

21 Yanvar, 2020
İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabatı yayıb
21 Yanvar, 2020
KİV: İŞİD-in yeni rəhbəri məlum olub
20 Yanvar, 2020
20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar, 2020

“Təcridül-etiqad” kitabının müəllifi kimdir və bu kitab hansı mövzudadır? İslam suallarda

18 Yanvar, 2020
Hələbdə 28 dinc sakin öldürülüb
18 Yanvar, 2020
Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya edib
17 Yanvar, 2020
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında
XƏBƏRARXİVİ
«Yan.2020
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
© 2020 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com