Son zamanlarda Səudiyyə Ərəbistanı və BƏƏ-nin İsrailə yaxınlaşma və Təl-Əvivlə müzakirə aparma addımları rəsmi müstəvidə də görünməyə başlayıb.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin Vaşinqtondakı səfiri Yüsif əl-Uteybə iki gün öncə Vaşinqtonda İsrailə dəstək məqsədilə keçirilən toplantıya qatılıb.
Yayımlanan fotolardan bəlli olur ki, “ Milli Təhlükəsizlik üzrə Yəhudi İnstitutu”nun Vaşinqtonda keçirdiyi ziyafət axşamında ABŞ dövlət katibi Mayk Pompeo və İsrailin Vaşiqntondakı səfiri Ron Dirmerlə yanaşı BƏƏ səfiri Yüsif əl-Uteybə də oturub.
İsrailin “Walla.сo.il” xəbər portalı bu fotonu yayımlayaraq, hadisənin ölkə üçün və bölgədə ərəb dövlətləri ilə əlaqələr məsələsində bir müjdə olduğunu bildirib.
Qeyd edək ki, ötən ayın 25-də BMT Baş Assambleyasının sesiyası çərçivəsində Mossad rəhbəri Yossi Kohen Səudiyyənin XİN rəhbəri Adil əl-Cubeyrlə birgə Nyu-Yorkda keçirilən "Nüvə güclü İrana qarşı bir olaq" adlı konfransda fikir mübadiləsi aparıblar. BƏƏ-nin Vaşinqtondakı səfiri Yüsif əl-Uteybənin də iştirak etdiyi bu toplantıda 3 ölkənin rəsmiləri İrana qarşı vahid mövqe sərgiləməklə bağlı müzakirələri davam etdiriblər.
Bildirək ki ərəb dövlətlərindən yalnız Misir və İordaniya İsraillə diplomatik əlaqələrə malikdir. Lakin son dövrlərdə Səudiyyə, BƏƏ və Bəhreyn kimi dövlətlərin də İsraillə rəsmi görüşləri adi hal almağa başlayıb.