İmam Hüseynin (ə) şəhadəti Həzrət Əlinin (ə) dilindən

İmam Hüseynin (ə) faciəli şəhadəti barədə Peyğəmbərdən (s) eşitdiyi xəbəri Həzrət Əli (ə) də qabaqcadan öz ətrafındakılara xatırlatmış, ümməti bu böyük faciəyə hazırlamışdır. Bu barədə əhli-sünnə mənbələrində də kifayət qədər məlumat vardır.

***

Nücca əl-Həzrəmi nəql edir:

“Mən Əli (Allah ondan razı olsun) ilə birlikdə Siffeyn savaşına getmişdim. Siffeyn yaxınlığındakı Neynəva adlı yerdə birdən uca səslə söylədi: “Səbr et, ey Əba Əbdillah, səbr et, ey Əba Əbdillah, Fəratın kənarında!” Soruşdum: “Bu sözlərin mənası nədir?” Cavab verdi: “Bir gün Peyğəmbərin (s) yanına getmişdim. Gözlərinin yaşardığını gördüm, soruşdum: “Ey Peyğəmbər! Kimsə səni qəzəbləndirib ki, gözlərin yaşarıb?” Buyurdu: “İndicə Cəbrail əleyhissalam yanımdan getdi. O mənə dedi ki, Hüseyn Fərat çayının kənarında öldürüləcək”. Sonra soruşdu: “Onun öldürüldüyü torpağın ətrini qoxlamaq istəyirsənmi?” “Bəli” dedim. Əlini mənə uzatdı, əlində bir ovuc torpaq var idi. Buna görə göz yaşımı saxlaya bilmədim”.

Bu hədisi Heysəmi “Məcmə əl-zəvaid” kitabında nəql etdikdən sonra yazır: “Bu hədisi Əhməd (ibn Hənbəl), Əbu Yəla, Bəzzar və Təbərani də rəvayət etmişlər. Hədisin raviləri etibarlı şəxslərdir, hədisi Nüccadan başqaları da rəvayət etmişlər” (Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, 9-cu cild, səh. 187).

***

Digər məşhur əhli-sünnə alimi İbn Həcər Heysəmi “əl-Səvaiq əl-mühriqə” kitabında yazır:

“Əli (Allah ondan razı olsun) Siffeyn səfərində yolüstü Kərbəladan keçirdi. Fərat çayının kənarındakı Neynəva kəndinə çatanda dayandı və o yerin adını soruşdu. Dedilər ki, bura Kərbəladır. Əli o qədər ağladı ki, torpaq göz yaşlarından islandı” (İbn Həcər Heysəmi. Əl-Səvaiq əl-mühriqə, səh. 193).

***

İmam Cəfər Sadiq (ə) dördüncü imam Zeynülabidinin (ə) onu ağlamaqda ittiham edənlərə belə buyurduğunu rəvayət edib:

“Məni qınamayın! Yəqub Peyğəmbər (ə) oğullarından birini itirəndə göz bəbəkləri ağarana kimi ağladı. Halbuki, onun (Yusifin) öldüyünə də əmin deyildi. Mən isə öz qohumlarımdan 14 nəfərin bir gündə başının kəsildiyin görmüşəm. Elə bilməyin ki, onların kədəri qəlbimdən həmişəlik silinər!”

Bu hədis aşağıdakı mənbələrdə öz əksini tapmışdır:

Mizzi. Təhzib əl-kəmal, 20-ci cild, səh. 399;

İbn Kəsir. Əl-Bidayə və-l-nihayə, 12-ci cild, səh. 487-488;

İbn Əsakir. Tarix mədinət əl-Diməşq, 41-ci cild, səh. 386 və s.

***

İmam Hüseynin (ə) şəhadəti barədə Həzrət Əlinin (ə) qabaqcadan verdiyi xəbərlərin bir neçəsini məşhur alim Seyyid Mürtəza Firuzabadi “Fəzail əl-xəmisə min əl-sihah əl-sittə” kitabında əhli-sünnə mənbələrinə istinadən nəql etmişdir. Həmin əsərdə yuxarıda göstərilmiş mənbələrdən əlavə, İbn Həcərin “Təhzib əl-Təhzib”, Müttəqi Hindinin “Kənz əl-ümmal”, İbn Əbi Şeybənin “əl-Müsənnəf”, İbn Əsirin “Üsüd əl-ğabə”, Təbəraninin “əl-Möcəm”, Mühibbəddin Təbərinin “Zəxair əl-üqba” kitablarından da iqtibaslar edilmişdir.

Məsələn, İbn Əsir “Üsüd əl-ğabə” kitabında səhabə Ğürfə əl-Əzdidən rəvayət edir ki, ürəyimdə Əli ibn Əbitalibə (ə) şəkk yaranmışdı. Bir gün onunla birlikdə Fərat çayının sahilinə getdik, yol üstündə durdu və söylədi: “Bu yerdə onlar yüklərini boşaldar, miniklərini yatırarlar, bu yerdə onların qanı axıdılar. Atam qurban olsun o şəxsə ki, yerdə və göydə Allahdan başqa yardımçısı yoxdur”. Ğürfə deyir ki, Hüseynin şəhadətindən sonra onun qətl edildiyi yerə gəldim və buranı Əlinin dediyi şəkildə gördüm, heç nəyi səhv deməmişdi. Bundan sonra Əlinin barəsində şəkk etdiyimə görə tövbə etdim (İbn Əsir. Üsüd əl-ğabə, 4-cü cild, səh 169; Seyyid Mürtəza Firuzabadi. Fəzail əl-xəmisə min əl-sihah əl-sittə, 3-cü cild, səh. 279-280).


Yerləşdirilib:4 Oktyabr, 2018, Baxılıb:1396, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com