Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-995.html)

XIX əsr ümumilikdə Azərbaycan ədəbiyyatının, o cümlədən, dini ədəbiyyatın yüksəliş dövrü sayıla bilər. Bu dövrdə yaşamış elə bir şair tapmaq çətindir ki, onun dini-əxlaqi məzmunlu əsərləri olmasın. Dini məzmunlu şeirlərin içində isə növhə və mərsiyə nümunələri say etibarilə üstünlük təşkil edirdi.

Xurşidbanu Natəvanın “Söylə Hüseynə, ey səba, Kərbübəlayə gəlməsin”, Abbasqulu ağa Qüdsinin “Kərbəla, saxlaginən nəşi-Əliəkbərimi”, Qasım bəy Zakirin “Dur ayağa, eyləmə xab, oğul – Quru yerdə yatma, yaralısan”, Mirzə Ələkbər Sabirin “Baxdı çün Əkbərinin nizədə Leyla üzünə”, Abdulla bəy Asinin “Mən Hüseyni-bikəsü biyarəm, ey Sultan Qeys”, Seyyid Əzim Şirvaninin “Xeymələrə, əmməcan, ləşkəri-üdvan gəlir”, Molla Əlimühəmməd Fənanın “Haris, öldürmə bizi, rəhm qılıb Davərə bax” misraları ilə başlayan növhələri xalq içində çox məşhur idi və təziyə məclislərində dillər əzbərinə çevrilmişdi.

Aşura hadisəsinə müraciət etmək ənənəsi şairlər arasında o qədər geniş yayılmışdı ki, yaradıcılığında ictimai-siyasi motivlər üstünlük təşkil edən Hüseyn Cavid, daha çox sevgi qəzəlləri və satiraları ilə tanınan Əliağa Vahid də bu mövzuda öz qələmlərini sınamışlar. Hüseyn Cavid farsca qısa həcmli bir növhəsində yazırdı (tərcümə):

 

Kərbəla padşahının adını еşidən kəs

Dərhal o əza məclisinə matəm saxlar,

Matəm məclisində başına döyər.

Həmin məclisdə şah ilə gəda arasında fərq olmaz.

Еy ürək, sən bir an da bu müsibətdən qafil olma,

Cəza günündə onun şəfaətindən başqa hеç bir mükafat yoxdur.

(Hüseyn Cavid. Əsərləri, Bakı-2005, 1-ci cild, səh. 120).

 

Əliağa Vahid isə

Şimri-dun ilə Hüseyn eşqin düşüb sevdasına,

Rey havasına biri, birsi bəla səhrasına.

beyti ilə başlayan növhədə Kərbəla şəhidlərini yad edirdi.

(Dahilərin göz yaşı. Mərsiyələr, Bakı-1990, səh. 109).

 

Hətta bəzi şairlər yalnız dini istiqamətdə ixtisaslaşmışdılar. Cənubi Azərbaycanda Əbülhəsən Raci, Molla Hüseyn Dəxil, Hacı Rza Sərraf, Dilriş Ərdəbili kimi sənətkarlar “İmam Hüseyn şairi” kimi tanınırdılar. Bu ənənəni Şimali Azərbaycanda davam etdirən şairlərin ən məşhuru – tarixən Azərbaycan şəhəri sayılan, Fazil Dərbəndi kimi qüdrətli din aliminin, Mirzə Kərim Şüayi kimi istedadlı şairin vətəni olan Dərbənddə yaşamış-yaratmış Qumri Dərbəndi sayılırdı. Qumrinin “Kənz əl-məsaib” məcmuəsi asan yadda qalan, rahat əzbərlənən və müxtəlif avazlara uyğun gələn növhələrdən ibarətdir.

Qeyd etmək yerinə düşər ki, bəzi şair və ədiblər Əhli-beytin müsibətləri haqqında müstəqil bədii əsərlər tərtib etmişlər. Bu qəbildən yuxarıda adı çəkilən Qumri Dərbəndinin “Kənz əl-məsaib”, A.A.Bakıxanov Qüdsinin “Riyaz əl-qüds”, Mir Möhsün Nəvvabın “Kənz əl-mihən”, “Bəhr əl-hüzən” və “Məzlumnamə”, Mirzə Əli Mühəmməd Fənanın “Cənnət əl-məva”, Molla Məhəmməd Naxçıvaninin “Səhab əl-dümu” məcmuələri xüsusi diqqətə layiqdir.

 

Firudin bəy Köçərli öz müasiri olan söz sənətkarlarının dini məzmunlu bədii irsi barədə yazırdı:

“Məlumdur ki, beş-on sənə bundan əqdəm artıq hörmət və şöhrətdə olan ancaq İmam Hüseyn müsibətinə dair növhə və mərsiyə yazan şairlər idi ki, onların kəlamı məscidlərdə, təkyələrdə oxunurdu və onlar öz kəlamlarını eşidib, xalqın tərifü tövsifi ilə sərəfraz olurdular və növhə yazmağa dəxi də artıq şövqmənd olub, bütün vaxtlarını və qüvveyi-şeriyyələrini bu yolda sərf edirdilər. On beş-iyirmi sənə bundan əqdəm Şuşa qələdə əli qələm tutan kəmsavad uşaqlar dəxi növhə yazmağa məşğul olub, hər birisi öz düzdüyü şeirə oxşayan kəlamları ilə iftixar edirdilər. Amma bu axır vaxtlarda növhə və mərsiyə mövsümü bir növ keçib və solub...”.

(Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı, Bakı-1981, 2-ci cild, səh. 326).

Həmin kitabda Firudun bəy Köçərli xalqımızın əzadarlıq mədəniyyətinin xarakteik cəhətlərini işıqlandıraraq yazır:

“Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa, qəm ilə sürur, yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir-biri ilə zidd olduğu halda uyuşmaz, onda deyə bilərik, bəli, İmam Hüseyn (ə) müsibətində bu feyz vardır. Bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır; bir yandan qəmləndirir, bir yandan qəmü qüssədən azad edir... Bu feyzü bərəkət, bu qeyri-adi halət və xüsusiyyət ancaq Seyyidüş-şühəda müsibətü əzasına müxtəsdir, ancaq mahi-mühərrəmdə tərtib olunan təziyələrdə hiss olunur”.

(Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı, Bakı-1981, 2-ci cild, səh. 355).

Azərbaycan mədəni mühitinin görkəmli nümayəndəsi, aktyor və sənətşünas Hüseynqulu Sarabski “Köhnə Bakı” əsərində sovet işğalından əvvəlki milli adət-ənənələrimiz, ayinlərimiz haqqında məlumat verir və təbii olaraq məhərrəmlik ənənəsindən də yan keçmir. Müəllif yazır:

“Məhərrəm ayının 1-dən 10-na qədər təkyələrdə və məscidlərdə gecələr saat 11-ə kimi cavan uşaqlar sıra ilə oturub avaz ilə mərsiyə deyib sinə vurardılar. Bir qədər keçəndən sonra... ayaq üstə dayanıb cuşi mərsiyə deyərdilər və sinə vurardılar. Sonra təkyənin və ya məcsidin yerinin xalça-palazlarını yığardılar. Camaat da dörd ətrafda oturardı, şəbeh göstərərdilər...

Bu cür şəbehlər keçmişdə Bakıda çox olardı. Belə ki, bir gecə Əliəkbər şəbehi, o biri gecə Qasim şəbehi, sonra müxtəlif şəbehlər göstərərdilər. Məhərrəmin onuncu günü 50-60 nəfər adam əyinlərinə qara paltar geyər, əllərinə yanar şam alıb məhəllə məscidlərinə şami-qəribana gedərdilər...”

(Hüseynqulu Sarabski. Köhnə Bakı, Bakı-1939, səh 98-101).

Əhli-beytə sonsuz məhəbbət yalnız şiə (cəfəri) məzhəbinə mənsub olan şairlərimizin deyil, əhli-sünnə əqidəli söz sənətkarlarımızın da əsərlərində aydın hiss olunur. Tarix boyunca Azərbaycan dini tolerantlığın məskəni olmuşdur. Əhli-sünnə məzhəbinə və müxtəlif təsəvvüf təriqətlərinə aid olan şairlərimiz Əhli-beyti, xüsusilə, Ali-əbanı dərin məhəbbətlə sevmiş, mühərrəmlik mövsümünə ehtiramla yanaşmışlar.

Bakıda xəlvətiyyə təriqətinin şeyxi Seyyid Yəhya Bakuvi ilə görüşüb onun müridi olmuş, mürşidinin göstərişi ilə Qarabağ, Bərdə, Gəncə torpaqlarında təriqəti yaymış, sonralar xəlvətiyyənin rövşəniyyə qolunu təsis etmiş Dədə Ömər Rövşəni Yezidə nifrət bəsləyir və onun adını mənfiliyin simvolu kimi işlədirdi:

 

Edən xoşnud pirini gümansız Bayezid olur,

Vəli xoşnud etməyən yəqin bil kim, Yezid olur.

 

XIX əsrdə yaşayıb-yaratmış Mir Həmzə Nigari nəqşbəndi təriqətinin sayılıb-seçilən mürşidlərindən idi. Nigarinin irihəcmli türkcə divanı onun eşq dünyasının ən gözəl tərcümanıdır. “Sülaleyi-tahirəyə can vermək – Miri Nigarinin səyadətidir” deyən şairin yaradıcılığında Kərbəla faciəsinin əks-sədası aşkar duyulmaqdadır:

 

Dəmadəm can yanar, ağlar gözüm, könlüm qılır əfğan,

Bəlakeşlər ki ol dəm sərgüzəşti-Kərbəla söylər.

Rəvayət təşnəgani-Kərbəladən qılma, ey ravi,

Yanarız atəşi-həsrətlə, zira dağdarız biz.

 

Şair mühərrəm ayı girincə İmam Hüseynin (ə) hörmətinə hər cür şadyanalığı kənara qoymağı və bu günləri Peyğəmbər nəslinə layiq bir ehtiramla, hüzn içində yaşamağı tövsiyə edirdi:

 

Qatarın sövq et, ey mütrüb diyari-qeyrə, zira kim

Bəla dəştində matəmdari-şahi-Kərbəlayız biz.

 

Nigari məzhəbi məsələlərdə nə qədər barışdırıcı mövqe tutsa da, Əhli-beytə düşmən olan qruplara qarşı nifrətini gizlətmirdi:

 

Siz Yezidi, siz pəlidi, biz Hüseyni, biz şəhidi,

Siz bütlani, biz həqqani, siz bir tərəf, biz bir tərəf!

Siz qatili-ali-Zəhra, biz matəmdari-Mustafa,

Siz Şimrani, biz hüznani, siz bir tərəf, biz bir tərəf!

(Nigari. Divan (Azmi Bilginin redaktəsi ilə), İstanbul, 2011).

 

Şairlərimiz aşura qiyamının qəhrəmanlarını və hədəflərini tərənnüm etməklə yanaşı, bundan sui-istifadə edən qüvvələri, məhərrəmliklə bağlı xalq içində kök salmış bəzi xurafatları da ciddi şəkildə tənqid edirdilər. XIX əsr ədəbiyyatımızın hərəkətverici qüvvəsi olan Seyyid Əzim Şirvani aşura günü xəncər vurub baş yaran mövhumatçıları tənqid atəşinə tuturdu:

 

Belə fətvanı görək verdi bizə hansı imam?

Ya ki onlar özü də etdi bu əmrə iqdam?

Bədənin zəhməti gər şər’də olmazsa həram,

Biz də başlar çapıban cari edək qan, əxəvi!


Heç eşitdinmi çapıb başın İmami-Cəfər?

Ya ki Musiyyi-Riza, Əsgəriyi-xəstəciyər?

Bizdən onlar məgər öz cəddini az istərlər?

Niyə bəs vermədilər bu işə fərman, əxəvi?


Bu yəqinimdir, əgər olsa özü zində imam,

Hökm edər: çapma başın, nəhydi bu feli-həram!

Yenə hər il çapacaq başını bu qövmi-avam,

Demə kim, tərki-təbiət olar asan, əxəvi!

(Seyyid Əzim Şirvani. Əsərləri, 2-ci cild, Bakı-1969, səh. 38).


Yerləşdirilib:1 Oktyabr, 2018, Baxılıb:1121, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com