Bu kitab tanıtdırılmağa layiqdir

İmam Hüseynin (ə) şəhadəti müsəlman ədəbiyyatına “məqtəl” adlı xüsusi ədəbi janr bəxş etdi. Kərbəla şəhidlərinin faciəli qətlini əks etdirən məqtəllər müxtəlif dövrlərdə və dillərdə qələmə alınmışdır.

Azərbaycanın böyük alim və ədibləri də bu janrda öz qələmlərini sınamış və dəyərli əsərlər yaratmışlar. Bunlardan biri də XIX əsrdə yaşamış və öz zamanında “vaiz” ləqəbi ilə tanınmış Hacı Molla Muhəmməd Naxçıvaninin azərbaycan dilində qələmə aldığı “Səhab əl-dümu” əsəridir. Kitabın adının ərəb dilindən tərcüməsi “göz yaşı buludları” deməkdir. Müəllif mətn boyunca bu adla gözəl paralellər aparmağa və əsərin möhtəviyyatını buna uyğunlaşdırmağa uğurla nail olmuşdur.

Təəssüf ki, “Səhab əl-dümu” əsəri nə yerli, nə də əcnəbi tədqiqatçılar tərəfindən lazımınca araşdırılmamış və Azərbaycan oxucularına tanıtdırılmamışdır. Kitab və onun müəllifi barədə müxtəlif mənbələrdəki məlumatlar ya həddən artıq qısa, ya da ziddiyyətlidir.

“Səhab əl-dümu”nun dibaçəsində (müqəddiməsində) müəllif öz adını “Məşhədi Baba kimi tanınan Zamanın oğlu Muhəmməd” şəklində təqdim edir. Təəssüf ki, müəllif haqqında mənbələrdəki məlumatlar həddən az və dolaşıqdır. Belə ki, bəzi internet saytları da daxil olmaqla bir neçə mənbədə bu əsərin müəllifini digər məşhur həmyerlimiz, böyük din alimi Muhəmməd Əli Naxçıvani ilə eyni şəxs hesab etmişlər. Ayətullah Şeyx Muhəmməd Əli Naxçıvani (hicri 1268-1334, miladi 1852-1916) Naxçıvanda doğulmuş, atasının adı Xudadad olmuşdur. O, Nəcəf şəhərində Fazil Şərabiyani, Fazil İrəvani, Mirzə Həbibullah Rəşti kimi böyük alimlərdən bəhrələnmiş, bir müddətdən sonra özü qüdrətli müctəhid kimi tanınmışdı. Yüksək elmi və əxlaqi səviyyəsinə görə təqribən 20 il ərzində Nəcəf şəhərində Həzrət Əlinin (ə) mübarək hərəmində qılınan camaat namazına imamlıq etmiş, vəfatından sonra hərəmin hücrələrindən birində torpağa tapşırılmışdı.

Zənnimizcə, Muhəmməd Əli ibn Xudadad Naxçıvani ilə Muhəmməd ibn Məşhədi Baba Naxçıvaninin eyniləşdirilməsinə səbəb hər ikisinin İmam Hüseyn (ə) əzadarlığına xüsusi diqqət yetirməsi olmuşdur. Belə ki, müctəhid Naxçıvani də müasirlərinin yazdığı kimi “hər gün sübh namazından sonra İmam Hüseynin (ə) müsibətini, aşura günündə onun və ailəsinin başına gələn hadisələri xatırlayıb ucadan ağlayar və nalə edərdi” (Seyyid Muhəmməd Mehdi İsfahani Kazimi. Əhsə¬n əl-vədiə, səh. 220-222). Ayətullah Muhəmməd Əli Naxçıvaninin aşura mərasimləri ilə bağlı “Duat əl-Hüseyniyyə” adlı kitabı vardır. Hicri 1331-ci/miladi 1912-ci ildə Bombeydə 192 səhifə həcmində nəşr olunmuş kitabda aşura şəhidlərinə təziyə saxlamağın qaydaları haqqında verilən suallara cavablar təqdim olunur.

Lakin qeyd etdiyimiz kimi, “Səhab əl-dümu” kitabının müəllifi Hacı Muhəmməd Naxçıvani başqa şəxsdir. Əldə etdiyimiz məlumatlara əsasən, o, hicri 1260-1341-ci (miladi 1844-1923-cü) illər arasında yaşamış, mükəmməl dini savada malik olmuşdur.

Məşhur biblioqraf alim Ağa Büzürg Tehrani “əl-Zəriə ila təsanif əl-şiə” əsərində (12-ci cild, səh. 149-150, sıra nömrəsi 1003; 17-ci cild, səh. 71, sıra nömrəsi 375 və 21-i cild, səh. 163, sıra nömrəsi 4430) məlumat verir ki, “Səhab əl-dümu” kitabı 3 cilddən ibarətdir. “Qürrət əl-əbsar və dürrət əl-əbrar” (“Gözlərin işığı və yaxşıların inciləri”) adlı birinci cild Ali-əbanın ilk dörd üzvünün (Həzrət Peyğəmbər, Həzrət Fatimə, İmam Əli və İmam Həsənin) müsibətlərinə həsr edilib. İkinci cild başdan-başa Kərbəla faciəsinin təsvirini əhatə edir. Üçüncü cilddə (“Məzahir əl-ənvar fi əqaid əl-əxyar” - “Yaxşıların əqidəsi barədə nurların zühuru”) isə cəfəri məzhəbinin əqidə əsasları şərh edilir. Kitab ilk dəfə müəllifin sağlığında (1898-99-cu illərdə) Təbrizdə nəşr edilmişdir. “Səhab əl-dümu” kitabının daha sonralar (hicri 1321, 1326 və 1330-cu illərdə) da Təbriz və Tehranda daşbasma üsulu ilə nəşr edildiyi məlumdur.

Bu sətirlərin müəllifi “Səhab əl-dümu” kitabının hicri 1326-cı (miladi 1908-ci) ildə Təbrizdə 520 səhifə həcmində çap olunmuş ikinci cildini araşdırmışdır. Kitabın sonunda müəllifin verdiyi qeyddən aydın olur ki, o, əsərin yazılmasına hicri 1295-ci ilin rəbi əl-əvvəl ayında (miladi 1878-ci il, mart) başlamış, əsər üzərində işi hicri 1309-cu il şəban ayının 3-də, yəni İmam Hüseynin (ə) mövlud günündə (miladi 1892-ci il, mart) bitirmişdir.

“Səhab əl-dümu” qeyd etdiyimiz kimi, Azərbaycan dilində, nəsr ilə nəzmin növbələşməsi şəklində qələmə alınmışdır. Naxçıvani əsər boyunca hadisələrin təsvirini müasiri olduğu şairlərin şeirlərindən iqtibaslarla bəzəmişdir. Kitab boyunca istifadə edilmiş şeir parçalarının əksəriyyəti mərsiyə ədəbiyyatının görkəmli nümayəndəsi marağalı Molla Hüseyn Dəxilə məxsusdur.

Muhəmməd Naxçıvani kitabın müqəddiməsində Əhli-beytin həm fəzilətlərini təsvir etməyi, həm də onların müsibətlərini qələmə almağı ən mühüm işlərdən sayır, “cövhərlərin cövhəri və bəsirət əhlinin qəlblərinin nurunun nuru” adlandırır. Müəllif əsərin beş babdan ibarət olduğunu və hər babın Ali-əba üzvlərindən birinə həsr edildiyini xatırladır. Daha sonra Naxçıvani əsərin yazılma səbəbini və üslubunu bu şəkildə təsvir edir:

“(Müəllif) ərəbcə qəsidələrin ibarələrini və sözlərini türk dilinə tərcümə etdi, qələmə alaraq sətirlərə köçürdü ki, hər təbəqədən olan bütün insanlar bunları oxumaqdan və müsibətləri xatırlamaqdan faydalanıb feyziyab olsunlar, bu tanınmaz və günahkar bəndəni həm sağlığında, həm də ölümündən sonra yaxşılıqla yad edib, günahlarının bağışlanması üçün dua etməklə (ruhunu) şad etsinlər”.

Kitabın Kərbəla faciəsini işıqlandıran beşinci babı İmam Hüseynin (ə) fəzilətləri və ona matəm saxlamağın savabı barədə məsumlardan rəvayət edilmiş 18 hədisin ərəbcə mətni və tərcüməsi ilə başlayır. Müqəddimədən sonra 12 qismdən ibarət olan kitabın əsas hissəsi gəlir. Müəllif hər hissəni “səhabət əl-seyyibə” adlandırır (tərcüməsi “yağış gətirən bulud” deməkdir). Bunlar da “məvqid” (yandırıcı ocaq), “şölə”, “şihab” (şimşək), “şərarə” (qığılcım), “rədə” (ildırım), “dəmə” (göz yaşı damlası) adlı daha kiçik həcmli qismlərə bölünür.

“Səhab əl-dümu” kitabının səhifələrində müəllif məşhur rövzə kitablarından, hədis məcmuələrindən sitatlar gətirir, bəzən ərəbcə mətni təqdim edir, bəzən isə mətni vermədən mənbəyə istinad edir. Müəllif özü də kitabın sonunda əsərin tərcümə janrına məxsus olduğunu qeyd etmişdir: “Həmd Pərvərdigarə ki, tovfiq əta eylədi ki, bu kitabı öz əlimlə tərcümə və təhrir etdim 1309-cu ilin şaban ayında” (bu tarix miladi təqvimlə 1892-ci ilin mart ayına uyğundur).

Müəllifin ən çox istinad etdiyi mənbələr sırasında Fazil Dərbəndinin “Əsrar əl-şəhadə”, Əbi Mixnəfin “Məqtəl” əsərləri, Əllamə Məclisinin “Bihar əl-ənvar” külliyatı, eləcə də, Şeyx Səduq, Şeyx Müfid, Şeyx Tusi, İbn Nüma, Türeyhi, Seyyid ibn Tavus, Təbrisi kimi müəlliflərin kitabları və rövzə janrının müxtəlif nümunələri mühüm yer tutur.


Yerləşdirilib:27 Sentyabr, 2018, Baxılıb:1134, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com