Peyğəmbər (s) Əhli-beytə ediləcək zülmləri qabaqcadan xəbər vermişdi

Yeddinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-979.html; http://az.islam.az/article/a-981.html; http://az.islam.az/article/a-984.html; http://az.islam.az/article/a-985.html; http://az.islam.az/article/a-987.htmlhttp://az.islam.az/article/a-993.html)

Qeyd edək ki, Peyğəmbərin (s) Ümmi-Sələmə xanıma göstərdiyi həmin torpağın da maraqlı tarixi vardır. Ümmi-Sələmə xanımdan nəql edilmiş digər rəvayətlərdə deyildiyi kimi Allahın Rəsulu (s) Cəbrailin gətirdiyi torpağı ona verib demişdi ki, illər ötüb-keçəndən sonra Hüseyn (ə) bu torpağın götürüldüyü ərazidə qətlə yetiriləcək. Həmin gün bu torpaq qan rənginə boyanacaq, o zaman Hüseynimin (ə) şəhid olduğunu biləcəksən.

Ümmi-Sələmə xanım torpağı bir şüşə qabın içində saxlayırdı. İmam Hüseyn (ə) öz karvanı ilə Kufəyə sarı yola düşəndən sonra Ümmi-Sələmə xanım hər səhər həmin torpağı götürüb baxardı. Bir gün həqiqətən, şüşədəki torpaqda qan damcıları gördü. Başa düşdü ki, Allahın Rəsulunun (s) buyurduğu həmin gün gəlib-çatıb. Ümmi-Sələmə xanım Mədinə qadınlarını başına yığdı və Hüseyn (ə) üçün matəm məclisi qurdu. Qadınlar ağlayıb mərsiyə dedilər. Bir neçə gündən sonra Kufədən xəbər gəldi ki, həqiqətən, həmin gün (aşura günü) Kərbəla faciəsi baş vermiş, İmam Hüseyn (ə) və yaxınları şəhadətə çatmışlar.

Bu hadisə bəzi mənbələrdə, o cümlədən, Şeyx Səduqun “Əmali”, Şeyx Müfidin “əl-İrşad”, Heysəminin “Məcmə əl-zəvaid” kitablarında öz əksini tapmışdır.

İmam Hüseyn (ə) türbətinin bu möcüzəvi xüsusiyyəti başqa mənbələrlə də sübuta yetir. Belə ki, məşhur alim Ayətullah Seyyid Mürtəza Müvəhhid Əbtəhidə mövcud olan əsl Kərbəla türbəti də bu xüsusyyətə malik imiş və aşura günündə bu torpağın içində qan damcıları görünürmüş. Kərbəlada, İmam Hüseynin (ə) müqəddəs hərəmində şüşə qabın içində saxlanılan türbət də hər il aşura günündə ziyarətə gələnlərin gözü qarşısında qan ilə boyanır (Qeyd edək ki, bu xüsusiyyət xalis Kərbəla türbətinə, yəni İmam Hüseynin (ə) bilavasitə qəbrinin torpağına aiddir, Kərbəla şəhərinin kənarından yığılan və başqa torpaq qatılan möhürlərdə, eləcə də, əsrlər boyunca məzarın üstünə yığılmış torpaq qatında bunu görmək mümkün deyil).

***

Həzrət Muhəmməd Peyğəbərin (s) aşura hadisəsindən 50 ildən də artıq əvvəl xəbər tutduğunu və nəvəsi Hüseynn (ə) faciəsinə ağladığını o həzrətin digər həyat yoldaşı Ümmül-möminin Aişə xanım da təsdiq etmişdir. Aişə xanımdan rəvayət edilir ki, bir gün Hüseyn ibn Əli (ə) Allahıın Rəsulunun (s) yanında ikən həzrətə vəhy gəldi. Bu zaman Hüseyn (ə) babasının çiyninə çıxıb oynayırdı. Vəhy mələyi Cəbrail soruşdu: “Ey Mühəmməd, bunu (yəni Hüseyni) sevirsənmi?” Peyğəmbər buyurdu: “Ey Cəbrail, necə sevməyə bilərəm? Bu ki mənim balamdır!” Cəbrail söylədi: “Sənin ümmətin səndən sonra onu öldürəcək!” Sonra Cəbrail əlini uzadıb Peyğəmbərə (s) ağ rəngli torpaq verdi, dedi: “Bu övladın bu torpaqda öldürüləcək, buranın adına Taff deyirlər” (Taff Kərbəlanın başqa adıdır). Cəbrail getdikdən sonra Allahın Rəsulu (s) əlində torpağı tutmuş halda ağlayaraq otaqdan çıxdı və Aişə xanıma dedi: “Ey Aişə! Cəbrail mənə xəbər verdi ki, balam Hüseyn Taff torpağında qətlə yetiriləcək, ümmətim məndən sonra fitnəyə düçar olacaq”. Sonra Peyğəmbər (s) səabələrin yanına getdi. Əli, Əbubəkr, Ömər, Hüzeyfə, Əmmar və Əbuzər də onların arasında idilər. Peyğəmbər ağladı. Soruşdular: “Ey Allahın Rəsulu, səni ağladan səbəb nədir?” Cavab verdi: “Cəbrail mənə xəbər verdi ki, balam Hüseyn məndən sonra Taff adlı yerdə öldürüləcək. Cəbrail mənə bu torpağı gətirdi və dedi ki, Hüseynin qətli orada baş verəcək”.

Mənbə:

Təbərani. Əl-Möcəm əl-kəbir, 3-cü cild, səh. 107;

Heysəmi. Məcmə əl-zəvaid, 9-cu cild, səh. 187.


Yerləşdirilib:17 Sentyabr, 2018, Baxılıb:1388, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com