Həzrət Muhəmməd Peyğəmbər (s) İmam Hüseynin (ə) şəhadətinə ağlayırdı

Altıncı hissə

(Əvvəli:  http://az.islam.az/article/a-979.html; http://az.islam.az/article/a-981.html; http://az.islam.az/article/a-984.html; http://az.islam.az/article/a-985.html; http://az.islam.az/article/a-987.html)

Əvvəlki bir neçə məqalədə aşura mərasiminə etiraz edən qüvvələrə cavab olaraq, Qurani-Kərimdən bəzi ayələri və səhih hədisləri nümunə gətirdik. Həm keçmiş peyğəmbərlərin tarixindən, həm də Həzrət Muhəmməd Peyğəmbərin (s) həyatından konkret faktlar gətirməklə sübut etdik ki, özü-özlüyündə ağlamaq qətiyyən yanlış əməl və günah deyil. Müqəddəslərimiz Allahın əzəməti barədə düşünərək və qiyamət gününün dəhşətini təsəvvür edərək ağlamış, müsəlmanlara da bunu tövsiyə etmişlər. Öz yaxınının itkisinə və ölümünə ağlamaq da müqəddəs şəxslərin həyat tarixçəsində rast gəlinən hadisələrdir. Həzrət Yəqub Peyğəmbər (ə) oğlu Yusifin (ə) itkisinə illər uzunu ağlamışdı. Həzrət Muhəmməd Peyğəmbər (ə) öz yaxın qohumlarının (anası, oğlu, əmisi, əmisi oğlu, babası) və səhabələrinin ölümünə kədərlənib göz yaşı tökmüş, nəinki başqalarına ağlamağı qadağan etməmiş, hətta onların da mərsiyə söyləməsini və ağlamasını təşviq etmişdi.

İmam Hüseyn (ə) əzadarlğına gəlincə, bunun əqli dəlillərindən, sosial-psixoloji əsaslarından danışmasaq belə, nəqli dəlillərindən bir neçəsinə toxunsaq, kifayət edər. Aşura mərasiminin keçirilməsini tənqid atəşinə tutanlar “məgər Peyğəmbər bunu etmişdirmi?” kimi əsassız iddialar səsləndirsələr də, tarix onların sözünün tam əksini deyir. Kərbəla faciəsinin ildönümümün qeyd edilməsinə hər yolla mane olmağa çalışan sələfi düşüncəli şəxslərin elə öz mötəbər saydıqları mənbələr buna sübutdur. Aşağıda Həzrət Muhəməd Peyğəmbərin (s) qabaqcadan Kərbəla faciəsindən xəbər tutması və nəvəsi Hüseynin (ə) şəadətinə ağlaması barədə çoxsaylı hədislərdən yalnız bir qismini diqqətinizə çatdırırıq.

***

Həzrət Muhəmməd Peyğəmbərin (s) əmisi Abbasın həyat yoldaşı Ümmül-fəzl rəvayət edir ki, bir gün Allahın Rəsulunun (s) hüzuruna gedib dedim: “Ey Allahın Rəsulu! Gecə çox qəribə bir yuxu gördüm”. Həzrət soruşdu: “Nə yuxu idi?” Dedim: “Amma çox qorxulu (dəhşətli) yuxu idi”. Təkrar soruşdu: “Gördüyün nə idi?” Cavab verdim: “Gördüm ki, Sizin bədəninizdən bir parça qopub mənim ətəyimə düşdü!” Həzrət buyurdu: “Sən yaxşı yuxu görmüsən. İnşaallah, Fatimə bir oğul dünyaya gətirəcək və o uşağı sənin dizinin üstünə (əmizdirməyin üçün) qoyacaqlar”.

Ümmül-fəzl deyir ki, bir müddət sonra Fatimə (ə) Hüseyni (ə) dünyaya gətirdi və Peyğəmbərin buyurduğu kimi, o (Hüseyn), mənim dizimin üstündə qərar tutdu (onu qucağıma alıb əmizdirdim). Bir gün körpə Hüseyni (s) götürüb, Allahın Rəsulunun (s) hüzuruna getdim və uşağı onun qucağına verdim. Bu zaman gördüm ki, Peyğəmbərin gözləri yaşardı. Soruşdum: “Ey Allahın Peyğəmbəri! Atam-anam sənə fəda olsun, sənə nə oldu?” Buyurdu: “Cəbrail yanıma gəlmişdi. Xəbər verdi ki, ümmətim balamı öldürəcək!” Ümmül-fəzl Hüseyni (ə) göstərib soruşdu: “Bunumu?” Peyğəmbər cavab verdi: “Bəli. Cəbrail mənə onun qırmızı torpağından (qətlə yetiriləcəyi və qanına bələnəcəyi torpaqdan) gətirmişdi”.

Bu rəvayət aşağıdakı kitablar da daxil olmaqla çoxlu mənbədə öz əksini tapmışdır:

Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 3-cü cild, səh. 176-177;

Heysəmi. Məcmə əl-zəvaid, 9-cu cild, səh. 179;

Məqtəli-Xarəzmi, 1-ci cild, səh. 159;

İbn Kəsir tarixi, 6-cı cild, səh. 230;

İbn Həsər Heysəmi. Əl-Səvaiq əl-mühriqə, səh. 115;

Müttəqi Hindi. Kənz əl-ümmal, 6-cı cild, səh. 223 və s.

Qeyd edək ki, bu rəvayət əhli-sünnənin hədis meyarları baxımından mötəbər sayılır. Məşhur hədis alimi Hakim Nişaburi hədisi qeyd etdikdən sonra yazır: “Bu hədis iki şeyxin (yəni Buxari ilə Müslimin) meyarları baxımından səhihdir (düzgündür), amma onlar bu hədisi (öz kitablarında) qeyd etməmişlər”.

***

Allahın Rəsulunun (s) xanımlarından biri Ümmül-möminin Ümmi-Sələmə xanım rəvayət edir: “Bir gün Allahın Rəsulu mənim evimdə oturmuşdu. Buyurdu ki, mən icazə verməyincə, heç kim yanıma gəlməsin. Mən çöldə gözləyirdim. Bu zaman Hüseyn içəri daxil oldu. Kənardan həzrətin ağlamaq səsini eşitdim, içəri girib gördüm ki, Hüseyn həzrətin dizləri üstündə oturub, Peyğəmbər onun alnını sığallayıb ağlayır. Dedim: “Allaha and olsun, mən bilmədim ki, o, yanınıza gəlib” (Ümmi-Sələmə xanım Peyğəmbərin heç kimi buraxmamaq tapşırığına görə özünü təqsirkar bilərək bunu demişdi. Əslində, həqiqətən, Hüseynin (ə) gəlişindən xəbəri olmamış və səs eşidib içəri girmişdi). Həzrət buyurdu: “Cəbrail bu otaqda bizimlə birlikdə idi. Məndən soruşdu ki, bunu (yəni Hüseyni) sevirsənmi? Cavab verdim ki, bəli, dünyada ən çox onu sevirəm. Cəbrail buyurdu: “Sənin ümmətin bunu Kərbəla deyilən yerdə qətlə yetirəcək” Cəbrail mənə o yerin torpağından gətirib”. Ümmi-Sələmə xanım deyir ki, sonra Peyğəmbər (s) mənə həmin torpağı göstərdi.

Mənbə:

Heysəmi. Məcmə əl-zəvaid, 9-cu cild, səh. 189;

Təbərani. Əl-Möcəm əl-kəbir, 3-cü cild, səh. 109.

Heysəmi “Məcmə əl-zəvaid” kitabında hədisi təqdim etdikdən sonra yazır: “Bu hədisi Təbərani sənədləri ilə rəvayət etmişdir və sənədlərin birinin bütün raviləri mötəbər (siqə) şəxslərdir”.

(ardı var)


Yerləşdirilib:13 Sentyabr, 2018, Baxılıb:1338, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com