İmam Əlinin (ə) hərəmində dəfn edilmiş azərbaycanlılar

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-990.html)

6. Şeyx Əbülqasim Ordubadi (1857-1915).

7. Şeyx Mühəmməd Əli Ordubadi (1895-1960).

Əbülqasim Ordubadi təqribən 18 yaşına kimi ibtidai təhsilini öz yurdunda alır, sonra Təbrizdə təhsilini davam etdirir. Daha sonra İraqa üz tutaraq, Nəcəf, Samirə və Kazimeyn şəhərlərində oxuyur. O, Fazil İrəvani, Fazil Ərdəkani, Fazil Şərabiyani, “tənbəki fətvası”nın müəllifi Mirzayi-Şirazi kimi böyük alimlərin dərslərində iştirak edir, məşhur arif Molla Hüseynqulu Həmədanidən də bəhrələnir.

Seyyid Mühsin Əmin “Əyan əl-şiə” əsərində yazır ki, Ordubadi Azərbaycanda və Qafqazda mərceyi-təqlidlərdən biri sayılırdı. Bu yerlərin əhalisinin bir hissəsi Ayətullah Maməqaninin və Fazil Şərabiyaninin vəfatından sonra ona təqlid edirdi. O, Həzrət Əli (ə) hərəminin həyətində qılınan camaat namazlarının imamlarından idi.

Ordubadi öz zamanında baş verən ictimai-siyasi proseslərə, dini mühitdə cərəyan edən hadisələrə vaxtında reaksiya göstərməyə çalışırdı. Şimali Azərbaycan sakinləri müxtəlif mövzular barədə ondan fətva tələb edirdilər. Mənbələrdə alimin 52 əsərinin adı çəkilir.

1915-ci ildə Məşhəd səfəri zamanı dünyasını dəyişmiş Ordubadinin cənazəsini bir neçə ildən sonra Nəcəfə apararaq, Həzrət Əlinin (ə) hərəmindəki 22 saylı hücrədə torpağa tapşırdılar. Mərhum Şeyxüş-şəriə İsfahani və Seyyid Hüseyn Qumi, Seyyid Əbülqasim Xoyinin atası da eyni hücrədə dəfn edilmişlər.

Əbülqasim Ordubadinin oğlu Ayətullah Muhəmməd Əli Ğərəvi Ordubadi də öz zamanının böyük alimlərindən sayılırdı. 60 nəfərdən artıq alim ona ictihad və hədis rəvayəti üçün icazə vermişdi.

Ordubadinin tarix və rical elmlərində məharəti dillər əzbəri idi. Tarixi bilikləri, hədislərin sənədini, ravilərin tərcümeyi-halını mükəmməl şəkildə mənimsəmişdi. O, fəsahət və bəlağətdə zəmanənin yeganəsi sayılırdı. Müasirləri deyirdilər ki, onun harada doğulduğunu bilməyən adam nitqini eşitdikdə ərəb olduğunu güman edərdi.

Alim “əl-Ğədir” kitabının yazılmasında Əlla¬mə Əminiyə yaxından köməklik göstərmiş, kitabın redaktə prosesində fəal iştirak etmişdi. Əllamə Əmini onu “şeyximiz” ifadəsi ilə yad edirdi.

Ordubadi Nəcəfdə, Həzrət Əlinin (ə) mübarək hərəmindəki 23 saylı hücrədə torpağa tapşırılmışdır. Ayətullah Mirzə Əli İrəvani də həmin hücrədə dəfn edilmişdir.

8. Seyyid Mir Badkubeyi (vəf. 1940).

Hüccətül-İslam vəl-müslimin Seyyid Mir Badkubeyi Bakının Maştağa kəndindəndir. Onun həyatı haqqında məlumat azdır. Bəzi məlumatlar alimin əsil adının Əbdüləli olduğunu düşünməyə əsas verir; görünür, hörmət əlaməti olaraq ona Seyyid Miri deyə müraciət edirmişlər.

Badkubeyi Nəcəfdə şiə dünyasının böyük mərceyi-təqlidi mərhum Seyyid Əbülhəsən İsfahanidən dərs almışdır. Dərsdə fərqləndiyinə və əxlaqi keyfiyyətlərinə görə Əbülhəsən ağa öz qızı Fatiməni ona ərə vermişdi. Bu şərəfi qazanmaq üçün həm yüksək mənəvi-əxlaqi dəyərlərə, həm də dərin elmə sahib olmaq lazım idi.

Badkubeyi 1940-cı ildə vəfat etmiş, hərəmin əsas qapısından (Bab əl-kəbir) sol tərəfdən birinci hücrədə dəfn edilmişdir. Axund Xorasani, Mirzə Həbibullah Rəşti, Seyyid Əbülhəsən İsfahani və onların oğulları da eyni hücrədə uyuyurlar.

9. Şeyx Mühəmməd Cavad İrəvani (1870-1962).

Nəcəf dini elmlər mərkəzinin başçısı, öz zəmanəsinin məşhur mərceyi-təqlidi, İrəvan əsilli Fazil İrəvani (1817-1888) böyük alimlər nəslinin banisi sayılır. Onun oğlu Şeyx Cavad (Mühəmməd Cavad) İrəvani hicri 1870-ci ildə Nəcəfi-əşrəfdə doğulmuş, atasından, Axund Xorasanidən, Seyyid Yəzdidən (Sahibi-Ürvə), Şeyxüş-şəriə İsfahanidən, Seyyid Əbülhəsən İsfahanidən, eləcə də, öz həmyerliləri Ayətullah Muhəmməd İbrahim Salyani və Seyyid Hüseyn Badkubeyidən dərs almışdı.

Şeyx Cavad İrəvani miladi 1962/63-cü illərdə Nəcəfdə dünyasını dəyişmiş, Həzrət Əlinin (ə) hərəminin şimal-qərb küncündəki 53/1 saylı hücrədə dəfn olunmuşdur.

10. Mirzə Əli İrəvani (1884-1935).

11. Şeyx Sadiq İrəvani (vəf. 1978).

Yuxarıda adı çəkilən Fazil İrəvaninin qardaşı nəvəsi Mirzə Əli İrəvani Nəcəfdə doğulmuş, Seyyid Yəzdi (Sahibi-Ürvə), Axund Xorasanidən, daha sonra Kərbəlada Ayətullah Mirzə Muhəmməd Təqi Şirazidən dərs almışdır.

1920-ci ildə Mirzə Əli İrəvani Nəcəfə qayıdır və dərs deməyə başlayır. Sonralar elm aləmində özünü böyük alim kimi təsdiq etmiş onlarla şəxs İrəvanidən dərs almışdır: Ayətullah Milani, Xoyi, Mərəşi Nəcəfi, Əllamə Təbatəbai, Əllamə Əmininin atası Şeyx Əhməd Əmini və b.

Mirzə Əli İrəvani bir neçə əsər qələmə almışdır, bunlardan üsuli-fiqh mövzusunda yazdığı “Büşral-mühəqqiqin” və “əl-Üsul fi ilmil-üsul” kitabları xüsusilə məşhurdur.

İrəvani 1935-ci ildə Kərbəla şəhərində vəfat etmiş, bir gün sonra cənazəsi Nəcəfə gətirilmişdir. Alimi İmam Əlinin (ə) hərəmində, böyük qapıdan (Bab əl-kəbir) sol tərəfdəki sıra ilə dördüncü hücrədə (23 saylı hücrə) dəfn etmişlər.

Mirzə Əli İrəvaninin Şeyx Əhməd, Şeyx Tahir və Şeyx Sadiq adlı üç qardaşı olmuşdur. Bunların üçü də məşhur xətib idi. Kiçik qardaşı Şeyx Sadiq 1978-ci ildə vəfat edərək, İmam Əlinin (ə) hərəminin həyətində, Fazil Şərabiyaninin məqbərəsinin qarşısında torpağa tapşırılmışdır.

12. Seyyid Mustafa Musəvi Naxçıvani (vəf. 1919).

Seyyid Mustafa 1858-59-cu illərdə Naxçıvanda doğulmuş, ibtidai dini təhsilini vətənində aldıqdan sonra elmini təkmilləşdirmək məqsədi ilə Nəcəf şəhərinə yola düşmüşdür. Naxçıvani Nəcəfdə bir neçə alimdən dərs alır, amma onun əsas müəllimi Şeyx Muhəmməd Həsən Maməqani idi. Naxçıvani Maməqaniyə daha çox bağlanmışdı, onun etibar etdiyi şəxslərdən sayılırdı.

Seyyid Mustafa Naxçıvani 1919-cu ildə vəfat etmiş, Həzrət Əlinin (ə) məzarının arxasında, “Alimlər eyvanı”nın yaxınlığında torpağa tapşırılmışdır.

13. Seyyid Rza Musəvi Lənkərani (1834-1904).

Bu həmyerlimiz haqqında məlumat tapmaq çox çətindir. Ehtimal edirik ki, o, Şeyx Ənsarinin şagirdlərindən olmuşdur. Seyyid Rzanın atasının adı Mühəmməd idi, öz oğluna da atasının şərəfinə eyni adı vermişdi. Məşhur biblioqraf Ağa Büzürg Tehrani “Nüqəbaül-bəşər” kitabında (səh. 770-771) Seyyid Rza Lənkəraninin bir neçə əlyazma əsərinin oğlunda olduğunu qeyd etmişdir.

Lənkərani hicri 1322-ci il aşura günündə (miladi 1904-cü il) Nəcəfdə dünyasını dəyişmiş, hərəmin həyətində Tusi qapısı istiqamətindəki 50 saylı hücrədə torpağa tapşırılmışdır. Hazırda həmin məkan hərəmin kitabxanasının girişi sayılır.


Yerləşdirilib:3 Sentyabr, 2018, Baxılıb:1418, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com