İmam Əlinin (ə) hərəmində dəfn edilmiş azərbaycanlılar

Əsrlərdir ki, digər müqəddəs şəhərlərlə yanaşı, Nəcəf şəhərində, buradakı Vadiyüs-salam məzarlığında torpağa basdırılmaq müsəlmanlar üçün böyük şərəf sayılır. Keçmişdə dünyanın hər yerindən, o cümlədən, Azərbaycandan rəhmətə getmiş şəxslərin cənazəsini (və ya cənazənin qalıqlarını) Nəcəfə aparır, orada dəfn edirdilər.

İmam Əlinin (ə) hərəmində (müqəddəs məzarının ətrafında) özünə əbədi məkan qazanmaq isə cəfəri məzhəbli müsəlmanlar üçün xüsusi şərəfdir. Bu şərəfə yalnız yüksək rütbəli din alimləri, böyük mərceyi-təqlidlər və onların yaxınları layiq görülürlər. Müxtəlif mənbələrdə (o cümlədən, Kazim Əbbud Fətlavinin 2010-cu ildə Nəcəfdə çap olunmuş “İmam Əlinin mübarək hərəminin həyətində dəfn olunmuş məşhurlar” kitabında) bu şərəfə layiq görülmüş 572 nəfərin adı çəkilir. Onların sırasında Cənubi Azərbaycandan olan, Təbrizi, Ərdəbili, Zəncani, Xoyi, Xalxali nisbəli onlarla şəxs vardır. Lakin biz bu məqalədə İmam Əlinin (ə) məqbərəsində dəfn edilmiş yalnız Şimali Azərbaycan əsilli alimlərdən söhbət açacağıq. Bu şəxslərin sayının şəxsi araşdırmamıza əsasən 13 nəfər olduğunu təsbit etdik. Qeyd edək ki, onların hər biri barəsində Natiq Rəhimovun “Azərbaycanın din alimləri” kitabında ətraflı məlumat verilmişdir.

1. Şeyx İbrahim Lənkərani (vəf. 1896).

2. Ayətullah Əbdülğəffar Lənkərani (vəf. 1956).

Ayətullah Şeyx İbrahim Lənkərani əvvəlcə Kərbəlada məşhur müctəhid Fazil Ərdəkanidən dərs almışdır. Ustadının vəfatından sonra o, Kərbəlanı tərk edib Nəcəf şəhərinə köçür. Burada Lənkərani məşhur mərceyi-təqlid, Cənubi Azərbaycan əsilli Fazil Şərabiyaninin (1828-1904) ən sevimli və istedadlı şagirdinə çevrilir. Fazil Şərabiyani Lənkəranini qalan tələbələrdən fərqləndirir və onlara nümunə göstərirdi.

Lənkərani müasirləri arasında xüsusi seçilirdi, hətta ona “dördüncü mühəqqiq” ləqəbini vermişdilər. Alimin şöhrəti o qədər yayılmışdı ki, o zamanlar Nəcəfin elmi mühitində hər kəs Fazil Şərabiyani vəfat etdiyi təqdirdə Lənkəraninin mərceyi-təqlid olacağını gözləyirmiş. Lakin əcəl buna imkan vermədi və Lənkərani öz ustadından əvvəl dünyasını dəyişdi (1896).

Lənkəraninin dəfn və matəm məclislərini Fazil Şərabiyani təşkil etmişdi. Həzrət Əlinin (ə) hərəmində onun imamlıq etdiyi camaat namazlarına isə həmyerlimiz Molla Mühəmməd Əli Naxçıvani başçılıq etməyə başladı.

Şeyx İbrahim Lənkəraninin övladları arasında ortancıl oğlu Şeyx Əbdülğəffar Lənkərani daha çox tanınmışdır. O, son dərəcə təvazökar xasiyyətə malik idi, zahidanə yaşayır, bu üzdən cəmiyyət içinə çox çıxmırdı. Şeyx Əbdülğəffar Lənkərani əvvəlcə Nəcəfdə, daha sonra Kazimeyndə fəaliyyət göstərmiş, 1956-cı ildə vəfat edərək, Həzrət Əlinin (ə) hərəminin qiblə istiqamətindəki hücrələrdən birində, atasının məzarının yanında torpağa tapşırılmışdır.

3. Şeyx Mühəmməd Əli Naxçıvani (1852-1916).

Naxçıvani ilk təhsilini vətənində, daha sonra Təbrizdə alır. 17 yaşında ikən Nəcəfə gedərək, Cənubi Azərbaycan əsilli Fazil İrəvani və Fazil Şərabiyaninin, eləcə də, Mirzə Həbibullah Rəştinin dərslərinə qatılır.

Müasirləri onun haqqında yazırdılar: “O, pak Əhli-beytin, xüsusilə, İmam Hüseyn əleyhissalamın məhəbbətində fani olan kəslərdən idi. Hər gün sübh namazından sonra İmam Hüseynin (ə) müsibətini, aşura günündə onun və ailəsinin başına gələn hadisələri xatırlayıb ucadan ağlayar və nalə edərdi...”

Fazil Şərabiyaninin vəfatından (1904) sonra Mühəmməd Əli Naxçıvani mərceyi-təqlid kimi tanınmağa başladı, Qafqaz və Azərbaycan müsəlmanlarının bir hissəsi ona təqlid edirdi. O, Nəcəfdə Həzrət Əlinin (ə) mübarək hərəmində, qiblə qapısının yanında qılınan camaat namazlarına imamlıq edirdi.

Ayətullah Mühəmməd Əli Naxçıvani 1916-cı ildə Kərbəla şəhərində vəfat etmiş, cənazəsi Nəcəfə gətirilərək, Həzrət Əlinin (ə) məqbərəsinin kənarında, İmran məscidinə bitişik hücrələrin birində torpağa tapşırılmışdır.

4. Ayətullah Mühəmməd Hüseyn Naxçıvani İsfahani Ğərəvi Kompani (1878-1942).

Alimin ulu babası Hacı Mühəmməd İsmayıl Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə keçmiş Naxçıvanı tərk edib İrana köçmüşdü. O, əvvəlcə Təbriz şəhərinə gəlir, sonra İsfahanda məskunlaşır. Ailə daha sonra İraqın Kazimeyn şəhərinə üz tutur. Alimin atası tacir idi, Bağdad-Kazimeyn dəmiryolunu çəkən şirkətə rəhbərlik edirdi; bu üzdən onu “Kompani” ləqəbi ilə çağırırdılar.

Mühəmməd Hüseyn təqribən 18 yaşında ikən Nəcəfi-əşrəfə gedib, böyük alimlərdən dərs alır, xüsusilə, Axund Xorasanidən 13 il ərzində bəhrələnir.

Naxçıvani dini elmlərin bütün sahələrində misilsiz bacarıq sahibi idi. Həm fiqh və üsuli-fiqh, həm də fəlsəfə və hikmət dərsləri verirdi. İbadətdə, irfan və təqvada çox uca məqama sahib idi. Tələbəsi Ayətullah Behcət xatırlayırdı ki, onun şəxsiyyətində elm və irfan bərabər şəkildə cəmlənmişdi. Alimin elmi fəaliyyətini izləyənlər elə güman edirdilər ki, gecə-gündüz oxuyub-yazmaqdan, dərs deməkdən başı ayılmaz. Amma onun irfan dünyasından, ibadətindən xəbərdar olanlar elə təsəvvür edirdilər ki, bu adam ibadətdən savayı heç nəyə vaxt tapa bilməz. Naxçıvani ömrünün sonuna kimi hər gün min dəfə Qədr surəsini zikr edir, hər gün İmam Əlinin (ə) hərəmində Ziyarəti-Aşura oxuyurdu. Alimin şeir divanı onun böyük istedadından xəbər verir.

Mənbələrdə onun 150-dən artıq tələbəsinin adı çəkilir. Ayətullah Hüccət, Birucerdi, Milani, Xoyi, Behcət, Əllamə Təbatəbai, Əllamə Əmini, həmyerlimiz Mühəmməd Əli Ordubadi bu böyük alimdən dərs almışlar.

Ayətullah Naxçıvani 1942-ci ildə rəhmətə getmiş, İmam Əli (ə) hərəminin qızıl eyvanının altında, şimal minarəsinin yanındakı kiçik hücrədə, Əllamə Hillinin məzarının yanında torpağa tapşırılmışdır.

5. Ayətullah Mühəmməd İbrahim Salyani (vəf. 1924).

Tarixin unutqanlığına məruz qalmış alimlərdən biri də mərhum Ayətullah Mühəmməd İbrahim Salyani Ğərəvidir. Ehtimala görə, o, 1880-ci illərdə anadan olmuşdur, atasının adı Rza imiş.

Salyani Nəcəfdə əvvəlcə Seyyid Hüseyn Kuhkəmərinin, sonra Fazil İrəvaninin, daha sonralar Ayətullah Rəşti, Xəlili və Maməqaninin dərslərinə qatılır.

Salyani Azərbaycan müsəlmanlarının bir hissəsinin mərceyi-təqlidi idi. O, azərbaycanlı dostlarına ünvanladığı məktubların birində yazırdı: “Xəbəriniz olsun ki, Salyan, bütün Şirvan, Kür və Arazətrafı məntəqələrin əhalisi bən¬dənin müqəllidi olub¬lar. Həmin məntəqələrə çoxlu risalə göndərilib... Allah-təala öz lütfü ilə bütün Salyan, onun kəndləri, Şirvan, Muğan, Navahı, xüsusilə, Bakı, Quba və ətraf kəndlərin əhalisinin qəlbini mənə tərəf yönəltdi. Hamısı mənim müqəllidim oldular”.

Salyani İmam Əlinin (ə) hərəminin eyvanında qılınan camaat namazına imamlıq edirdi. O, həm də gözəl şeir təbinə malik idi. Ayətullahül-üzma Seyyid Mühəmməd Hadi Milaniyə və Fazil İrəvaninin oğlu Şeyx Mühəmməd Cavad İrəvaniyə dərs demişdi.

Alim 1924-cü ildə Nəcəf şəhərində dünyasını dəyişmiş, hərəmin həyətində, şimal tərəfdəki hücrələrdən birində torpağa tapşırılmışdır.


Yerləşdirilib:30 Avqust, 2018, Baxılıb:1294, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com