Bütöv Quranın məğzi bu ayədə toplanıb

Fatihə surəsinin təfsiri silsiləsindən

Bismillahir-Rəhmanir-Rəhim

Tarix boyunca Fatihə surəsinin təfsiri istiqamətində xeyli işlər görülmüşdür. Müxtəlif alimlərin surəyə yazdığı təfsirlərin həcmi bir neçə səhifədən bir neçə yüz səhifəyə kimi dəyişir. Nümunə üçün qeyd edək ki, аyətullah Cavadi Amulinin qələmə aldığı “Təsnim” təfsirində Fatihəyə həsr edilmiş bölüm 350 səhifəyə yaxındır.

Təbiidir ki, məsumların nəinki bütöv Fatihə surəsi, hətta bircə “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi barədə bilikləri bundan qat-qat artıq idi. Bir gecə İmam Əli (ə) öz əmisi oğlu, yaxın səhabəsi və mahir Quran bilicisi Abdullah ibn Abbasın əlindən tutub qəbristanlığa apardı və Qurandan bir ayə oxumasını istədi. İbn Abbas “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini oxudu. Bundan sonra İmam Əli (ə) “Bismillah”ın əvvəlindəki “ba” hərfinin mənasını sübh açılıncaya kimi təfsir etdi (Ayətullah Reyşəhri. Movsuətül-İmam Əli ibn Əbitalib, 10-cu cild, səh. 55).

İbn Abbasdan nəql edilən başqa bir rəvayətdə deyilir ki, gecələrin birində İmam Əli (ə) onunla birlikdə şəhər kənarına çıxmış, “əl-həmd” sözündəki 5 hərfin (əlif, lam, ha, mim və dal) hərəsinin təfsiri barədə bir saat danışmışdı. Sübh açılana kimi davam etmiş bu dərsdən sonra İbn Abbas deyirdi ki, Əlinin (ə) elmi ilə müqayisədə öz elmimin dərya kənarındakı gölməçə boyda olduğunu anladım (Nəbhani. Əl-Şərəf əl-müəbbəd li-Al-Mühəmməd, səh. 58).

İmam Əli (ə) bu ayənin tükənməz mənalarına işarə edərək buyurmuşdur: “Əgər istəsəm, “Bismillah”ın əvvəlindəki “ba” hərfinin mənalarını 70 dəvə уükü qədər incələyərəm” (Şeyx Süleyman Qunduzi Hənəfi. Yənabiül-məvəddə, 1-ci cild, səh. 205 və 3-cü cild, səh. 209).

Hənəfi alimi Şeyx Süleyman Qunduzi “əl-Yənabiül-məvəddə” kitabında “əl-Dürrül-münəzzəm” əsərinə istinadən yazır: “Bil ki, bütün səmavi kitabların sirri Qurandadır. Quranda olanların hamısı Fatihədədir. Fatihədə olanların hamısı “bismillah”dadır. “Bismillah”da olanların hamısı onun “ba” hərfindədir. “Bismillah”ın “ba”sındakı hər şey isə onun altındakı nöqtədədir. İmam Əli (ə) də buyurub: “Mən “ba”nın altındakı nöqtəyəm” (Şeyx Süleyman Qunduzi Hənəfi. Əl-Yənabiül-məvəddə, 1-ci cild, səh. 213).

İmamın (ə) həqiqətən bu sözü söyləməsi tam sübuta yetməmişdir və bu kəlam hədis alimləri tərəfindən o qədər də mötəbər qəbul edilmir. Çünki İmam Əli (ə) zamanında ərəb hərflərinə, o cümlədən, Quran yazısına nöqtə və hərəkə qoyulmadığı məlumdur. Lakin hədisin səhihliyini fərz etsək, ona belə bir şərh verə bilərik: “Ba” hərfinin nöqtəsi onu başqa hərflərdən fərqləndirir və ona mahiyyət verir. Əgər bu nöqtə olmasa, “ba” hərfi tanınmaz və heç bir məna daşımaz. Həmçinin, ümumilikdə nöqtə dərin fəlsəfi mənaya malikdir. Çünki bütün fiqurlar, yazılar nöqtədən başlayır və nöqtələrdən təşkil olunur.

Qurani-Kərimin bütün surələrinin əvvəlində (yalnız Tövbə surəsindən başqa) “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi vardır. Hədislərdən belə anlaşılır ki, Qurandan əvvəl göndərilmiş müqəddəs kitablar da bu ayə ilə (yaxud buna uyğun məna daşıyan cümlə ilə) açılırmış. İmam Mühəmməd Baqirin (ə) aşağıdakı kəlamı də hə¬min fikri təsdiqləyir: “Bütün səmavi kitabların əvvəli “Bismillahir-Rəhmanir-Rəhim”dir (Şeyx Küleyni. Əl-Kafi, Namaz kitabı, Quran qiraəti babı, hədis 3).

Quran ayələrindən məlum olur ki, keçmiş peyğəmbərlər də hər bir mühüm işə “bismillah”la başlayırdılar. Həzrət Nuh (ə) öz tərəfdarlarına tapşırmışdı ki, tufandan qabaq gəmiyə minərkən Allahın adını (“bismillah”) çəksinlər (Hud surəsi, ayə 41). Həzrət Süleyman (ə) da Səbə hökmdarı Bilqeysə məktubunu “Bismillahir-Rəhmanir-Rəhim”lə başlamışdı (Nəml surəsi, ayə 30).

Müsəlman şəxs hər işini “bismillah”la başlasa, o iş bərəkətli və xeyirli olar. İmam Əli (ə) buyurmuşdur: “Allahın bəndəsi dua oxumaq yaxud hər hansı işə başlamaq istəyərsə, “bismillah” deyər, bununla söyləmək istəyər ki, bu işi Allah xatirinə yerinə yetirir. Hər kim “Bismillahir- Rəhmanir-Rəhim”lə işə başlasa, о iş bərəkətli və uğurlu olar” (İmam Əskərinin (ə) təfsirindən).

Hədislərdə yemək yeyərkən, səfərə çıxarkən, övlad sahibi olmağa hazırlaşarkan, məscidə və evə daxil olarkən, qurban kəsərkən və s. hallarda “Bismillahir-Rəhmanir-Rəhim” deyilməsi çox təkid edilmişdir. Bu cümlə Allahla bəndə arasındakı əlaqə “qapı”sının kilidinə açardır. “Bismillahir-Rəhmanir-Rəhim” ayəsi Allahın diqqət və rəğbətini bəndənin oxuduğu duaya və etdiyi əmələ doğru yönəldir. “Bismillah” Allaha xatir edilən hər bir hərəkətin qəbula yetişməsinə zəmanətdir. Axı, mömin şəxslərin şüarı budur: “Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Al¬lah üçündür” (Ənam surəsi, ayə 162).


Yerləşdirilib:25 Avqust, 2018, Baxılıb:1406, Çap
 

Son şərhlər : 2
Müəllif: Rauf | 19 Sentyabr, 2018  20:17
# Ответить
0


]]>]]>

Salam
"övlad sahibi olmağa hazırlaşarkan, məscidə və evə daxil olarkən, qurban kəsərkən və s. hallarda “Bismillahir-Rəhmanir-Rəhim” deyilməsi çox təkid edilmişdir."

Burada "övlad sahibi olmağa hazırlaşarkan" ifadəsi valideyinlərin övlad sahibi olmaq razılığına gəlidikləri an yoxsa ananın dünyaya uşaq gətirməyə hazırlaşdığı vaxt nəzərdə tututlur?
Müəllif: Adil | 21 Sentyabr, 2018  21:16
# Ответить
-1


]]>]]>

Salam. Cinsi əlaqədən əvvəl
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com