Hər gün azı on dəfə oxumalı olduğumuz surə

Hədislərdə Fatihə surəsi bütün Quranın üçdən-ikisinə bərabər tutulub. Peyğəmbərimiz (s) buyurmuşdur ki, hər kim Fatihə surəsini oxusa, Quranın üçdən-iki hissəsini tilavət etmiş qədər savab qazanar (“Təfsiri-nümunə”).

Fatihə surəsinin fəziləti haqqnda İmam Cəfər Sadiq (a) belə buyurub: “İblis 4 dəfə fəryad edib: ona Allah tərəfindən lənət elan olunduğu gün, behiştdən kənara atıldığı gün, Həzrət Muhəmməd (s) peyğəmbərliyə təyin edildiyi gün və Ümmül-Kitab nazil olduğu gün” (“Nurüs-səqəleyn” təfsiri, Fatihə, hədis 3).

İmam Həsən (a) rəvayət edib ki, bir yəhudi alimi Həzrət Muhəm¬məd Peyğəmbərin (s) yanına gəlib ona sualları olduğunu söylədi. Yəhudi soruşdu: “O hansı yeddi xüsusiyyətdir ki, Allah yalnız sənə əta edib, keçmiş peyğəmbərlərə yox və yalnız sənin ümmətinə əta edib, keçmiş peyğəmbərlərin ümmətinə yox?” Peyğəmbər (s) həmin yeddi sifəti bir-bir saydı, sifətlərdən birini belə izah etdi: “Allah mənə Fatihətül-Kitab əta edib”. Yəhudi təsdiq etdi: “Bəli, ya Muhəmməd, düz dedin! Bəs, Fatihəni oxuyanın savabı nədir?” Peyğəmbər (s) buyurdu: “Kim Fatihəni oxusa, Allah ona bütün nazil olmuş ayələri oxuyan şəxsin savabı qədər savab verər” (“Nurüs-səqəleyn” təfsiri, Fatihə, hədis 4).

Hədisi-qüdsidə buyurulur ki, Allah-Taala Həzrət Muhəmməd Peyğəmbərə (s) vəhy etdi: “Mən sənin ümmətinə öz ərşimdəki xəzinələrdən bir xəzinə – Fatihətül-Kitab əta etdim!” (yux. mənbə, hədis 5).

İmam Cəfər Sadiq (a) Fatihə surəsinin möcüzəvi xüsusiyyətlərini bu cür vəsf edirdi: “Əgər meyitə yetmiş dəfə Həmd surəsi oxunsa və meyitin ruhu qayıdıb dirilsə, təəccüb etmərəm!” (yux. mənbə, hədis 8).

Bir gun İmam Cəfər Sadiq (a) Əbu Hənifədən soruşdu: “O hansı surədir ki, əvvəli həmd, ortası ixlas, sonu duadan ibarətdir?” Əbu Hənifə cavab verə bilmadi. Onda İmam özü sualın cavabını buyurdu: “Bu, Fatihə surəsidir” (“Təfsiri Əyyaşi”, 1-ci cild, səh. 19, hədis 2).

Fatihə surəsi 7 ayədən iba¬rətdir. Bir dəfə Məkkədə, bir dəfə də Mədinədə nazil olub. Bu, iki dəfə nazil olmuş yeganə surədir. Elə iki dəfə nazil olması faktı Fatihənin Allah yanında nə qədər dəyərli olduğunu sübut edir.

Allah-Taala bütün müsəlmanlara gündə ən azı 10 dəfə Fatihə surəsini oxumağı əmr edib. Çünki hər bir müsəlmana vacib olan gündəlik beş namazın hər birinin birinci və ikinci rükətlərində mütləq Fatihə surəsi oxunmalıdır. Beləliklə, gündə üst-üstə 10 dəfə bu surəni təkrar etmək vacibdir. Həmçinin, məsumların hədislərində təkrar edilib ki, namazda Fatihəni kor-koranə oxumaq olmaz; qiraət zamanı surənin mənasi barədə düşünmək və ayələrin məna aləminə baş vurmaq lazımdır.

Ərəb dilində “Fatihətül-Kitab” - “kitabı açan, kitabı başlayan” mənasını bildirir. Surəyə ona görə bu ad verilib ki, o, ardıcıllıq baxımından Quranın birinci surəsidir və Müqəddəs Kitab onunla açılır.

Fatihənin daha bir neçə adı vardır. Məsələn, Həmd, Səbül-məsani, Ümmül-Kitab, Şafiyə, Kafiyə və s.

“Həmd” adlandırılmasının səbəbi, surənin “əl-Həmdü lillah” kəlmələri ilə başlamasıdır.

“Şafiyə” (şəfa verici) adı bu surə¬nin mənəvi xəstəlikləri islah etməsinə görə verilib. Çünki hər kim bu surədə vəsf olunan Allaha sidq ürəklə iman gətirsə va Onu surədə xatırlanan sifətlərin sahibi kimi qəbul etsə, günahlardan çəkinər və bu şəxsin ruhundakı eybəcərliklər, nöqsanlar aradan gedər.

İnsanın mənəvi təkamülü üçün daşıdığı bu böyük faydaya görə surəyə həm də “Kafiyə” (kifayət edən, bəs edən) adını vermişlər.

Ərəb dilində “ümm” (ana) kəlməsi “cəmləşdirən, əhatə edən” mənasını verir. Ümm adlanan əşya başqa əşyalar üçün mənbə, məcmuə rolunu oynayır. Fatihə surəsi də bütün Quranın məqsəd və möhtəviyyatını əhatə etdiyi üçün ona Ümmül-Kitab deyirlər. Bu surə sanki Qurani-Kərimin yığcam variantıdır. Allah bütün Quran mətnində çatdırmaq istədiyi mətləbləri yığcam şəkildə Fatihənin daxilində yerləşdirmişdir.

Surənin Səbül-məsani (qoşa yeddilik) adlanmasının səbəblərini isə müxtəlif cür izah etmişlər. Bəzilərinin fikrincə, 7 ayədən ibarət surə iki dəfə (Мəkkə və Mədinədə) nazil olduğu üçün ona bu adı vermişlər. Bəziləri bu surənin hər namazda mütləq iki dəfə (birinci və ikinci rükətlərdə) oxunduğunu əldə əsas tutmuşlar. Bəzilərin isə bu nüansa diqqət çəkirlər ki, surədəki 7 kəlmənin hərəsi iki dəfə təkrar olunub: “Allah”, “Rəhman”, “Rəhim”, “iyyakə”, “və’, “sırat”, “əleyhim”. Onların fikrincə, elə buna görə surə “qoşa yeddilik” adlandırılır.



Yerləşdirilib:18 Avqust, 2018, Baxılıb:1723, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com