İmam Muhəmməd Təqidən (ə) ibrətli hədislər

(şəhadətinin ildönümü münasibəti ilə)

“Üç xasiyyət bəndəni Allahın razılığına qovuşdurar: çoxlu istiğfar etmək (günahlarının bağışlanmasını istəmək), təvazökarlıq və çoxlu sədəqə vermək”.

“Allahın elə bəndələri vardır ki, Öz nemətlərini onlara verib və onlarla şərt kəsib ki, bu nemətləri ehtiyaclılara paylasınlar. Əgər bu şərtdən boyun qaçırsalar, Allah nemətləri onlardan alar və başqalarına ötürər”.

“Dostlarla qısa da olsa görüşmək ağlı çiçəkləndirər və barlandırar”.

“Günah üzündən olan ölümlər əcəllə baş verən ölümlərdən daha çoxdur. Yaxşılıqlara görə uzun yaşamaq halları da təbii ömürlə yaşamaq hallarından daha çoxdur”.

“Pis adamlarla yoldaşlıq etmə. Onlar qılınc kimidirlər, görünüşləri gözəl olsa da, təsirləri xoşagəlməzdir”.

Bir nəfər İmam Təqidən (ə) nəsihət istədi. İmam (ə) soruşdu: “Nəsihətə əməl edəcəksənmi?” Həmin şəxs müsbət cavab verəndə İmam (ə) buyurdu: “Səbri öz başının altında yastıq et, fəqirliyi qucaqla, ləzzətləri tərk et, nəfsinin istəklərinə arxa çevir. Bil ki, Allahın nəzarətindən qaça bilməzsən. Elə isə, nə halda olduğuna nəzər sal”.

“Bu üç xasiyyət hər kimdə varsa, peşman olmaz: tələskənlikdən uzaq durmaq, məşvərət etmək və qərar verərkən Allaha təvəkkül etmək”.

“Cahillər sussalar, camaat ikitirəliyə düçar olmaz”.

“Hər kim mömin qardaşının qəbrini ziyarət etsə, məzarın yanında üzü qibləyə sarı oturub əlini qəbrin üzərinə qoysa və yeddi dəfə “Qədr” surəsini oxusa, böyük dəhşətdən (qiyamət gününün dəhşətindən) amanda qalar”.

“Tövbəni təxirə salmaq aldanmaq deməkdir” (yəni insanın özünü aldatmasıdır).

“Bəndələrin şükrü kəsilməyincə Allah tərəfindən nemətlərin artımı kəsilməz”.

“Cahillər çox olduqları üçün alimlər qəribdirlər”.

“Allahın himayə etdiyi şəxs məhv olarmı? Allahın axtardığı şəxs qaçıb xilas olarmı? Hər kim Allahdan başqasına üz tutsa, Allah onun işlərini həmin adamın ixtiyarına buraxar”.

“Kim elmsiz əməl etsə, ziyanı xeyrindən çox olar”.

“Açıqda Allahın dostu, gizlində Allahın düşməni olma!” (yəni riyakarlıq etmə).

“Zülmdən xəbər tutan, ona yardım göstərən və ondan razı qalan (zalımla birlikdə zülmə) şərikdirlər”.

“Bir kəsin faydasını görmədən ona arxayın olan adam özünü təhlükəyə atmış olar və işinin sonu qəzəblə nəticələnər”.

“Allah-Taalaya sarı qəlb ilə yönəlmək bədən üzvlərini yormaqdan daha yaxşıdır”.

“Kim məclisin aşağı başında oturmağa razı olsa, o yerdən qalxana kimi Allah və mələkləri ona salam və salavat söyləyərlər”.

“Üç xasiyyətin sayəsində insanların məhəbbətini qazanmaq olar: davranışda insafa riayət etmək, başqasının dərdinə şərik olmaq və sağlam (pak) qəlbə yiyələnmək”.

“Tövbə dörd sütun üzərində durub: ürəkdən peşman olmaq, dil ilə istiğfar etmək, bədən üzvləri ilə (yəni əməldə) bunu göstərmək və bir daha təkrar etməməyi qərara almaq”.

“Bəndə öz dinini (imanını) şəhvətinə (nəfsani istəklərinə) hakim etməyincə imanın həqiqətini duymaz”.

Bir nəfər İmam Təqiyə (ə) yazdı: “Mənə elə şeylər (dualar) öyrədin ki, onları söyləməklə həm dünya, həm də axirətdə sizinlə yanaşı olum”. İmam (ə) ona cavab yazdı: “Qədr” surəsini çox oxu və dodaqlarını istiğfarla islat” (yəni çox istiğfar et).

“Dini məhv edən amillər arasında bidətdən, insanı korlayan amillər arasında tamahdan daha güclüsü yoxdur”.

(hədislər “Biharül-ənvar” kitabından və digər mənbələrdəndir)


Yerləşdirilib:9 Avqust, 2018, Baxılıb:1463, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com