Peyğəmbər (s) öz yaxın qohumlarının ölümünə ağlamışdı

Dördüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-979.html; http://az.islam.az/article/a-981.html; http://az.islam.az/article/a-984.html)

Hicri 8-ci (miladi 629-cu) ildə üç minlik qoşunla Şam vilayətinə yürüş etmiş və Bizans imperiyasının 200 minlik ordusu ilə qeyri-bərabər döyüşdə şəhid olmuş Cəfəri-təyyar üçün də Peyğəmbərimiz (s) ağlamışdır. Cəfər o həzrətin əmisi oğlu və İmam Əlinin (ə) böyük qardaşı idi. Mötə savaşı adlanan bu yürüşdə Cəfərin iki qolunu kəsərək şəhid etmişdilər. Bu xəbər Allahın Rəsuluna (s) çatanda göz yaşları tökmüş, Cəfərin ailəsini ziyarət etmiş, uşaqlarını bağrına basaraq əzizləmişdi. O həzrət, iki qolu kəsilmiş Cəfərə Allah tərəfindən behiştdə qoşa qanad verildiyini buyurmaqla şəhidin uca məqamını dilə gətirmişdi. Buna görə Cəfər dini mətnlərdə “təyyar”, yəni “qanad çalan, uçan” ləqəbi ilə xatırlanır.

Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) özü Cəfər üçün ağlamaqla kifayətlənməmiş, ətrafındakılara da bunu tapşırmışdı. Həzrət buyurmuşdur: “Cəfər kimi birisi üçün ağıdeyənlər (ağlayanlar) ağlamalıdırlar”. Peyğəmbərin bu sözləri aşağıdakı mənbələrdə öz əksini tapmışdır:

İbn Əbd əl-birr. Əl-İstiab fi əsma əl-əshab, 1-ci cild, səh. 150;

İbn əl-Əsir. Üsüd əl-ğabə, 1-ci cild, səh. 289;

Bəlazuri. Ənsab əl-əşraf, 2-ci cild, səh. 298;

Sibt İbn əl-Covzi. Mirat əl-zəman, 3-cü cild, səh. 209;

Mühibbəddin Təbəri. Zəxair əl-üqba, səh. 362 və s.

Hədislərdən məlum olur ki, Cəfəri-təyyar üçün Peyğəmbərin hüzurunda Fatimeyi-Zəhra (ə) da ağlamış, “vay əmi” deyə ağı söyləmişdir. Bu sözü iki şəkildə şərh edə bilərik. Birinci izaha görə, Cəfəri-təyyar Həzrət Zəhranın (ə) atasının əmisi oğlu idi, Fatimədən (ə) təxminən 25 yaş böyük idi. Xanım Zəhranın (ə) ona öz əmisi kimi baxması və ağı deyərkən “əmi” adlandırması təbiidir. İkinci ehtimala görə, bununla Həzrət Fatimə (ə) sanki Cəfəri-təyyarın atası Əbutalibi bu müsibətə şahid çağırırdı (Həzrət Zəhranın (ə) öz atasının əmisini “əmi” çağırması normaldır). Ərəb ənənəsinə görə, bir şəxsin müsibəti zamanı onun dünyasını dəyişmiş yaxınlarını yad edib, adını çəkərlər. Necə ki, Kərbəla faciəsində çadırlar qarət edilən zaman qadınlar və uşaqlar Peyğəmbərin (s), Həzrət Əlinin (ə) adlarını çəkir, onları köməyə və şahidliyə çağırırdılar.

Qeyd etmək yerinə düşər ki, Allahın Rəsulu (s) əziz babası Əbdülmüttəlibin vəfatına da üzülmüş və ağlamışdı. O zamanlar təxminən 8 yaşında olan Həzrət Mühəmmədin (s) üzüntüsü barəsində Sibt ibn Covzi Ümmi-Eymənə istinadən yazır: “Allahın Rəsulunu (s) gördüm ki, Əbdülmüttəlibin cənazəsinin ardınca gedir və ağlayırdı” (Təzkirət əl-xəvass, səh. 7). Ümmi-Eymən Peyğəmbərin (s) anası Aminə xatunun xidmətçisi və həzrətin dayəsi idi, Peyğəmbərin (s) uşaqlıq illəri bu təqvalı qadının əhatəsində keçmişdi.

Peyğəmbərimiz (s) öz anası Aminə xatunun da vəfatını kədərlə xatırlayırdı. Anasının məzarı üstə ağlaması tarix kitablarında məşhurdur. Aminə xatun o həzrətin təxminən 6 yaşı varkən Mədinədən Məkkəyə qayıtdığı zaman yolda, Əbva adlı məntəqədə dünyasını dəyişmiş və orada torpağa tapşırılmışdı. Çox-çox sonralar Peyğəmbər (s) Məkkə ilə Mədinə arasında həmin kənddən keçərkən anasının qəbri üstünə gəlmiş, orada göz yaşı tökmüş, bu hərəkəti ilə ərafdakıları da riqqətə gətirmişdi. Məşhur əhli-sünnə məzhəbli hədis alimi Hakim Nişaburi yazır: “Əbu Hüreyrə dedi ki, Allahın Rəsulu (s) anasının qəbrini ziyarət edib ağladı, yanındakıları da ağlatdı” (əl-Müstədrək əla-l-Səhiheyn, 1-ci cild, səh. 375; Zəxair əl-üqba, səh. 431).

Əbutalibin həyat yoldaşı, İmam Əlinin (ə) anası Fatimə bint Əsəd Allahın Rəsuluna (s) ana kimi əziz idi. Peyğəmbərimiz (ə) anasını və babasını itirdikdən sonra Əbutalibin himayəsi altında böyümüş, Fatimə bint Əsəd ona analıq etmişdi. İslam dini bərqərar olduqdan sonra Mədinədə Fatimə bint Əsəd dünyasını dəyişdikdə Allahın Elçisi (s) doğma anasını itirmiş kimi kədərlənmiş və bu təqvalı qadının axirət hesabını yüngülləşdirmək üçün əlindən gələni etmişdi. Belə ki, öz köynəyini kəfən əvəzi olaraq göndərmiş və qəbir əzabından xilas olması üçün Fatiməni bu köynəklə kəfənləməyi tapşırmışdı. Qazılmış qəbrə birinci olaraq Həzrət Peyğəmbər (s) özü uzanmış, dualar etmiş və səbəbini soruanlara bununla Fatimədən qəbir əzabını uzaqlaşdırmaq istədiyini buyurmuşdu. Mənbələr xəbər verir ki, Fatimə bint Əsədin dəfnində Peyğəmbər (s) dərin hüzn içində ağlamışdı: “Peyğəmbər ona (onun cənazəsinə) namaz qıldı, sonra qəbrinin içinə uzanıb ağladı və dedi: “Allah Ümmi-Xeyrə (Fatimə bint Əsədin künyəsidir) yaxşı əvəz versin; o, mənə yaxşı ana oldu” (Zəxair əl-üqba, səh. 107).


Yerləşdirilib:3 Avqust, 2018, Baxılıb:1529, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com