Həzrət Muhəmməd peyğəmbər (s) kimlərin ölümünə ağlayib?

Üçüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-979.html; http://az.islam.az/article/a-981.html)

Məqalənin ötən bölümlərində bəzi cahil şəxslərin iddia etdiyi kimi, ağlamağın heç də günah olmadığını və bidət sayılmadığını açıqladıq, hətta bəzi hallarda dini mətnlərdə ağlamağın müsbət keyfiyyət kimi vurğulandığını qeyd etdik. Həmçinin, Qurani-Kərim ayələrinə əsasən, keçmiş peyğəmbərlərin də ağladıqlarını xatırlatdıq. Növbəti mərhələdə Allahın Rəsulu Həzrət Muhəmməd Peyğəmbərin (s) həyatından misallar verməklə, o həzrətin də dünyasını dəyişmiş şəxslərdən ötrü ağlamış olduğunu oxucuların diqqətinə çatdırırıq. Allah-Taala Öz Peyğəmbərini (s) bizə “gözəl nümunə” (üsvət əl-həsənə) kimi təqdim edir, özümüzü ona bənzətməyi, əməllərimizi o həzrətin əməlləri ilə ölçməyi tapşırır. Əgər Allahın Rəsulu (s) istər faciəvi, istərsə də adi şəkildə dünyasını dəyişmiş şəxslərdən ötrü ağlamışsa, onlara matəm tutmuşsa, deməli, müsəlmanların da din böyüklərinə matəm tutmalarında, onların faciəsinə ağlamalarında günah yoxdur. Əksinə, onlar Peyğəmbərin (s) sünnəsinə əməl etməklə savab qazanmış olurlar. Bu kimi əməlləri bidət adlandırmaq isə əsl cahillikdir. Çünki bunu iddia edən şəxs Peyğəmbərin (s) özünü bidətdə günahlandırmış olur...

***

Tarixi mənbələrdən məlum olur ki, Allahın Rəsulu Həzrət Muhəmməd Peyğəmbər (s) də dünyasını dəyişmiş şəxslərdən ötrü ağlamışdır. Allahın Elçisi (s) öz anası, oğlu, əmisi, əmisi oğlu, babası və səhabələri üçün göz yaşı tökmüşdür. Peyğəmbərin (s) həyat tarixindən bəhs edən siyrə kitablarlında bu barədə xeyli məlumatlar mövcuddur. Özü də bu məlumatlara dünyasını dəyişmiş şəxslərdən ötrü ağlamağı və matəm tutmağı bidət sayan radikal düşüncəli cərəyanların mötəbər saydığı kitablarda rast gəlirik.

Hicrətin 3-cü ilində (miladi 625-ci il) baş vermiş Ühüd savaşında Peyğəmbərin (s) şücaətli əmisi Həmzə ibn Əbdülmüttəlib fasiəli şəkildə şəhid oldu. Müşriklər onun cansız bədənindən də intiqam aldılar. Əbu Süfyanın arvadı, Müaviyənin anası və Yezidin nənəsi olan Hind qəzəbdən vəhşiləşmiş halda Həmzənin köksünü yarıb ciyərini çıxardı və dişləri ilə çeynədi. Həmzənin cənazəsini  müslə etdilər, yəni burnunu və qulağını kəsməklə təhqir etdilər. Allahın Rəsulu (s) döyüşdən sonra əmisinin cənazəsini ziyarət etdi və onun halını görüncə ağlamağa başladı. Bu hadisə mənbələrdə bu şəkildə təsvir edilir:

“Peyğəmbər (s) Həmzənin ödürüldüyünü görəndə ağladı, onun bədəninin doğrandığını (müslə edildiyini) görəndə fəryad etdi” (“Zəxair əl-üqba” kitabında Cabir ibn Abdullaha istinadən rəvayət edilir).

Abdullah ibn Məsud deyirdi ki, biz heç zaman Peyğəmbərin (s) Həmzə üçün ağlamasından daha şiddətli tərzdə ağladığını görmədik. O həzrət, cənazəni qibləyə sarı çəkdirdi, sonra cənazənin yanında durub huşunu itirincəyə kimi ağladı. Həzrət ağlaya-ağlaya deyirdi: “Ey Allahın Rəsulunun əmisi! Ey Həmzə, ey Allahın aslanı! Ey Allahın Rəsulunun aslanı! Ey Həmzə, ey xeyir işlər sahibi! Ey Həmzə, ey qəm-qüssəni aradan aparan! Ey Həmzə, ey Allah Rəsulunun müdafiəçisi!” (Əl-Siyrət əl-Hələbiyyə, 1-ci cild, səh. 323; Zəxair əl-üqba, səh. 308).

Peyğəmbərimiz (s) özü Həmzə üçün ağlamaqla yanaşı, başqalarına da bunu tövsiyə etmişdi. Xüsusilə, ənsar qadınlarına tapşırmışdı ki, Həmzə üçün ağlayan olmadığından, onlar Həmzə üçün ağlasınlar. Tarix salnamələri xəbər verir ki, ənsar qadınları o həzrətin sözünə əməl edərək, öz ölüləri üçün ağlamazdan əvvəl Həmzə üçün mərsiyə deyib ağlayırdılar (Məcmə əl-zəvaid, 6-cı cild, səh. 126).

Məşhur tarixçi və müfəssir, bəzi dini mövzularda təəssübkeşliyi ilə seçilən, vəhhabilərin tez-tez müraciət etdikləri İbn Kəsir Diməşqi də Həmzə üçün ağlamaq göstərişinin Peyğəmbər (s) tərəfindən verildiyini və uzun müddət bu tapşırığa əməl edildiyini vurğulayır. O, yazır ki, Peyğəmbər (s) Ühüd savaşından sonra qadınların ağlamaq və mərsiyə səslərini eşitmiş, “Amma Həmzəyə ağlayan yoxdur” buyurmuşdu. İbn Kəsirin yazısından məlum olur ki, hadisədən iki əsr yarım keçdikdən sonra, yəni Əhməd ibn Hənbəlin zamanında da Mədinə qadınları bu ənənəyə əməl edir, öz ölülərinə ağlamazdan əvvəl Həmzə üçün mərsiyə oxuyurmuşlar (İbn Kəsir. Əl-Bidayət və-l-nihayə, 1-ci cild, səh 541).

Həmzənin şəhadətinə Peyğəmbərin (s) ağlamasını və ənsar qadınlarına mərsiyə oxumağı tapşırmasını, Mədinədə bu ənənənin uzun əsrlər davam etməsini Hakim Nişaburi (əl-Müstədrək əla-l-Səhiheyn), İshaq ibn Rahəveyh (Müsnəd), Təbərani (əl-Möcəm əl-kəbir), Hələbi (əl-Siyrət əl-Hələbiyyə), İbn Səd (əl-Təbəqat əl-kübra), İbn Əsir (Üsüd əl-ğabə), Vaqidi kimi görkəmli müəlliflər də təsdiq etmişlər.

(davamı var)

Yerləşdirilib:26 İyul, 2018, Baxılıb:1857, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com