Qərb öz elmi uğurlarına görə kimə borcludur?

(Filip Hittinin “Yaxın Şərqin qısa tarixi: üç qıtənin körpüsü” kitabından)

Üçüncü hissə

(Əvvəli:  http://az.islam.az/article/a-976.html; http://az.islam.az/article/a-982.html)

Orta əsrlərdə Şərqdə botanika elminə bir növ tibbin əlavəsi kimi baxılırdı. Ərəb həkimləri tez-tez əndəluslu müsəlmanlardan olan İbn Baytarın (vəf. 1248) əsərlərinə müraciət edirdilər. Dioskurid və digər yunan mənbələri ilə qane olmayan İbn Baytar İspaniyanın, Məğrib (Şimali Afrika), Misir və Yaxın Şərqin nəbatat aləmini dəqiqliklə öyrənirdi. Onun dərman maddələrinə və müalicəvi bitkilərə həsr olunmuş iki kitabı heyvanat tərkibli dərmanların və mineral maddələrin təsvirinə həsr edilmişdir. Kitabda öz əksini tapmış 1500 bitkidən 200-ü haqqında ilk dəfə məhz həmin mənbədə məlumat verilir.

Ərəb alimlərinin astronomiya və riyaziyyat elmlərinə verdikləri töhfələri inkar etmək və kiçik saymaq imkansızdır. İslam aləmində tarixi baxımdan ilk yeri tutan Bağdaddakı Məmun rəsədxanası Günəş ilinin dəqiq uzunluğunu ölçməyə, yaz və qış bərabərliyini hesablamağa, birinci dəfə Ptolemeyin “Almagest” kitabında təsvir edilmiş digər təbii hadisələri öyrənməyə imkan yaratdı. Alimlər Yerin kürəşəkilli olmasına əsaslanaraq, meridian xətti üzrə dərəcənin uzunluğunu heyrətamiz dəqiqliklə heablamağa nail oldular; bu isə çox incə həndəsi əməliyyatlardan sayılır. Xarəzminin rəhbərliyi altında aparılmış bu hesabatlar yalnız kvadrant, üstürlab və ikili qlobus kimi sadə alətlərdən ibarət olan rəsədxanada həyata keçirilmişdi. Bağdad rəsədxanasının ardınca daha 30 rəsədxana da yaradıldı.

Xarəzmidən sonra Bağdad astronomları içində Fərqani daha çox seçilmişdir. Fərqani Orta Asiyadan çıxmışdı, böyük ehtimalla türk mənşəli idi. 862-ci ildə Abbasi xəlifəsi Mütəvəkkil Fərqaniyə Fustat şəhərində Nil çayının suyunun səviyyəsini ölçmək üçün qurğu hazırlamağı tapşırdı. Fərqaninin astronomiya mövzusundakı fundamental əsəri 1135-ci ildə İspaniyada latın dilinə çevrildi və misilsiz şöhrət qazandı.

Ərəb astroloqu Əbu Məşər (vəf. 886) bu elmə yeniliklər gətirməyə nail oldu. Məhz o, qabarma və çəkilmələrin mexanizmini izah etdi, bu təbiət hadisələrinin Ayın çıxma və batmasından asılı olduğunu əsaslandırdı. Əbu Məşərin XII əsrdə latın dilinə tərcümə edilmiş dörd əsəri ona orta əsrlərin aparıcı astroloqu adını qazandırdı.

Müsəlman astronomları öz elmi araşdırmaları ilə səmada da əbədi iz qoymağı bacardılar. Akrab (əqrəb) və Altair (əl-tair) kimi ulduz adları buna əyani sübutdur. Ərəb riyaziyyatçıları da Avropa dillərində öz izlərini buraxdılar. Algebra (əl-cəbr), alqoritm (əl-Xarəzmi), sıfr, zero kimi terminləri yada salaq. Ərəb mənşəli alkoqol, alembik, alkali, surma, sirop, soda sözləri – bunlar Avropanın müsəlman Şərqinə borclu olduğu zəngin elmi irsin cüzi bir hissəsidir.

Müsəlman müəlliflərin fəlsəfi irsi daha az cəlbedicidir. Bunun sadə səbəbi var: fəsəfi fikir dinin tabeçiliyində idi. Təəccüblü deyil ki, o zamanın bütün filosoflarını teoloqlar (ilahiyyatçılar) təşkil edirdi. Yunan fəlsəfi irsi ilə tanışlıq İslamda “feyləsuf” adlı düşüncə adamı tipini yaratdı (sözün mənşəyi yunancadır). IX əsrin sonunda Bağdadda yaşayıb-yaratmış Kindi “ərəb filosofu” adı ilə tanınırdı. O, xilafət tarixində ərəb mənşəli ilk filosof sayılır. Kindinin ərəb dilində qorunmuş ilk əsərləri həndəsi və fiziki optikaya həsr edilib, bu əsərlər sonralar Rocer Bekona güclü təsir göstərmişdi. Filosof kimi o, neoplatonik məktəbə mənsub idi, Aristotellə Platonun görüşlərini ümumiləşdirməyə və bunlarla İslamın təmas nöqtələrini tapmağa çalışırdı. Kindinin islahatçı düşüncələri türk mənşəli Farabinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərdi. Farabi yunan fəlsəfəsi ilə İslam mistisizmini (sufiliyi) sintez etməyə səy göstərirdi. Onun böyük ehtimalla Platonun “Dövlətlər” və Aristotelin “Siyasətlər” kitablarının təsiri altında qələmə aldığı başlıca əsərində nümunəvi şəhər təsvir edilir. İnsan orqanizmi kimi bu şəhər də mürəkkəb iyerarxik quruluşa malikdir. Şəhərin həm mənəvi, həm də intellektual cəhətdən nöqsansız başçısı bədəndəki ürəyə uyğun gəlir. Ona əyanlar tabe olur, əyanlar isə öz növbəsində daha aşağı təbəqəyə mənsub olan vətəndaşları idarə edirlər. İdeal şəhərin ali məqsədi öz sakinlərinin xoşbətliyini təmin etməkdir.

Aristotelin ən məşhur ərəb xələfi müsəlman dünyasının şərqində deyil, qərbində fəaliyyət göstərmişdir. Onun adı İbn Rüşd idi (Averroes, 1126-1198), əsərlərini Kordova və Sevilya şəhərlərində (Ədəlusda) qələmə alırdı. İbn Rüşd filosofdan daha çox şərhçi idi. Onun əvvəlcə ivrit (yəhudi), daha sonra isə XII əsrdə Toledoda latın dilinə tərcümə edilmiş şərhləri Qərbin fəlsəfi fikrinə güclü təsir göstərdi. Mühafizəkar xristian ilahiyyatçıların ciddi tənqidinə rəğmən averroizm (ibnrüşdçülük) aparıcı fəlsəfə məktəbinə çevrildi. Mübaliğəsiz deyə bilərik ki, İbn Rüşdün irsi Avropa fəlsəfi fikrini alovlandırmış bir qığılcım oldu. Antik filosofun fikirləri dolambac yollar keçərək, yunanca orijinalın süryani tərcüməsinin ərəb mətni əsasında hazırlanmış ivrit variantının latıncaya tərcüməsi şəklində yenidən Avropaya qayıtdı və intellektual intibaha təkan verdi.

Öz zamanının digər filosofları kimi İbn Rüşd həm də həkim və astronom idi. Tibb mövusundakı əsərlərində o, çiçək xəstəliyi zamanı immunitet prinsipinin doğruluğunu qəbul edir, gözün tor qişasının funksiyasına düzgün izah verirdi. İbn Rüşd doğru olaraq İspaniyadakı müsəlman elminin ən parlaq nümayəndəsi sayılır.


Yerləşdirilib:17 İyul, 2018, Baxılıb:1435, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com