Müsəlman alimlərin tibb sahəsindəki nailiyyətləri

(Filip Hittinin “Yaxın Şərqin qısa tarixi: üç qıtənin körpüsü” kitabından)

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-976.html)

Ərəb tibb elmi yunan irsi üzərində qurulmuş öz süryani-fars sələfinin ənənələrindən bəhrələndi. Öz növbəsində yunan tibbi də Yaxın Şərqə, xüsusilə, Misirə borclu idi. Mərkəzi İrandakı Cündi-Şapur akademiyasının başçısı Bəxtişu adlı süryani nestorian dininə mənsub bir alim bu sahədə uğur qazanmış bütöv nəslin banisi oldu. Həzm sisteminin xəstəliyinə tutulmuş xəlifə Mənsur Bəxtişunu yanına çağırdı və alim saray həkimi kimi Bağdadda məskunlaşdı. O öz peşəsini oğullarına, sonra nəvələrinə öyrətdi. Bəxtişu xristian idi və İslamı qəbul etməmişdi. Həmin dövrdə Bağdadda Cündi-Şapur nümunəsinə əsaslanan ilk xəstəxana tikildi, əyalətlərdə onun daha 30 anoloqu da quruldu.

Göz xəstəliklərinin geniş yayılması ərəblərə araşdırmalar aparmaq imkanını yaratdı. Bizə məlum olan ilk oftolmologiya kitabı Hüneyn ibn İshaqa aid edilir, sonralar bu kitab ingilis dilinə də tərcümə olundu. Tibb sahələri içində ən az inkişaf edəni cərrahlıq idi. Cəsədlərin yarılması üzərinə qoyulmuş qadağa nəticəsində alimlər insan bədəninin anotomik quruluşu barədə səthi məlumatlarla kifayətlənməyə məcbur olurdular.

X əsrdə ərəb dünyası bəşəriyyətə bir neçə dahi həkim bəxş etdi, onların əsərləri həm Şərq, həm də Qərb tibbini zənginləşdirdi. Bu alimlərin əksəriyyəti ərəb dilində yazıb-yaradan farslardan ibarət idi. Onlardan olan Razi (865-925) Bağdadın bir neçə məhəlləsində heyvan cəmdəkləri asmış və cəmdəyin ən geç çürüdüyü yeri xəstəxana tikintisi üçün bəyənmişdi. Razi qızılca, cüzam kimi xəstəliklərin dəqiq təsvirini verən ilk əsərin müəllifidir. Nə yunan, nə də digər xalqların mənbələrində bu xəstəliklər haqqında məlumata rast gəlirik. Onun irihəcmli “əl-Havi” kitabı 1279-cu ildə “Continents” adı ilə Siciliyada latın dilinə tərcümə edilmişdi. Bu tərcümə bir neçə dəfə nəşr olunaraq avropalılar üçün ilk tibb dərsliklərindən birinin rolunu oynadı. Razinin tibb elminə verdiyi töhfələr onu orta əsrlər tibbinin digər böyük nəzəri və təcrübi alimləri ilə bir sıraya qoymağa imkan verir.

Əli Abbas Məcusi (vəf. 994) adlı başqa bir ərəb təbibi də məhsuldar müəlliflərdən sayılır. Nisbəsindən göründüyü kimi o, zərdüşti əqidəli fars idi. Öz himayədarına həsr etdiyi “əl-Kitab əl-mələki” (Hökmdar kitabı) onun qələmindən çıxmış şah əsərlərdən biridir. Bir sıra başqa müşahidələrlə yanaşı, bu kitabda kapilyarlar (xırda damarlar) haqqında da ilk məlumat verilir. Əli Abbas yazırdı ki, doğuş zamanı körpə özbaşına deyil, ana bətninin əzələlərinin sıxılması hesabına dünyaya gəlir. Əl-Məcusinin bu kitabı xaç yürüşlərinin iştirakçıları tərəfindən latın dilinə tərcümə edilmiş yeganə əsərdir. O, təqribən yüz il boyunca həm Şərqdə, həm də Qərbdə tibb dərsliyi kimi istifadədə oldu, daha sonra İbn Sinanın ensiklopedik dəyərli kitabı onun yerini tutdu.

Ərəb elminin bir neçə sahəsi İbn Sina (980-1037) vasitəsilə yüksək zirvələri fəth etdi. O, böyük təbib, filosof, astronom və filoloq (dilçi alim) idi. İbn Sina Buxara yaxınlığında ismaili əqidəsini daşıyan ailədə dünyaya gəlmiş, gənc yaşlarında Samani hakiminin kitabxanasında işləmək imkanını qazanmışdı. Biliyə duyduğu sonsuz maraq nəticəsində tezliklə kitabxanadakı bütün kitabları oxumuş, təqribən 20 yaşında ikən peşəkar fəaliyyətə başlamışdı. İbn Sinanın zəkası elm sahələri arasında sərhəd tanımırdı. Ona aid edilən 99 əsərdən bir neçəsi ilahiyyata, incəsənətə və ədəbiyyata həsr edilib. Alimin “əl-Qanun” kitabında öz dövrünün tibb haqqındakı bütün bilikləri toplanıb. Bu kitabda tarixdə ilk dəfə olaraq mediastinitlə plevrit arasındakı klinik fərqlər göstərilir, vərəmin infeksion xarakter daşıdığı vurğulanır, xəstəliklərin su və torpaq vasitəsilə yayıldığı müzakirə edilir. XII əsrdə İspaniyanın Toledo şəhərində Kremonlu Jerard tərəfindən latın dilinə çevrilmiş “əl-Qanun” (Kanon) kitabı özündən əvvəlki tibbi mətnləri təzələyərək əvəz etmiş və uzun əsrlər boyunca tibb üzrə stolüstü vəsait sayılmışdır. XIX əsdə ingilis və fransız müəlliflərin əsərləri meydana çıxana kimi Şərq dünyasında bu kitab tibbin əsas mənbəyi sayılırdı.

Tibb ilə yanaşı əlkimya və botanika elmləri də inkişaf edirdi, hər iki elm sahəsində ərəblər yüksək nailiyyətlər əldə etmişdilər. Əlkimya ərəblər tərəfindən yaradılmışdır. Bu elmin ən görkəmli nümayəndəsi Kufə şəhərinin yetirməsi olan Cabir ibn Həyyan (doğ. 735) idi. O, təcrübənin əhəmiyyətini lazımınca dərk edirdi. Cabir kimya elmində iki ən mühüm əməliyyat olan kalsinasiya və reduksiyanı elmi baxımdan izah etdi, əritmə və kristallaşdırma üsullarını yaxşılaşdırdı. Cabir özündən əvvəlki və sonrakı əlkimya həvəskarları kimi vaxtının çox hissəsini “fəlsəfə daşı”nın axtarışlarına həsr edirdi. Alim bu yolla istənilən metalı, o cümlədən, qurğuşunu qızıla çevirməyin mümkünlüyünə inanırdı. Cabir, həmçinin, guya qocanı cavanlaşdırmaq gücündə olan əl-iksiri kəşf etmək arzusunda idi. Yüziliiklər boyunca Cabir ibn Həyyan əlkimya elmində böyük nüfuz sahibi kimi tanınmışdır.

(ardı var)

Yerləşdirilib:9 İyul, 2018, Baxılıb:1520, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com