Matəm məclisləri bəzi şəxsləri niyə narahat edir?

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-979.html)

Məgər ağlamaq günahdırmı?

Allah xofundan ağlamağın savabı barədə şiə mənbələrində də onlarla hədis vardır; onlardan ikisini təqdim etməklə kifayətlənirik:

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Hər şeyin qabı və ölçüsü vardır, yalnız göz yaşından başqa. Onun bir damlası alov ümmanlarını söndürər. Göz yaşla dolsa, heç bir zillət pərdəsi onu örtməz. Göz yaşarsa, Allah ona cəhənnəm alovunu haram edər. Əgər bir ümmətin içində (həqiqi) ağlayan olsa, Allah həmin ümmətə rəhm edər”. (Şeyx Küleyni. Üsuli-Kafi, 2-ci cild, səh. 481; Şeyx Səduq. Səvabül-əmal, səh. 152).

İmam Cəfər Sadiq (ə) atası İmam Mühəmməd Baqir (ə) vasitəsilə Peyğəmbərdən (s) rəvayət etmişdir: “Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayar: Allah qorxusundan ağlayan göz, Allahın haram buyurduqları qarşısında qapanan göz və Allah yolunda (keşik çəkərək) sübhə kimi yatmayan göz”. (Şeyx Səduq. Əl-Xisal, 1-si cild, səh. 98).

Qeyd edək ki, oxşar məzmunlu hədislər əhli-sünnə mənbələrində Əbu Hüreyrə və digər səhabələrdən də nəql edilmişdir. Yaxın məzmunlu hədislərin birində buyurulur: “İki gözə cəhənnəm alovu toxunmaz: Allah qorxusundan ağlayan göz və Allah yolunda keşik çəkib yatmayan göz” (Sünənüt-Tirmizi, hədis 1639).

Yuxarıda xatırlanan və həmçinin, bunlarla eyni məzmunu daşıyan daha başqa hədislərdən məlum olur ki, ağlamaq öz-özlüyündə günah sayılmır. Eləcə də, dini səbəb üzündən, yəni Allah qorxusundan, günahların xəcalətindən, Allahın mərhəmətinə duyulan riqqətdən səmimiliklə ağlamaq bəyənilən hərəkətdir, insana həm bu dünyada, həm də axirətdə Allahın razılığını qazandırar.

Peyğəmbərlər də ağlamışlar

Qurani-Kərimin bir neçə ayəsindən anlaşılır ki, keçmiş ümmətlərə göndərilmiş peyğəmbərlər də ağlamışlar. Allah-Taala bu barədə Qurani-Kərimdə söhbət açarkən nəinki bu hərəkəti məzəmmət etmir, əksinə, həmin ayələrdə rəğbət sezilir.

“Məryəm” surəsində Allah-Taala Həzrət Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yəqub, Musa, İsmail və İdris Peyğəmbərlərin (ə) adlarını çəkir, onların başına gələn hadisələri qısaca da olsa xatırladır. Allah buyurur: “Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar” (Məryəm, 58).

Ayədən göründüyü kimi, Allahın vəhyini oxuyaraq riqqətə gəlib ağlamaq bir neçə böyük peyğəmbərin xüsusiyyəti kimi təqdim edilir.

Mövzu ilə bağlı ayələr bununla məhdudlaşmır. Allah-Taala Həzrət Yaqub Peyğəmbərin (ə) öz oğlu Yusifin (ə) ayrılığına durmadan ağladığını bəyan edir:

“Dərd-qəmdən (ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi” (Yusif, 84).

İş o yerə çatdı ki, oğulları Yaqubun (ə) ağlamasına mane olmağa çalışdılar: “Dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!” (Yusif, 85).

Nəzərə alaq ki, Həzrət Yaqub (ə) Allah xovfundan və ya günahlarının qorxusundan deyil, oğlunun dərdindən ağlayırdı. Yalnız Allah yolunda ağlamağın icazəli olduğunu iddia edənlərə bu, gözəl bir cavabdır. Çünki Allahın Peyğəmbəri (ə) məsumdur və yanlışlığa yol verə bilməz.

Əhli-sünnənin məşhur təfsirlərindən olan “əl-Kəşşaf”da yazılıb: “Yusifdən (ə) ayrıldığı vaxtdan onunla görüşənə kimi Yaqubun (ə) gözləri 80 il yaşdan qurumadı; yer üzündə Allah üçün Yaqubdan daha dəyərli kimsə yox idi”. (Zəməxşəri. Təfsirül-Kəşşaf, 3-cü cild, səh. 317).

Yalnız Həzrət Yaqub (ə) deyil, Yusif Peyğəmbər (ə) də ağlamışdır. Böyük Quran bilicisi, Peyğəmbərin (s) əmisi oğlu Abdulah ibn Abbas demişdir:

“Yusif zindanda bütün gecəni namaz qılırdı, elə ağlayırdı ki, zindanın divarları, tavanı və qapıları da onunla birlikdə ağlayırdı”. (Qürtübi təfsiri, 11-ci cild, səh. 345).

(ardı var)


Yerləşdirilib:3 İyul, 2018, Baxılıb:1644, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com