Matəm məclisləri bəzi şəxsləri niyə narahat edir?

Birinci hissə

Son zamanlar gündəmi zəbt etmiş mövzulardan biri də İslam müqəddəslərinin müsibətinə ağlamağın icazəli olub-olmaması məsələsidir. Öz siyasi və ictimai nüfuzundan istifadə edən bəzi diletant şəxslər Kərbəla müsibətinə həsr edilmiş təziyə məclislərini tənqid hədəfinə alır, bu cür məclislər keçirmək ənənəsini dindən kənar elan etməyə çalışırlar. Aktual mövzulara təəssübsüz və obyektiv münasibət göstərməyə çalışan islam.az saytı bu mövzuda növbəti araşdırmanı diqqətinizə təqdim edir.

Mövzuya keçməzdən əvvəl müqəddimə olaraq bunları qeyd etmək istərdik:

Birincisi,

İslam müqəddəslərinin müsibətinə ağlamaq bəzilərinin təqdim etdiyi kimi bidət deyildir. Çünki izah verəcəyimiz kimi, tarixi mənbələrdə bunun xeyli sübutları vardır. Bidət – dini hökmlərdə öz əksini tapmayan, amma din adından təqdim edilən məsələ deməkdir. Dini hökmlərimizin əmr etmədiyi bir işi vacib dini əmr kimi çatdırmaq, şəriətin qadağan etmədiyi bir məsələni də qadağan elan etmək bidət sayılır (bidət məfhumu barədə saytımızda ətraflı məlumatlar vermişik:

http://az.islam.az/article/a-782.html;

http://az.islam.az/article/a-783.html;

http://az.islam.az/article/a-784.html;

http://az.islam.az/article/a-704.html;

http://az.islam.az/article/a-706.html;

http://az.islam.az/article/a-707.html).

Halbuki, məsumların müsibətini qeyd etmək, buna ağlamaq dini mənbələrdə öz əksini tapmış və tarixi təcrübədə misallarla təsdiqlənmiş bir həqiqətdir.

İkincisi,

əgər hətta məsumların müsibətinə ağlamağı təşviq edən sübutlar olmasaydı belə, bunu qadağan edən möhkəm sübutlar da olmadığı təqdirdə bu işin haram olmasına hökm verə bilmərik. Çünki şəriətimizin əsas qanunlarından biri “ibahə”, yəni “mübahlıq, halallıq, icazəlilik” qaydasıdır. Belə ki, qadağan olduğuna qəti sübut olmayan iş icazəli sayılır. Haram olduğu dəqiq bilinməyən hər şey halal hökmündədir. Dinimiz çətinlik və məhdudiyyət yox, asanlıq və azadlıq dinidir. Allah-Taala halalların içindən haramları seçib insana tanıtdırmışdır. Bəlli edilənlər haramlardır, onlardan başqa yerdə qalanlar isə halal hökmünü daşıyır. Əgər müsibətə ağlamağı qəti qadağan edən sübutlar ortada yoxdursa, onu təsdiq edən sübut da axtarmağa ehtiyac yoxdur və bu şərait ağlamağın öz-özlüyndə halal sayılması üçün kifayətdir. Amma bir daha təkrar edirik ki, məsumların müsibətinə ağlamağın caizliyi, hətta bəyənilən olması barədə sübutlar da yetərincədir.

Üçüncüsü,

öz-özlüyündə dini motiv əsasında ağlamaq heç bir dində, heç bir şəriətdə və heç bir sağlam məntiqdə qadağan edilməmişdir və edilə də bilməz. Əksinə, Qurani-Kərimdə və bütün məzhəblərin qəbul etdiyi səhih sünnədə dinə dayaqlanan səbəb üzündən ağlamaq təşviq və tövsiyə edilir. Qurani-Kərimdə ağlamaq möminlərə yaraşan xüsusiyyətlərdən biri kimi xatırlanır və möminlərin öz günahlarını yada salıb ağlamaları bəyənilir:

“Qazandıqlarının (qazandıqları günahların) cəzası (əvəzi) olaraq az gülüb çox ağlasınlar!” (Tövbə, 82).

Allahın şövqündən ağlamaq Quranın təqdim etdiyi mömin obrazının əsas xüsusiyyətlərindən birini təşkil edir:

“Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!” (Maidə, 83).

“Onlar üzü üstə səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar” (İsra, 109).

Allah xofundan, günahların cəzasından qorxaraq ağlamaq barədə hədislərimiz hər iki məzhəbin mənbələrində yetərincədir.

Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilir:

“Yeddi nəfər Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı zaman (qiyamətdə) Allahın (mərhəmət) kölgəsinin altında olacaq: ...tənha yerdə (yəni riya olmadan) Allahı xatırlayaraq gözləri yaşaran şəxs”.

(Səhihi-Müslim, Kitabüz-zəkat, hədis 1031;

Sünəni-Tirmizi, hədis 2391).

Əbu Hüreyrədən rəvayət edilən bu hədisin fərqli variantları Malik ibn Ənəsin “Müvatta”, Təbəraninin “əd-Dua”, Beyhəqinin “əs-Sünənül-kübra”, “əs-Sünənüs-səğir” və “Şüəbül-iman”, Təhavinin “Müşkilül-asar”, İbn Əsakirin “Tarixi-Diməşq”, Bəğəvinin “Məalimüt-tənzil” kitablarında və sair mənbələrdə öz əksini tapıb.

Peyğəmbərimiz (s) Allaha dua edərək, onu Öz ağlayan bəndələrindən qərar verməsini istəyirdi:

“İlahi, məni Sənin üçün ağlayanlardan və Səndən qorxanlardan qərar ver!”

(Bu hədisi bir çox təfsirçilər “Maidə” surəsinin 58-ci ayəsinin təfsirində qeyd etmişlər.

Bax: Zəməxşəri. Təfsirül-Kəşşaf, 4-cü cild, səh. 32;

Qürtübu təfsiri, 13-cü cild, səh. 472;

Fəxr Razi. Təfsirül-kəbir, 21-ci cild, səh. 234 və s).

Yenə Əbu Hüreyrə vasitəsilə Peyğəmbərimizdən (s) belə bir hədis rəvayət edilir:

“Sağılmış süd döşə qayıtmaınca Allah qorxusundan ağlayan kəs də cəhənnəmə girməz”.

(Sünənüt-Tirmizi, Fəzailül-cihad, hədis 1633;

Sünənün-Nəsai, Kitabül-Cihad, hədis 3110).

(Bu hədisdəki “sağılmış süd döşə qayıtmayınca” ifadəsi bir işin qeyri-mümkünlüyünü göstərir və ərəb dilində hər hansı işin baş tutmasının qəti şəkildə mümkün olmadığını çatdırmaq üçün işlədilir).

(Ardı var)


Yerləşdirilib:22 İyun, 2018, Baxılıb:2216, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com