Ramazan ayında nə baş vermişdir?

İikinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-972.html)

19, 21, 23 və ya 27 ramazan

Bunlardan birinin Qədr gecəsi olması ehtimal edilir. Ramazanın son ongünlüyündəki tək gecələrdən birinin Qədr gecəsi olduğu rəvayət edilmişdir. Qədr gecəsində Qurani-Kərim bütöv şəkildə Peyğəmbərimizin (s) qəlbinə vəhy olunmuşdur. Bu gecələrdə oyaq qalmağın, ibadət və dua etməyin, Quran oxumağın çox savabı var.

19 ramazan

İmam Əli ibn Əbu Talib (ə) Kufə məscidində sübh namazı qılarkən xəvaricdən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən ölümcül yaralanmışdır (hicri 40 – miladi 661).

Məşhur din alimi, həmyerlimiz Mirzə Mühəmməd Şirvani vəfat etmişdir (hicri 1098 – miladi 1687). İsfahan şəhərində yaşayıb-yaratmış bu alim Əllamə Mühəmməd Baqir Məclisinin yeznəsi idi.

20 ramazan

Məşhur coğrafiyaşünas Yaqut Həməvi vəfat etmişdir (hicri 626 – miladi 1229). Onun 16 min toponimi əhatə edən “Möcəmül-buldan” əsərində və məşhur ədiblərin həyatından bəhs edən “Möcəmül-üdəba” kitabında Azərbaycanla da bağlı dəyərli məlumatlar verilmişdir.

21 ramazan

Həzrət Musa Peyğəmbər (ə), onun canişini Yuşə ibn Nun (ə) vəfat etmişlər. Həzrət İsa Peyğəmbər (ə) onu çarmıxa çəkmək istəyənlərin əlindən xilas olaraq səmaya ucalmışdır.

Həzrət İmam Əli ibn Əbu Talib (ə) məsciddə aldığı qılınc zərbəsi nəticəsində iki günlük ağır xəstəlikdən sonra şəhid olmuşdur (hicri 40 – miladi 661).

Məşhur hədis alimi, “Vəsailüş-şiə” kitabının tərtibçisi Şeyx Hürr Amili vəfat etmişdir (hicri 1104 – miladi 1693).

22 ramazan

Görkəmli hədis alimi İbn Macə vəfat etmişdir (hicri 273 – miladi 887). O, əhli-sünnənin mötəbər saydığı 6 hədis məcmuəsindən biri olan “Səhihi-İbn Macə”nin müəllifidir. İbn Macənin Quran təfsiri və “Qəzvinin tarixi” kitabı da vardır.

24 ramazan

Məşhur ərəb şairi Mütənəbbi vəfat etmişdir (hicri 354 – miladi 965). Onun şeir divanına 40-dan artıq şərh yazılmışdır. Bəzi məlumatlara görə, özünü peyğəmbər adlandırmış (“mütənəbbi” sözü də bu mənanı verir), Qurana tay olan kitab yazacağını vəd etmişdir. Şam valisi tərəfindən həbsə alınaraq tövbə etmişdir.

25 ramazan

Məşhur Quran tədqiqatçısı Fəxrəddin Razi doğulmuşdur (hicri 544 – miladi 1150). O, həm dini, həm də dünyəvi elmlərdə məharət sahibi olmuş, “Məfatihül-qeyb” adlı irihəcmli Quran təfsiri yazmışdır. Bu əsərə “Təfsiri-kəbir”, yəni böyük təfsir deyirlər.

26 ramazan

Məşhur müsəlman sosioloqu, tarixçi və diplomat İbn Xəldun vəfat etmişdir (hicri 808 – miladi 1406). İbn Xəldunun öz tarix kitabına yazdığı irihəcmli müqəddimə orta əsrlərdə sosilogiya sahəsində ən mükəmməl mənbələrdən sayılırdı.

Böyük fəqih Ağa Camal Xansari vəfat etmişdir (hicri 1121 – miladi 1709). Ona “Camalül-mühəqqiqin”, yəni tədqiqatçıların camalı ləqəbi verilmişdir.

27 ramazan

Məşhur alim Əllamə Mühəmməd Baqir Məclisi vəfat etmişdir (hicri 1110 – miladi 1699). Son dərəcə məhsuldar yaradıcılığa malik olmuş Əllamə Məclisinin müxtəlif dini və dünyəvi elm sahələrində onlarla əsəri vardır. Bunların ən məşhuru “Biharül-ənvar” külliyyatıdır. Əllamə Məclisi bu kitabı ona məlum olan 600-dan artıq mənbəyə əsasən tərtib etmişdir.

29 ramazan

Məşhur cəfəri fəqihi Əllamə Hilli doğulmuşdur (hicri 648 – miladi 1250). Onun müxtəlif dini mövzulara həsr olunmuş yüzlərlə əsəri qalmışdır. O, “Əllamə” və “Ayətullah” ləqəbləri ilə tanınan ilk alim hesab edilir.

30 ramazan

Elxani hökmdarı Mühəmməd Xudabəndə Ölcaytu vəfat etmişdir (hicri 716 – miladi 1316). Sultan Ölcaytu qardaşı Qazan xan kimi İslamı qəbul etmiş və ədalətlə hökm sürmüşdür. O, Əllamə Hilli və başqa alimlərin dəvəti ilə cəfəri məzhəbini qəbul etmiş, üzərində 12 imamın adı yazılmış pulların kəsilməsini əmr etmişdi.

Ramazan ayında baş vermiş, lakin fünü dəqiq məlum olmayan hadisələr

Hicri 181-ci ilin ramazan ayında (miladi 797) məşhur sufi Abdullah ibn Mübarək vəfat etmişdir. O, həm də dini elmlərdə şöhrət qazanmışdı. Süfyan Savri və Malik ibn Ənəsdən dərs almış, bir neçə əsər yazmışdır. Təsəvvüf aləmində xüsusi yerə malikdir.

Hicri 385-ci ilin ramazan ayında (miladi 995) böyük cəfəri alimi Şeyx Tusi doğulmuşdur. Müstəsna elmi xidmətlərinə görə ona “şeyxüt-taifə”, yəni şiə məzhəbinin şeyxi ləqəbi verilmişdi. Ən məşhur əsərləri: “Təhzibül-əhkam” və “İstibsar” adlı hədis məcmuələri, “Tibyan” təfsiri.

Hicri 521-ci ilin ramazan ayında (miladi 1127) böyük cəfəri alimi İbn Zöhrə Hələbi doğulmuşdur. İmam Cəfər Sadiqin (ə) nəslindən olan İbn Zöhrə Hələbi məşhur fəqih İbn İdris Hilliyə dərs demişdir. İbn Zöhrə öz zamanında Şam şiələrinin lideri sayılırdı və bu məzhəbin ardıcıllarının vəziyyətini yaxşılaşdırmaq istiqamətində xeyli nailiyyətlər əldə etmişdi.

Hicri 762-ci ilin ramazan ayında (miladi 1360) görkəmli hədis tədqiqatçısı, ədib, tarixçi və fəqih Bədrəddin Mahmud Hələbi Eyni doğulmuşdur. Eyni Misirin qazılar qazısı olmuş, əl-Əzhər məscidinin yaxınlığında mədrəsə və kitabxana təsis etmişdi. Ən məşhur əsəri “Səhihi-Buxari”yə yazdığı “Ümdətül-qari” şərhidir.


Yerləşdirilib:31 May, 2018, Baxılıb:2847, Çap
 

Son şərhlər : 2
Müəllif: Samira | 1 İyun, 2018  10:50
# Ответить
0


]]>]]>

Salam, 1 -ci Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. yazılana görə bu iyunun 3-dir. Yani bilmək istərdim Əhya gecəsi iyunun 3-dən 4-nə keçən gecədir, yoxsa 2-dən 3-nə, təşəkkür edirəm.
Müəllif: Administrator | 1 İyun, 2018  13:31 | Ответ на #3574
# Ответить
0


]]>]]>

Əleykəssalam. 3-dən 4-nə keçən gecə
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com