“Dünyanın bəzəyi” Kordova

(Cəvahirləl Nehrunun “Dünya tarixinə baxış” kitabından)

İspaniya torpaqlarında yeddi yüz illik ərəb idarəçiliyi faktı özü-özlüyündə kifayət qədər təəccüblüdür. Amma bundan da təəccüblüsü İspaniya ərəblərinin, yaxud mavrların yüksək mədəniyyəti və sivilizasiyasıdır. Bir tarixçi bundan vəcdə gələrək yazırdı:

“Mavrlar Kordovada orta əsrlərin möcüzəsi olan heyrətamiz dövlət yaratmışdılar. Bütün Avropada barbarlıq, vəhşilik və parçalanma hökm sürdüyü zaman bu dövlət əlinə bilik və mədəniyyət məşəli alaraq, təkbaşına qərb dünyası üçün yolu işıqlandırdı”.

Beş yüz il boyunca bu dövlətin paytaxtı Qürtübə oldu. (İngilis dilində ona “Kordoba”, bəzən də “Kordova” deyirlər). Bu, milyon nəfər əhaliyə malik böyük şəhər idi, şəhərdəki yaşıllıqların uzunluğu on mili, şəhərətrafı qəsəbələrlə birlikdə Kordobanın ümumi uzunluğu 24 mili ötmüşdü. Burada 60 min saray və malikanə, 200 min kiçik ev, 80 min dükan, 3800 məscid, 700 ictimai hamam olduğunu yazırlar. Bəlkə də bu rəqəmlər şişirdilib, amma şəhər haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir. Kordobada çoxlu kitabxana vardı, bunların ən böyüyü 400 min kitabdan ibarət əmir kitabxanası idi. Kordoba universiteti bütün Avropada, hətta qərbi Asiyada tanınırdı. Şəhərdə kasıblar üçün bir neçə pulsuz ibtidai məktəb də fəaliyyət göstərirdi. Tarixçilərdən biri yazır: “İspaniyada demək olar ki, hər kəs yazıb-oxumağı bacarırdı, halbuki, xristian Avropasında ruhaniləri çıxmaq şərti ilə hətta ən yüksək təbəqəyə mənsub şəxslər də tam savadsız idilər”.

Kordoba belə bir şəhər idi və Bağdad adlı başqa böyük ərəb şəhəri ilə rəqabət aparırdı. Onun şöhrəti bütün Avropaya yayılmışdı, X əsrdə yaşamış bir alman müəllifi onu “dünyanın bəzəyi” adlandırırdı. Kordoba universitetinə uzaq ölkələrdən tələbələr gəlirdilər. Ərəb fəlsəfəsinin təsiri Avropanın böyük universitetlərinə (Paris, Oksford, Şimali İtaliya universitetləri) keçmişdi. XII əsrdə Kordobanın ən görkəmli filosofu İbn Rüşd, latınlaşdıılmış variantda Averroes idi...

Sonralar ərəbləri cənuba doğru sıxışdırdılar, amma onlar müqavimət göstərməkdə davam edirdilər. İspaniyanın cənubunda onlar kiçik dövlət – Qranada əmirliyi yaratdılar və burada möhkəmləndilər. Qaranada əmirliyi ərazi baxımından kiçik olsa da, bütün ərəb sivilizasiyasını miniatür miqyasda təcəssüm etdirirdi. Qranadada hələ də həmin dövrün abidəsi olan, yaraşıqlı tağlara, sütunlara və ərəb naxışlarına (arabesk) malik Əlhəmra (Alqambra) sarayı durur. Bu bina ərəbcə “əl-Həmra”, yəni qırmızı saray adlanırdı...

Qranada əmirliyi iki yüz il yaşadı. İspaniyanın xristian dövlətləri, xüsusilə, Kastiliya onu hədələyirdi, bəzən əmirlik Kastiliyaya xərac da verməyə razılaşırdı. Yəqin ki, xristian dövlətləri öz aralarında razılığa gələ bilsəydilər, Qranada bu qədər uzun müddət davam gətirə bilməzdi. 1469-cu ildə İspaniyanın iki əsas dövlətinin başçıları – Ferdinand və İzabella evləndilər, bu izdivac sayəsində Kastiliya, Araqon və Leon birləşdi. Ferdinand və İzabella Qranada ərəb əmirliyinə son qoydular. Ərəblər bir neçə il mərdliklə mübarizə apardılar, axırda onları Qaranadada mühasirəyə aldılar. 1492-ci ildə aclıqdan üzülmüş müsəlmanlar təslim oldular.

Ərəblərin bir hissəsi İspaniyanı tərk edib Afrikaya keçdi. Qranada yaxınlığında hələ də “El ultimo sospiro del toro”, yəni “mavrın son ahı” adlanan yer mövcuddur.

Ərəblərin çoxu isə İspaniyada qaldı. Onlara göstərilən münasibət İspaniya tarixinin ən qaranlıq səhifələrindən birini təşkil edir. O zamanlar təslim olmayanları yer üzündən silmək məqsədi ilə Roma kilsəsi tərəfindən yaradılmış inkvizisiya adlı qorxunc silah İspaniyada güc qazanmışdı. Tarixçi yazır: “Kafirlərə (yəni ərəblərə) əmr olundu ki, öz bəzəkli geyimlərindən imtina edib, onlara qalib gələnlərin (xristianların) üslubunda şlyapa və şalvar geyinsinlər, öz dillərindən, adət-ənənələrindən, hətta öz adlarından imtina etsinlər, ispan dilində danışsınlar, ispan ənənələrinə əməl etsinlər və özlərini ispan adlandırsınlar”.

İspan xriatianları yuyunmağa və çimməyə mənfi baxırdılar. Bəlkə də, bunun əsas səbəbi ispan ərəblərinin yuyunmağı sevmələri və hər yerdə ictimai hamamlar tikmələri idi. Xristianlar hətta fərman verdilər ki, mavrları islah etmək məqsədi ilə “onların özlərinə, arvadlarına və digər şəxslərə nə evdə, nə də başqa bir yerdə çimmək qadağan edilsin, onların bütün hamamları dağıdılsın”.

Çimmək “günahından” başqa mavrlara qarşı daha bir böyük ittiham irəli sürüldü: onlar dini məsələdə çox dözümlü idilər. Qəribə olsa da, 1602-ci ildə Valensiya yepiskopu tərəfindən dərc edilmiş “Mavrların xəyanətləri” siyahısındakı ittihamlar içində bu, ən mühüm yerdə dururdu. Yepiskop ərəbləri İspaniyadan qovmağı təklif edərək deyirdi: “Mavrlar türklərin və digər müsəlmanların dini işlərdə öz təbəələrinə verdikləri vicdan azadlığı icazəsinə hədsiz rəğbətlə yanaşırlar”. Görün, burada özü də bilmədən ərəblərin ünvanına necə tərif deyir və görün, İspaniya xristianlarının dözümsüzlük mövqeyi bundan nə qədər fərqlənir!

Milyonlarla ərəb zorla İspaniyadan qovuldu, onların çoxusu Afrikaya, bir qismi Fransaya keçdi. Unutma ki, ərəblər İspaniyada yeddi yüz il qalmış və bu uzun müddət ərzində ispan xalqı ilə qaynayıb-qarışmışdılar. Mənşə baxımından ərəb olsalar da, onlar getdikcə daha çox ispanlaşırdılar. Çox güman ki, sonrakı dövrlərdə yaşamış ispan ərəbləri Bağdad ərəblərinə qətiyyən bənzəmirdilər. Hələ indi də ispanların damarlarında axan qanda kifayət qədər ərəb qatqısı vardır...

İngilis tarixçisi Leyn Pul İspaniya ərəbləri barədə yazırdı:

“İspaniya əsrlər boyunca sivilizasiyanın mərkəzi, zərif sənətin və elmin, biliyin və maarifin beşiyi olmuşdur. Heç bir Avropa ölkəsi ərəb üsul-idarəsinin nail olduğu mədəni səviyyəyə yüksələ bilməmişdir. Ferdinand və İzabellanın qısa hakimiyyət müddəti və Karlın imperatorluq dövrü də belə bir üstünlüyü qazanmağa imkan vermədi. Mavrlar qovuldular, İspaniya bir müddət də işığı əks etdirən Ay kimi çiçəklənməkdə davam etdi, sonra zülmət başladı. O zamandan bəri İspaniya daimi zülmət içində çabalayır. Vaxtilə ərəblərin üzüm, zeytun və buğda əkib-becərdikləri torpaqlar səhraya çevrilib. Vaxtilə düşüncə və biliyin çiçəkləndiyi yerlərdə indi əhalinin savadsızlığı hökm sürür, xalq digər millətlərlə müqayisədə durğunluq və aşınma halını yaşayır, özü də bu alçalmaya layiqdir”.


Yerləşdirilib:21 May, 2018, Baxılıb:3401, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com