Cəvahirləl Nehru: “Xristianlıq əvəzinə Avropanın dini İslam ola bilərdi”

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-970.html)

Bəzi başqa dinlərin baniləri kimi Mühəmməd (s) də bir çox mövcud ictimai qaydalara qarşı çıxırdı. Onun təbliğ etdiyi din öz sadəliyi, demokratikliyi və hüquq bərabərliyi ilə qudurğan hökmdarların və qəddar ruhanilərin zülmündən əziyyət çəkən qonşu ölkələrin xalqları tərəfindən rəğbətlə qarşılanırdı.

Buna görə də ərəblər qələbədən qələbəyə doğru gedirdilər. Əksər hallarda onlar döyüşsüz qələbə çalırdılar. Peyğəmbərin vəfatından sonrakı 25 il ərzində ərəblər şərqdə İranı, Suriyanı və Mərkəzi Asiyanın bir hissəsini, qərbdə isə Misiri və Şimali Afrikanın bir hissəsini fəth etdilər. Misir onlara daha asanlıqla qismət oldu, çünki bu ölkə Roma imperiyasının istismarından və xristian təriqətlərinin rəqabətindən daha çox əziyyət çəkmişdi. Deyirlər ki, guya ərəblər məşhur İsgəndəriyyə kitabxanasını yandırmışdılar, amma indi məlum olur ki, bu xəbər həqiqətə uyğun deyil. Ərəblər kitabı hədsiz dərəcədə sevirdilər, ona görə də bu cür vəhşi cinayəti törədə bilməzdilər. Ola bilər ki, kitabxananın ən azı bir hissəsinin məhvində Konstantinopol imperatoru Feodosiy təqsirkardır. Kitabxananın o biri hissəsi bundan xeyli əvvəl, Yuliy Sezar tərəfindən şəhər mühasirəyə alınarkən məhv edilmişdi. Feodosiy qədim bütpərəst Yunanıstana məxsus olan, yunan mifologiyasından və fəlsəfəsindən bəhs edən kitablara mənfi münasibət bəsləyirdi. O, çox həssas xristian idi. Deyirlər ki, Feodosiy bu kitabları hamamlar üçün yanacaq kimi işlətmişdi.

Ərəblər iki istiqamətdə - şərqə və qərbə doğru irəliləməkdə davam edirdilər. Şərqdə Herat, Kabul və Bəlx şəhərləri süqut etdi, ərəblər Hind çayının sahillərinə və Sind diyarına çatdılar. Amma Hindistanın içərilərinə doğru getmədilər, uzun əsrlər boyunca onlar hind hakimləri ilə dostluq əlaqələrini qoruyub saxladılar. Qərb istiqamətində isə ərəblər daha da irəliyə can atırdılar.

Deyirlər ki, onların sərkərdəsi Üqbə bütün Şimali Afrikanı qət edərək qərbdə indi Mərakeş adlanan torpaqlarda Atlantik okeanın sahilinə yetişdi. Qarşıya çıxan okean suları onu məyus etdi. Üqbə atını suyun içində mümkün qədər uzaq nöqtəyə kimi sürdü və Allahın adı ilə fəth etmək üçün bu torpaqlarda yer qalmadığına görə təəssüfünü bildirdi.

Ərəblər Mərakeşdən dar boğaz vasitəsilə Avropa ərazisinə - İspaniyaya keçdilər. Bu yeri qədim yunanlar Herakl sütunları adlandırırdılar. Boğazı üzüb keçmiş ərəb sərkərdəsi Gibraltarda quruya yan aldı. İndi buraların adı onun xatirəsini özündə daşıyır. Sərkərdənin adı Tariq idi, Gibraltar isə əslində Cəbəlüt-Tariq, yəni Tariq dağları adlanır.

İspaniya tezliklə fəth edildi, ərəblər cənubi Fransaya axışdılar. Beləliklə, Mühəmmədin (s) vəfatından təqribən yüz il sonra Ərəb imperiyası cənubi Fransadan və İspaniyadan başlayaraq, bütün Şimali Afrikadan və Süveyşdən keçərək, Ərəbistan, İran və Orta Asiyanı əhatə etdi, Monqolustan sərhədlərinə kimi uzandı. Hindistan bura daxil deyildi (Sind əyalətini çıxmaqla). Ərəblər Avropa üzərinə iki istiqamətdən hücum edirdilər: birbaşa Konstantinopol üzərinə və Afrikadan keçərək Fransa tərəfdən. Fransanın cənubundakı ərəblər sayca az, vətəndən uzaqda idilər. Onlar Ərəbistandan mühüm yardım ala bilmirdilər, çünki xilafət Orta Asiyadakı fəthlərlə məşğul idi. Bununla belə, ərəblərin Fransada mövcudluğu Qərbi Avropa xalqlarını qorxuya salmışdı. Ərəblərlə mübarizə məqsədilə böyük koalisiya yaradıldı. Bu koalisiyanın başçısı Karl Martel oldu və o, 732-ci ildə Tur (Puatye) savaşında ərəbləri məğlub etdi. Bu məğlubiyyət Avropanı ərəblərdən xilas etmiş oldu. Bir tarixçinin yazdığı kimi, “Tur çölündə ərəblər dünya üzərində ağalığıı itirdilər, halbuki, yalnız əllərini uzadıb bu ağalığı götürmələri qalırdı”. Şübhəsiz, əgər ərəblər Tur savaşında qalib gəlsəydilər, Avropa tarixində nəhəng dəyişikliklər baş verəcəkdi. Bu zaman Avropada ərəblərin qarşısında dura biləcək heç kim qalmayacaqdı və onlar birbaşa Konstantinopol üzərinə yürüyərək Şərqi Roma imperiyasının, eləcə də, yol üstündə duran digər dövlətlərin mövcudluğuna son qoyacaqdılar. O zaman xristianlıq əvəzinə Avropanın dini İslam olacaq, digər mümkün dəyişikliklər də baş verəcəkdi. Amma bütün bunlar təxəyyüldür...

Bağdad. Bu, nəhəng saraylar, ictimai qurumlar, məktəb və mədrəsələr, iri dükanlar, xiyaban və bağçalar şəhəri idi. Burada tacirlər həm Şərqlə, həm də Qərblə böyük ticarət əməliyyatları həyata keçirirdilər. Dövlət məmurları imperiyanın ucqarları ilə daim əlaqə saxlayırdılar, idarəetmə get-gedə mürəkkəbləşirdi, hökumət çoxlu bölümlərə bölünmüşdü. Effektiv poçt xidməti paytaxtı imperiyanın bütün ucqar guşələri ilə birləşdirirdi. Şəhərdə çoxlu xəstəxana vardı. Bütün dünyadan insanlar, xüsusilə, alimlər, tələbələr, rəssamlar Bağdada axışıb gəlirdilər.

Abbasilər dövləti öz şöhrətinin zirvə nöqtəsinə Harun ər-Rəşidin zamanında çatdı (786-809-cu illər). Harunun hüzuruna Çin imperatoru və Böyük Karl tərəfindən göndərilmiş elçilər gəlirdilər. Bağdad və Abbasi torpaqları o zamanlar idarəetmə, ticarət və maarif baxımından ərəb İspaniyasını çıxmaqla bütün Avropanı xeyli qabaqlamışdı.

Abbasilər dövrü bizim üçün xüsusilə maraqlıdır, çünki bu dövrdə elmin əhəmiyyəti artmağa başladı. Bildiyin kimi, müasir dünyada elm mühüm yerə malikdir və biz ona borcluyuq. Elm əlini əlinin üstünə qoyub nəyinsə baş verməsini gözləmir, hadisələrin səbəbini öyrənməyə çalışır. Elm durmadan sınaqlar keçirir, təcrübələr hazırlayır, bəzən uğursuzluğa düçar olur, bəzən də müvəffəqiyyət qazanır, bu yolla bəşəriyyətin şüurunu addım-addım artırır. Müasir dünyamız qədim dünyadan və orta əsrlərdən xeyli fərqlənir. Bu fərqlər əsasən elm sayəsində əmələ gəlib, çünki müasir dünyamızı elm yaradıb.

Nə qədim Misirdə, nə Çində, nə də Hindistanda elmi yanaşmanı görmürük. Yalnız qədim Yunanıstanda bunun izlərini qismən tapırıq. Romada elmi yanaşma yenidən itirildi. Amma ərəblər elmi araşdırıcılıq ruhuna sahib idilər, buna görə onları müasir elmin atası saymaq olar. Bəzi elm sahələrində (məsələn, tibb və riyaziyyatda) onlar Hindistandan çox şey öyrənmişlər. Bağdada çoxlu riyaziyyat alimi gəlirdi. Xeyli ərəb tələbə Şimali Hindistandakı Takşaşilu şəhərində yerləşən tibb təmayüllü universitetə oxumağa gedirdi. Tibb və s. sahələrdəki sanskrit dilli kitablar ərəb dilinə tərcümə edilirdi. Ərəblər çox şeyi, məsələn, kağız hazırlamağı çinlilərdən öyrəndilər. Onlar başqalarından əxz etdikləri elmi baza üzərində araşdırmalar aparır və bir sıra mühüm kəşflər edirdilər. İlk teleskop və ilk dəniz kompası ərəblər tərəfindən hazırlanmışdır. Ərəb həkimləri və cərrahları Avropada məşhur idilər.

Bütün bu intellektual çalışmaların mərkəzi, təbii ki, Bağdad idi. Qərbdəki daha bir mərkəz isə ərəb İspaniyasının paytaxtı Kordova sayılırdı. Ərəb dünyasında çoxlu başqa universitetlər də fəaliyyət göstərirdi. Qahirə, Bəsrə və Kufə şəhərlərində intellektual həyat çiçəklənirdi. Bu şəhərlərin başı isə, bir ərəb tarixçisinin yazdığı kimi, “İslamın paytaxtı, İraqın göz bəbəyi, dövlətin taxtı, gözəlliyin, mədəniyyətin və incəsənətin mərkəzi” olan Bağdad idi. Buranın əhalisinin sayı iki milyonu ötüb keçmişdi, beləliklə, Bağdad müasir Kəlküttə və Bombeydən xeyli böyük idi.

Bəlkə də sənin üçün maraqlıdır ki, corab geyinmək ənənəsi məhz Bağdadın varlı sakinlərinin arasında yaranmışdı. Coraba “moza” deyilirdi, hind dilində həmin mənanı ifadə edən söz də yəqin ki bundan qaynaqlanır. Eləcə də, fransız dilindəki “chemise” (köynək) sözü də ərəbcə “qəmis” kəlməsindən törəyib. Həm moza, həm də qəmis Konstantinopoldakı bizanslılar tərəfindən ərəblərdən mənimsənmiş, oradan Avropaya yayılmışdı...

(ardı var)


Yerləşdirilib:12 May, 2018, Baxılıb:3314, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com