Cəvahirləl Nehru: “İslam insanlara qardaşlıq ideyasını çatdırdı”

Diqqətinizə təqdim edilən bu yazı böyük hind mütəfəkkiri və siyasi xadimi Cəvahirləl Nehrunun (1889-1964) “Dünya tarixinə baxış” kitabından seçilmişdir. Bu kitab C.Nehrunun 1930-33-cü illər arasında həbsdə ikən qızı İndiraya yazdığı silsilə məktublardan ibarətdir.

Bu məktublarda müəllif ən qədim dövrlərdən başlayaraq, XX əsrin əvvəllərinə kimi ümumdünya tarixinin ən parlaq səhifələrini qısa və dolğum şəkildə xülasə etmişdir. Kitabın mühüm özəlliklərindən biri də sadə və son dərəcə anlaşıqlı üslubda qələmə alınmasıdır. C.Nehru bəzi məsələlərdə özünəməxsus, subyektiv fikirlər irəli sürsə də, (müəyyən məqamlarda İslamın bəzi hökmləri ilə, məsələn, qadınların örtünməsi və hicab hökmü ilə razılaşmasa da), gəldiyi nəticələrin əksəriyyəti qənaətbəxş sayıla bilər. Bir qeyri-müsəlman mütəfəkkir tərəfindən İslamın humanist, elmpərvər mahiyyətinin tam etiraf edilməsi, bu kriteriyalar baxımından İslamın digər dinlərdən daha üstün dəyərləndirilməsi xüsusi diqqətə layiqdir.

İslamın meydana gəlməsi

...Xəritəyə bax. Ərəbistandan qərbdə Misir, şimalda Suriya və İraq, bunlardan bir qədər şərqdə isə İran yerləşir. Şimal-qərbə doğru bir qədər uzaqda Kiçik Asiya və Konstantinopolu görürük. Yunanıstan çox da uzaqda deyil, Hindistan da yaxında – dənizin o tayındadır. Ərəbistan qədim sivilizasiyalara nisbətdə (Çin və Uzaq Şərqi çıxmaqla) mərkəzi mövqedə durur. İraqda, Dəclə və Fərat çaylarının sahillərində böyük şəhərlər yaranmışdı, Misirdə İsgəndəriyyə, Suriyada Dəməşq, Kiçik Asiyada Antioxiya kimi iri şəhərlər vardı. Ərəblər səyyah və tacir idilər, onlar bu şəhərlərə tez-tez səfər edirdilər. Bununla belə, Ərəbistan hələ ki, dünya tarixində diqqətəlayiq rol ifa edə bilməmişdi. Görünür, orada mədəni səviyyə qonşu ölkələrdəki kimi yüksək deyildi. Ərəbistan başqa ölkələri fəth etməyə çalışmırdı, amma onun özünü də fəth etmək asan deyildi.

Ərəbistan səhralar ölkəsi idi, səhralar və dağlar azadlığı sevən güclü insanlar yetişdirirdi, onları təslim etmək asan iş deyildi. Ərəbistan varlı məkan deyildi, yadelli işğalçıları və imperialistləri bura cəlb edə biləcək az şey var idi. Orada dənizə yaxın yerləşmiş cəmi iki böyük şəhər vardı – Məkkə və Yəsrib (Mədinə). Bunlardan əlavə, yalnız səhrada yerləşən yaşayış məskənləri vardı, sakinlər isə “bədəvilər”, yəni səhra adamları adlanırdı. Sürətli dəvələr, gözəl atlar onların daimi yoldaşı idi...

Onlar məğrur, amma tez inciyən idilər, asanlıqla dalaşırdılar. Onlar qəbilə və tayfa şəklində yaşayır, başqa qəbilələrlə düşmənçilik edirdilər. İldə bir dəfə öz aralarında sülh bağlayır, çoxsaylı tanrılara ibadət etmək üçün Məkkəyə ziyarətə gedirdilər. Məkkədə tanrıların rəmzləri (bütlər) yerləşirdi. Qara daşdan tikilmiş böyük Kəbə evi xüsusi ehtirama malik idi...

Qəribədir ki, uzun əsrlər boyunca yarıyuxulu vəziyyətdə qalmış, ətrafda baş verən hadisələrdən tam təcrid olunmuş bu ərəb milləti qəflətən necə ayıldı, bütün dünyanı heyrətə salan və müvazinətdən çıxaran nəhəng bir enerji nümayiş etdirdi. Ərəb millətinin tarixi, Asiya, Avropa və Afrikada sürətli irəliliyişi, yüksək mədəniyyət və sivilizasiya yaratması dünya tarixinin möcüzələrindən biridir. İslam ərəbləri oyadan, onlara enerji və inam bəxş edən yeni qüvvə və ya ideya oldu...

İslamın və ərəblərin qalibiyyət yolunu izləməzdən əvvəl o zamanlar ətrafda nələr baş verdiyinə qısaca nəzər salaq. Roma süqut etmiş, qədim yunan-roma sivilizasiyasının sonu çatmışdı. Onun yaratdığı bütün ictimai təsisatlar məhv olmuşdu. Şimali Avropanın tayfa və qəbilələri daha mühüm rol oynamağa başlamışdı. Romadan nə isə əxz etməyə çalışdıqları halda, onlar əslində tamam yeni sivilaziya növü yaradırdılar. Amma bu, hələ demək olar ki, sezilməyən başlanğıc idi. Beləliklə, köhnə sivilizasiya aradan getmiş, əvəzinə yenisi gəlməmişdi, ona görə də Avropada zülmət hökm sürürdü. Doğrudur, onun şərq ucqarında hələ çiçəklənməkdə olan Şərqi Roma imperiyası mövcud idi. Konstantinopol o zamanlar Avropanın ən iri və möhtəşəm şəhəri sayılırdı. Amma bununla belə, imperiya zəifləməkdə idi. Sasani İranı ilə ardıcıl müharibələr gedirdi. İran şahı II Xosrov Konstantinopolun şərq vilayətlərini zəbt etmişdi, hətta faktiki olaraq Ərəbistana hökm edirdi. Xosrov Misiri də fəth etmiş, düz Konstantinopola kimi gəlib-çıxmışdı. Amma burada Bizans imperatoru İrakli ona qalib gəldi. Sonralar Xosrov öz oğlu Şiruyə tərəfindən öldürüldü.

Qərbdə Avropa, şərqdə İran özünün pis günlərini yaşayırdı. Xristian təriqətləri arasındakı aramsız mübahisələri də bura əlavə et. Qərbdə, eləcə də, Afrikada təhrif edilmiş xristianlıq çiçəklənirdi. İranda zərdüştilik dövlətin bir parçası olmuşdu və zorla xalqa qəbul etdirilirdi. Beləliklə, həm Avropada, həm Afrikada, həm də İranda sadə xalq mövcud dinlərdən məyus olmuşdu. Üstəlik, VII əsrin əvvəllərində Avropada tüğyan edən yoluxucu xəstəliklər milyonlarla insanın həyatına son qoydu.

Hindistanda Xarşavardxan hakimiyyət sürürdü. Onun zamanında Hindistan qüdrətli dövlətə çevrildi, amma onun vəfatından sonra Şimali Hindistan parçalanıb zəiflədi. Şərqə doğru yerləşən Çində Tan sülaləsinin hakimiyyət dövrü başlayırdı. 627-i ildə bu sülalənin ən güclü imperatorlarından olan Tay-Szun taxta çıxdı. Onun hakimiyyəti zamanı Çin imperiyası qərbə doğru xeyli yayıldı. Mərkəzi Asiyanın əksər dövlətləri ona tabe olub xərac verirdi. Amma bu nəhəng imperiyada mərkəzləşdirilmiş hakimiyyət yox idi.

İslam yaranarkən Avropada və Asiyada vəziyyət belə idi. Çin güclü olsa da, uzaqda yerləşirdi. Hindistan ən azı müəyyən müddət boyunca kifayət qədər güclü idi, amma uzun müddət İslamla Hindistan arasında qarşıdurma olmadı. Avropa və Afrika zəifləmiş və tükənmişdi.

Hicrətdən 7 il sonra Mühəmməd (s) fateh kimi Məkkəyə qayıtdı. Hələ bundan əvvəl o, dünya hökmdarlarına Mədinədən məktublar göndərərək, onları vahid Allaha iman gətirməyə və peyğəmbəri qəbul etməyə çağırmışdı... Mühəmmədin (s) öz qüvvəsinə və missiyasına sonsuz inamını bu məktublardan duymaq olar. Öz qüvvəsinə olan bu arxayınlığı və inamı o, öz həmyerlilərinə də təlqin etdi. Səhrada yaşayan və o zamana kimi tarixdə böyük rol oynamayan xalq bundan ilhamlandı və o dövrün insanlarına məlum olan dünyanın yarısını fəth etdi.

Öz qüvvəsinə arxayınlıq və inam öz-özlüyündə mühüm amil idi. Amma İslam həm də insanlara qardaşlıq ideyasını, müsəlman olan hər kəsin bərabər olduğunu çatdırdı. Xalqa müəyyən qədər demokratiya verildi. Təhrif edilmiş xristianlıqla müqayisədə bu qardaşlıq ideyası yalnız ərəblər üçün deyil, ərəblərin qədəm basdıqları ölkələrin əhalisi üçün də böyük cəlbedici gücə sahib idi...

(ardı var)



Yerləşdirilib:9 May, 2018, Baxılıb:3537, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com