İmam Sadiqdən (ə) həyat düsturu

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-967.html)

Daha sonra İmam öz sözlərinə aydınlıq gətirərək buyurdu:

“Bəndə, Allahın ona tapşırdığı şeyi öz mülkü hesab etmədiyi zaman başqalarına paylaması Allah tərəfindən əmr olunmuş malı vermək ona asan gələr. Bəndə öz tədbirini tədbirtökənə (yəni Allaha) həvalə edəndə dünyanın çətinlikləri ona asan görünər. Bəndə öz məşğuliyyətini Allahın əmrlərini icra edib, qadağanlarından çəkinməklə məhdudlaşdırsa, özünü göstərməyə və camaatın qabağında fəxr etməyə macal tapmaz.

Əgər Allah bir kəsə bu üç neməti əta etsə, dünya işləri, İblisin hiylələri və insanların etdikləri onun üçün əhəmiyyət daşımaz, dünya malını ehtiyacından artıq toplamaz, özgələrin qabağında lovğalanmaz, başqasının əlində olan malı özü üçün istəməz. Ömrünün günlərini əbəs və mənasız işlərə həsr etməz. Bu, təqvanın birinci (ən aşağı) mərtəbəsidir. Allah-Taala bu barədə buyurur: “Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir” (Qəsəs, 83).

Söhbət bu yerə çatanda Ünvani-Bəsri dedi: “Ya Əba Abdullah! Mənə nəsihət et!”

İmam buyurdu: “Sənə doqquz şeyi tapşırıram. Bunlar mənim Allahın yolunu izləyən hər kəsə etdiyim tövsiyələrdir. Allahdan istəyirəm ki, bunlara riayət etməyi sənə qismət etsin.

Doqquz məsələnin üçü nəfsin riyazətinə (yəni ruhu müxtəlif maddi-mənəvi çalışmalarla əziyyətə salıb tərbiyə etməyə), üçü helmə (mülayimlik və dözümlülüyə), üçü isə elmə aiddir. Ey Ünvan, bunları yaxşı yadda saxla və əməl etməkdə səhlənkarlığa yol vermə!

Nəfsin riyazətinə bağlı olan üç məsələ bunlardır:

İştahın çəkməyən bir şeyi yemə! Bu iş ağıl qüvvəsini zəiflədər və şüuru azaldar.

Yalnız acıyanda ye, yalnız halal qida ye. Yeməzdən qabaq Allahın adını çək (“bismillah” söylə). Peyğəmbərin (s) bu hədisini xatırla: “İnsan oğlunun doldurduğu ən pis qab mədədir”.

Yeyəndə mədənin üçdən-bir hissəsini qida üçün, o biri hissəni su üçün, axırıncı hissəni də tənəffüs (nəfəs almaq) üçün saxla.

Helmə aid olan üç məsələ bunlardır:

Bir kəs sənə desə ki, əgər mənə bir kəlmə desən, əvəzində on kəlmə eşidəcəksən, o adama cavab ver: “Əgər mənə on kəlmə desən, bir kəlmə də cavab eşitməyəcəksən”. (Burada mübahisə və söyüş nəzərdə tutulur. Adətən, mübahisə zamanı tərəflərdən biri o birinə nə isə deyir, qarşı tərəf isə ona daha kəskin şəkildə cavab verir, beləliklə, mübahisə qızışır və xoşagəlməz nəticə meydana çıxır. İmam buyurur ki, nəinki sənə edilən təhdidə və nalayiq sözlərə artıqlaması ilə cavab vermə, hətta ümumiyətlə bu kimi sözləri cavabsız burax. Hətta İmam bu barədə qarşı tərəfə qabaqcadan xəbər verməyi təklif edir. Yəni mübahisə başlamazdan əvvəl qarşı tərəfə bildir ki, sən onun sözlərinə cavab verməyəcək və vəziyyəti gərginləşdirməyəcəksən).

Səni söyən adama söylə: “Əgər dediklərin doğrudursa (yəni dediyin mənfi sifətlər məndə varsa), Allahdan istəyirəm ki, məni bağışlasın və islah etsin. Əgər yalan deyirsənsə, Allahdan istəyirəm ki, (böhtan atdığına görə) səni bağışlasın.

Kimsə səni təhdid edib qorxutsa, ona nəsihət ver və onun haqqında yaxşı düşündüyünü söylə.

Elmlə bağlı olan üç tövsiyəm isə bunlardır:

Bilmədiyini alimlərdən soruş. Amma heç zaman başqasını çaşdırmaq və yoxlamaq üçün sual vermə.

Heç vaxt bir məsələ haqqında (lazımınca biliyin yoxdursa), öz rəyinə uyğun hərəkət etmə. İmkan olduğu təqdirdə ehtiyata əməl et (şübhəli işlərdən çəkin, şübhəli məsələlərdən uzaq qaç, halal olduğunu dəqiq bilmədiyin işləri haram say).

(Səlahiyyətin çatmadığı halda) fətva verməkdən çəkin, yırtıcı aslandan qorxduğun kimi bu işdən qorx. Öz boynunu camaat üçün körpü etmə (yəni imkan vermə ki, insanlar sənin fətvandan sui-istifadə edib, öz haram işlərinə haqq qazandırsınlar; bunun məsuliyyəti sənin öhdəndə olacaq)”.

Daha sonra İmam Cəfər Sadiq (ə) buyurdu:

“İndi isə, ey Ünvan, yanımdan durub get. Mən sənə xeyirli nəsihət verdim. Sən də mənim zikrlərimi pozma (dua və zikr üçün ayırdığım vaxtı tutma). Mən özümə (öz zamanıma və əməllərimə) qarşı məsuliyyətliyəm. Hidayətə tabe olanlara salam olsun!”


Yerləşdirilib:30 Aprel, 2018, Baxılıb:4142, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com