İmam Sadiqdən (ə) həyat düsturu

Birinci hissə

Dini mənbələrdə, xüsusilə, əxlaq və irfan kitablarında geniş diqqət yetirilən hədislərdən biri də Ünvani-Bəsri hədisidir. Mərhum Əllamə Məclisi bu hədisi Şeyx Bəhainin əlyazmaları arasında gördüyünü, onun da bu hədisi Şəhidi-sanidən nəql etdiyini yazmış və “Bihar əl-ənvar”da ona yer ayırmışdır. Əllamə Təbatəbai, Ayətullah Behcət, Seyyid Haşim Həddad, Seyyid Əbdülkərim Kəşmiri, həmyerlimiz Seyyid Hüseyn Badkubeyi kimi böyük alimlərin ustadı olmuş məşhur arif Seyyid Əli Qazı Təbatəbai bu hədisə xüsusi diqqət yetirirdi. Hətta tələbələrinə tövsiyə edirdi ki, əxlaqi çirkinliklərdən qurtulmaq, mənəvi gözəlliklərə nail olmaq üçün bu hədisi öz əlləri ilə köçürüb ciblərində gəzdirsinlər, həftədə ən azı bir ya iki dəfə oxusunlar; ən mühüm isə, orada yazılanlara əməl etməyə çalışsınlar. Qazı Təbatəbainin seçilmiş şagirdlərindən olan Əllamə Tehrani Ünvani-Bəsri hədisinin şərhinə kitab həsr etmişdir.

Ünvani-Bəsri hədisi öz nəfsani istəklərindən qurtulmaq, həqiqi elm və mərifət qazanmaq arzusunda olan şəxslər üçün ən gözəl təlimatnamədir. İmam Cəfər Sadiq (ə) bu hədislə Allaha gözəl bəndəlik etməyin sirrini bəyan etmişdir. Hədisdən çıxan mühüm nəticələrdən biri budur ki, həqiqi mərifət oxumaq və öyrənməklə əldə edilməz; bu, Allah tərəfindən qəlbə ötürülən bir nurdur. Bu nura layiq olmağın yolu isə Allaha layiqli şəkildə ibadət və itaət etməkdən keçir...

...Bəsrədən olan Ünvan adlı şəxs Mədinəyə gəlib bir müddət Malik ibn Ənəsin (maliki məzhəbinin əsasını qoyan alimin) dərslərinə qatıldı. Daha sonra İmam Cəfər Sadiqin (ə) şöhrətini eşidib, onun elmindən faydalanmaq fikrinə düşdü. Ünvan ardıcıl olaraq hər gün İmamın hüzuruna gəlir, onun yanında oturur, suallarını təqdim edib cavab alır, İmamın başqa şəxslərlə söhbətini dinləyib faydalanırdı. Bu zaman Ünvani-Bəsrinin yaşı 94-ə çatmışdı, yaşı çox olduğuna görə zehni güclü deyildi. Onun gediş-gəlişi İmamın vaxtını alırdı. Axırda İmam Cəfər Sadiq (ə) Ünvana buyurdu: “Mənim yanıma gələnlər çox olur (hətta xəlifənin adamları da yanıma gəlib, məndən saraya xəbər aparırlar). Həmçinin, mənim günün hər saatı üçün oxunası dua və zikrlərim vardır (və onları vaxtında icra etməyə mane olursan). Sən yenə Malikin dərslərinə qayıt”.

Ünvan İmamın hüzurundan pərişan halda çıxdı. Ürəyində dedi ki, gör necə faydasız adamam, İmam məni ünsiyyətdən məhrum etdi. Ünvan bir neçə gün Peyğəmbərin (s) məzarı üstünə gedib həzrəti ziyarət etdi, ruhuna salavat göndərdi, iki rükət namaz qılıb belə dua etdi: “İlahi! İmam Cəfərin qəlbini mənə tərəf yönləndir ki, Sənin doğru yoluna (sırat əl-müstəqimə) hidayət edəcək qədər elmi mənə öyrətsin”.

Bundan sonra Ünvan evə qapanır, yalnız məsciddə namaz qılmaq üçün evdən çıxır. Malikin dərslərinə də getmir, İmam Sadiqin (ə) hüzuruna qayıtmaq arzusu ilə alışıb yanır.

Nəhayət, bir daha İmamla görüşmək qərarına gəldi. Bu niyyətlə həzrətin evinin qapısına yanaşdı, içəridən çıxan xidmətçi İmamın namaz qıldığını söyləyib gözləməyi tapşırdı. Bir azdan xidmətçi Ünvani-Bəsrini içəri dəvət etdi.

Ünvan otağa daxil olub, İmamla salamlaşdı. Həzrət Sadiq (ə) ondan gəlişinin səbəbini soruşdu. Bəsrəli qoca cavab verdi: “Allahdan istədim ki, sizin qəlbinizi mənə mehrin etsin, sizin elminizdən mənə pay versin. Ümid edirəm ki, Allah dualarımı müstəcab edər”.

İmam buyurdu: “Elm (mərifət) öyrənməklə əldə edilməz; bu, bir nurdur ki, Allah onu istədiyi bəndənin qəlbində yerləşdirər. Əgər elm əldə etmək istəyirsənsə, əvvəlcə öz ruhunda bəndəliyin həqiqətini axtarıb tapmalısan. Elmi, ona əməl etməklə yanaşı öyrən”.

Ünvani-Bəsri soruşdu: “Ya Əba Abdullah! Bəndəliyin həqiqəti nədir?”

İmam cavab verdi: “Bəndəliyin həqiqəti üç şeydən ibarətdir. Birincisi, gərək bəndə Allahın ona tapşırdığı (əmanət verdiyi) şeyi öz mülkü hesab etməsin. Çünki bəndələrin mülkiyyəti olmaz, bəndə hər şeyi Allahın mülkü hesab edər, hər şeyi məhz Allahın əmr etdiyi yerə qoyar.

İkincisi, bəndə özündən ötrü tədbir tökməz, çünki tədbir Allahın əlindədir.

Üçüncüsü, bəndənin bütün məşğuliyyəti Allahın ona əmr etdiklərini yerinə yetirməkdən və qadağan etdiklərindən çəkinməkdən ibarət olar”...

(Ardı var)


Yerləşdirilib:25 Aprel, 2018, Baxılıb:4533, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com