Yuxu haqqında bilmədiklərimiz

(Əllamə Təbatəbainin “əl-Mizan” təfsirindəki qeydləri əsasında)

Böyük Quran mütəxəssisi Əllamə Təbatəbai “əl-Mizan” təfsirində Həzrət Yusifin (ə) əhvalatı ilə bağlı yuxu və onun növləri, yuxunun yaranma səbəbləri və yozum imkanları barədə geniş və maraqlı bəhs açmışdır. Müəllif bu mücərrəd (abstrakt) mövzu barədə fikirlərini kifayət qədər sadə və anlaşıqlı dildə ifadə etməyə nail olmuşdur. Geniş oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alaraq, Əllamə Təbatəbainin yuxu haqqında fikirlərini cüzi ixtisar və sadələşdirmə ilə diqqətinizə təqdim edirik.

***

Şübhə yoxdur ki, yuxu idraka bağlı olan bir məsələdir, amma xəyal qüvvəsi də onun üzərində müəyyən təsirə malikdir. Xəyal qüvvəsi daim fəaliyyətdədir. O, öz işini lamisə, eşitmə və sairə bu kimi hisslərin vasitəsilə əldə etdiyi məlumatlar əsasında qurur. Çox zaman öz “xəzinə”sində (bazasında) saxladığı bəsit və mürəkkəb obrazları, məfhumları təhlil edir. Məsələn, insan bədəninin ayrı-ayrı üzvlərini (baş, qol, qıç və s.) təhlil edir. Bəzən bəsit maddələri mürəkkəbə çevirir; məsələn, öz bazasındakı ayrı-ayrı elementlərdən bütöv insan qurur. Hərdən onun yaratdığı “məhsul” həqiqətlə uyğun gəlir, hərdən isə yox (məsələn, başsız və ya on başlı insan obrazı yaradır).

İnsan bədənini əhatə edən mühitin xüsusiyyətləri (istilik ya sərinlik kimi), eləcə də, orqanizmin daxili vəziyyəti (xəstəlik, narahatlıq, toxluq kimi) xəyal qüvvəsinə və son nəticədə yuxuya öz təsirini qoyur. Məsələn, ayıqlıq və ya yuxu halında hərarətə məruz qalan adam yuxuda özünü alovun içində görür, sərinlik hiss edən şəxs isə yuxuda qar üzərində yeridiyini hiss edir. Sağlamlığı pozulmuş, yaxud həddindən artıq çox yemiş adam yuxuda narahatlıq duyur, qarışıq və vahiməli yuxular görür.

İnsanın əxlaqi xüsusiyyətləri də yuxuya təsir edir. Ayıqlıqda bir şəxsə qarşı hədsiz eşq bəsləyən adam onu heç zaman unuda bilmədiyi üçün yuxuda da həmin şəxsi görür. Ayıq halda qorxaq təbiətə malik olan, kiçik hənirtidən təşvişə düşən şəxs yuxularında da dəhşətli mənzərələrlə üzbəüz qalır. Qəzəb, ədavət, təkəbbür, tamah kimi mənfi əxlaqi sifətlər də adamın yuxusuna müxtəlif şəkillərdə sirayət edir.

Əslində insan nəfsi yuxular vasitəsilə xarici (təbii) və daxili (fizioloji və əxlaqi) amillərin ona göstərdiyi təsiri ifadə edir. Yuxu yalnız bu baxımdan həqiqətə malikdir.

Amma diqqət yetirməliyik ki, heç də bütün yuxular bu cür deyil. Elə saleh və doğru yuxular var ki, həqiqətlərin üzərindən pərdəni götürür, onları inkar etmək mümkün deyil. Bununla yanaşı, bu cür yuxulara nə xarici təbii amillər, nə batini əxlaqi xüsusiyyətlər, nə də ətrafda baş vermiş hadisələr təsir göstərir. Bu yuxularla real hadisələr, yaxud gələcəkdə baş verəcək olaylar arasında heç bir bağlılığın olmadığını söyləmək yanlışdır.

Buna etiraz edənlər belə bir şübhə irəli sürürlər: mövcud olan bir hadisə (yuxu) ilə mövcud olmayan (hələ baş verməmiş) bir hadisə arasında bağlılığın olması qeyri-mümkündür. Məsələn, mümkün deyil ki, bir şəxs yuxuda ikən filan yerdə dəfinə gizlədildiyini, o dəfinənin dəqiq yerini, miqdarını, qabının quruluşunu görsün, yuxudan durub həmin yerə getsin, oranı qazıyıb dəfinəni tapsın. İnkarçılar deyirlər ki, insanın nəfsi ilə onun zahiri və batini hisslərindən tam uzaq olan hadisə arasında rabitə baş verməsi mümkün deyil.

Bu şübhənin cavabında alimlər demişlər: Yatmış insanın nəfsi əvvəlcə hadisənin səbəbi ilə rabitə yaradır, həmin səbəblə ki, təbiət aləminin fövqündə qərar tutmuşdur. Nəfslə hadisənin səbəbi arasında rabitə qurulduqdan sonra nəfslə həmin hadisənin özü arasında rabitə yaranır.

Bir qədər izah verək. Aləmlər üç cürdür:

Birincisi, təbiət aləmi. Bu, içində yaşadığımız dünyadan ibarətdir. Bu dünyanın varlıqları maddi obrazlardır, burada nizamlı şəkildə hərəkət və sükut, dəyişmə vardır.

İkincisi, bu aləmin fövqündə olan misal aləmi. O, məkan baxımından (yuxarıda) deyil, varlıq baxımından bu dünyadan yüksəkdə durur. Bu aləmdə də varlıqların öz obrazı var, amma onlar maddi deyil. O aləmdə baş verən hadisələr də səbəb-nəticə qanununa tabedir, yəni bizim dünyamızda baş verən hadisələr misal aləmindən enir və yenə ora qayıdır.

Üçüncüsü, misal aləminin fövqündə duran əql aləmi. O aləmdə də yaşadığımız aləmin həqiqətləri mövcuddur, amma bunlar nə təbii maddə, nə də misali obraz halındadır. Əql aləmi də misal aləminə münasibətdə səbəb-nəticə bağlılığına sahibdir.


Yerləşdirilib:6 Aprel, 2018, Baxılıb:4714, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com