Seyyidlik yalnız bir məzhəblə məhdudlaşmır

(Dördüncü hissə)

Seyyidlərlə bağlı qurum və yalançı seyidlər

(Əvvəli: http://az.islam.az/article/a-956.html; http://az.islam.az/article/a-957.htmlhttp://az.islam.az/article/a-960.html)

İslam tarixində ilk dəfə Abbasi xilafəti zamanında, təqribən IX əsrin ortalarında nəqibül-əşraf qurumunun təsis edildiyini yazırlar. Bu qurumda həm Peyğəmbərin (s) əmisi Abbasın, həm də Əbutalibin nəslindən olan seyyidlər təmsil edilirdi. Belə ki, qurum iki hissəyə bölünmüşdü: Abbasın soyundan gələnlərə nəqib əl-Abbasiyyin, Əbutalibin soyundan gələnlərə isə nəqib əl-Talibiyyin nəzarət edirdi.

Ərəb dilində nəqib divarı deşib keçən, yol açan şəxsə deyirlər. Ümumi anlamda bir toplumun nümayəndəsi, elçisi mənasını verir.

Sonrakı əsrlərdə nəqibül-əşraf qurumları bütün iri müsəlman dövlətlərində təşkil edilmiş və fəaliyyət göstərmişdir. Bu qurumun mövcudluğu barədə məlumat olmayan dövlətlərdə də seyyidlərə böyük ehtiram göstərilmişdir.

Miladi XI əsrdə Bağdadda yaşamış diplomat və fəqih Əbülhəsən Mavərdi dövlət idarəçiliyindən bəhs edən “əl-Əhkam əl-sultaniyyə” kitabında nəqiblik idarəsinə, onun quruluş və vəzifələrinə xüsusi fəsil ayırmışdır. Mavərdi qeyd edir ki, nəqibül-əşraflıq idarəsinin əsas vəzifələri aşağıdakılardan ibarət olmalıdır: seyyid və şəriflərin dəqiq qeydiyyatını aparmaq, onların ailələrində doğulan uşaqların və dünyadan köçənlərin adlarını, cinslərini qeydə almaq, kimlərlə izdivac etdiklərini qeydə almaq, cəmiyyət içində onların ehtiramının qorunmasını təmin etmək və s.

Burada bir ehtimalı qeyd etmək istərdik. Abbasilər zamanında Ələvi seyyidlərlə bağlı nəqib qurumunun yaradılmasının əsas məqsədi bəlkə də seyyidlərin hüquqlarını qorumaq deyil, əksinə, onları nəzarətdə saxlamaq, bu nəslin nümayəndələri ilə xalqın ünsiyyət qurmasının qarşısını almaq və onlara istənilən  təzyiq göstərmək imkanına sahib olmaq idi. Belə ki, nəqib qurumunda bütün seyyidlərin siyahısı, onlarla qohum olan və deməli, onlara rəğbət bəsləyən nəsillərin adı mövcud idi. Eləcə də, seyyidlər iqtisadi cəhətdən nəqib qurumundan asılı vəziyyətə düşürdülər və onlara bu qurum vasitəsilə maddi təsir göstərmək mümkün idi.

Abbasilər zamanında seyyidlərlə bağlı qurumun iki qoldan ibarət olması da diqqətçəkicidir. Belə ki, nəqiblərdən biri Abbasi seyyidlərin, o birisi isə Talibi seyyidlərin işlərinə nəzarət edirdi. Məlum olduğu kimi Abbasilər özlərini hakimiyyətə Əli (ə) nəslindən daha layiq bilirdilər. Bunu onunla əsaslandırırdılar ki, onlar Peyğəmbərin (s) əmisi Abbasın nəslindən, yəni kişi xətti ilə gəlirlər. Amma Ələvi seyyidlər isə Peyğəmbərə (s) qızı Həzrət Fatimənin (ə) vasitəsilə bağlanırlar, yəni qadın xətti ilə gəlirlər.

Harun ər-Rəşid də İmam Musa Kazimlə (ə) bu mövzuda mübahisə etməyə çalışmış və məğlub olmuşdu.

Zənnimizcə, nəqiblik qurumunun iki hissəyə bölünməsi də məhz bu fərqi qabartmaq və Abbasilərlə Talibilərin fərqli statusunu vurğulamaq məqsədi daşıyırdı. Abbasilərin üzdə seyyidlərə ehtiram göstərmək siyasətinin arxasında qəddar soyqırımı plani dururdu.

Seyyid və şəriflərin müsəlmanlar arasında böyük nüfuza malik olmaları bu mövzuda sui-istifadələrə də yol açırdı. Öz siyasi və maddi maraqlarına çatmaq üçün bəzi qüvvələr yalandan seyyidlik iddiası etməyə başladılar. Çünki Peyğəmbər (s) nəslinə mənsub olmaq liderliyə layiq olmaq və öz ətrafına böyük qüvvələr toplaya bilmək imkanı demək idi. İlk dəfə yalandan seyyidlik iddiası faktı Kordova (Əndəlus) Əməvi əmirliyinin ilk hökmdarı I Əbdürrəhman Dəxilin zamanında baş vermişdir. Bərbər tayfasından olan Şəqnə (və ya Şəqna) ibn Əbdülvahid adlı bir nəfər Həzrət Fatimə (ə) soyundan olduğunu elan etmiş və qiyam qaldırmışdı.


Yerləşdirilib:4 Aprel, 2018, Baxılıb:3660, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com