Əli tənhadır

(Əli Şəriətinin “Əli tənhadır” məqaləsindən ixtisarla tərcümə edilmişdir)

...Biz həmişə (əsil) qələbəni (zahiri) qələbədə görürük və tanıyırıq. Amma Əli bizə çox böyük dərs verdi; bu da ondan ibarətdir ki, qələbə məğlubiyyətdədir.

Necə olur ki, bir imam, bir rəhbər, bir insanlıq öndəri gah qalib gəlməklə dərs verir, gah da məğlubiyyəti qəbul etməklə, gah danışmaqla öyrədir, gah da sükutla?

Həzrət Əmirəl-möminin barədə yazmış olduğum bir məqalədə... qeyd etmişdim ki, əksər alim və yazıçıların, hətta müasir qeyri-şiə ədiblərin etirafına görə, “Nəhcül-bəlağə” ərəb ədəbiyyatının ən gözəl mətnidir. Bu, elə sözlərdir ki, ədəbi baxımdan gözəlliyin zirvəsində durur, düşüncə baxımından çox dərindir, əxlaq baxımından nümunə və ibrətdir. Onun içində elə ifadələr vardır ki, hər oxucu etiraf etməyə məcbur olur: bəşər aləmində bu ifadələrin tayı-bərabəri yoxdur. Bu ifadələr və sözlər Əliyə məxsusdur.

Amma mən buna inanıram ki, Əlinin ömür boyu söylədiyi sözlərin içində ən aydın, bəlağətli, gözəl və təsirli olanı, ən çox öyrədicilik gücünə sahib olanı Əlinin 25 illik sükutudur. Bu sükut bütün insanlara, Əlini tanıyan insanlara müraciətdir.

Bir insan üçün, özü də güşənişin və rahib birisi üçün yox, ictimai baxımdan fəal bir insan üçün 25 illik çox ağır sükutun özü bir sözdür, bir çıxışdır. Buna görə İmam gah sözlə danışır, gah da sükutla, gah öz qələbəsi ilə öyrədir, gah da məğlubiyyəti ilə.

Onun müraciəti bizə ünvanlanıb. Bizim missiyamız da məlumdur: bu dərsləri tanımaq, bu sözləri oxumaq və bu sükutu dinləmək...

İndiyə kimi Əli haqqında danışılması gərəkən, amma danışılmayan məsələ onun tənhalığıdır. Prinsipcə, insan tənha varlıqdır. Bütün nağıllarda, əsatirlərdə, bütün bəşəri dinlərdə, bütün tarix boyunca insanın tənhalığı müxtəlif formalarda, fərqli dillərdə bəyan edilib. Bu dünyada insanın dərdi onun tənhalığıdır. Bəs, tənhalığın səbəbi nədir? Erik From deyir: “Tənhalıq eşqdən və biganəlikdən (uzaqlıqdan) doğur”. Tamamilə doğrudur!

Bir məbuda, bir məşuqa eşq bəsləyən şəxs bütün başqa simalara qarşı laqeyd olar, ondan başqasını istəməz. O olmayanda bu aşiq də tənha qalar. Ətrafındakı fərdlərə, əşyalara biganə olan, özünü onlara qatmayan, onlarla anlaşmayan şəxs tənha qalar və tənhalıq hiss edər.

İnsan hər nə qədər insan olmaq mərhələsinə yaxınlaşırsa, daha çox tənhalıq hiss edir...

Əli Şəriəti

Əgər böyük şəxsiyyətlərin həyatını oxusaq, görərik ki, onların xarakterik cəhətlərindən biri öz zamanlarında tənha olmaları idi. Onlar öz zəmanələrində tanınmaz və qəribdirlər, öz vətənlərində yaddırlar, onların özünü, əsərlərini, sözlərini, düşüncə səviyyələrini, bacarıqlarını sonrakılar daha yaxşı anlaya bilirlər.

İnsanı cəmiyyətdə tənha edən amillərdən biri də budur: bütün camaatın tanıdığı şeyə o, biganəlik göstərər; bütün camaatın ləzzətlə içdiyi bulağın başında o, təşnə halda durar; hamının yediyi və doyduğu süfrənin yanında o, ac qalar. Ruh kamilləşdikcə, Quranda Adəmin əhvalatı şəklində xatırlanan uca İnsan mərhələsinə yetişdikcə, daha da tənhalaşar.

Kim tənha deyil? O kəs ki, hamı ilə birlikdədir, yəni hamının səviyyəsindədir, zamanın rənginə boyanır, hamının rənginə boyanır, hamı ilə anlaşır, hər cür formaya və ölçüyə malik varlıqlarla uyğunlaşır...

Görürük ki, ağlayan və fəryad edən, sükutu dərdli, sözü dərdli olan, ömrü boyu qılınc çalıb döyüşən, fədakarlıq göstərən, öz gücü və cihadı ilə cəmiyyət qurub yaradan Əli, bu hərəkatın qələbəsindən sonra o qədər dostun əhatəsində yenə tənhadır. Daha sonra görürük ki, səssiz gecələrdə Mədinədən çıxır, başını quyuya sallayıb haray çəkir. O qədər dost, o qədər silahdaş, Peyğəmbər səhabələri ilə o qədər ünsiyyət Əli üçün yetərincə anlaşma kəsb etmir. Çünki onların heç birinin səviyyəsində deyil. Dərdini söyləmək, danışmaq istəyir, amma eşidən qulaq, anlayan qəlb, dərdinə şərik olan munis yoxdur.

Yəsribdə, yəni onun qılıncının və sözünün sayəsində qurulmuş bir şəhərdə, bir cəmiyyətdə özünə yoldaş tapmır, gecəyarı şəhər kənarındakı xurma bağlarına gedir, ətrafına həyəcanla baxır ki, heç kim onu görməsin!..

Bir yazıçının dediyi kimi, “aslan gündüzlər ağlamaz”. Tülkülərin, canavarların gözü qarşısında aslan ağlamaz, ən ağrılı dərdlərin qarşısında öz sükutunu, vüqarını və əzəmətini qoruyar. Amma gecələr tənha qalanda aslan ağlayar...

O, gecəyarı xurmalığa gedər, çünki orada heç kim yoxdur, camaat öz evində rahat yatır, heç bir dərd onları gecəyarı yuxudan oyatmayıb. Bu insan yer üzündə özünü tənha hiss edir, yerə-göyə qarşı laqeyddir, yalnız missiyası və vəzifəsi onu bu şəhərə və bu cəmiyyətə gündəlik olaraq bağlayır. O, xurmalığa gedir, istəmir ki, kimsə onu bu halda görsün. Kimsə görsün ki, aslan gecəyarı ağlayır. Naləsi heç bir gerizəkalının qulağına, heç bir murdar baxışlının gözünə bulaşmasın deyə, başını quyuya sallayıb ağlayır.

Bu ağlayışın səbəbi nədir? Əfsus, onun ağlaması hamı üçün sirdir. Ona görə ki, xilafəti qəsb olunub? Ona görə ki, Fədək əlindən çıxıb? Ona görə ki, filankəs iş başına gəlib? Ona görə ki, məqamından uzaq salınıb? Ona görə ki?.. Ona görə ki?.. Bu suallar bir-birini ardınca gətirir...

Bu ruh yaşadığı dünyaya laqeyddir, o, özünü yaşadığı cəmiyyətin səviyyəsinə, ətrafında olanların qəbilə təəssübü ilə qarışmış İslam təfəkkürünə endirmək istəmir. O, həmin bağlılıq və asılılıqlara, mənəm-mənəmliklərə, Peyğəmbər səhabələrinin İslamı dərk etmə səviyyəsinə özünü uyğunlaşdırmaq istəmir. Tənha qalıb və ağlayır.

Tarix boyunca Əli bir şəxsdə toplana bilməyəcək müxtəlif, hətta ziddiyyətli cəhətləri özündə toplamış yeganə insandır, qəhrəmandır. Həm sadə bir işçi kimi əlləri ilə yer qazır, qızmar mühitdə heç bir alətsiz bulaqlar qazır. Həm hikmət sahibi kimi düşünür, həm böyük arif və aşiq kimi Yaradana eşq bəsləyir, həm pəhləvan kimi qılınc vurur, həm siyasətçi kimi rəhbərlik edir, həm əxlaq müəllimi kimi cəmiyyətə bəşəri fəzilətlərin nümunəsini göstərir. Həm atadır, həm vəfalı dostdur, həm də nümunəvi həyat yoldaşıdır.

Belə bir səviyyəyə malik olan insan, təbii ki, dünyada tənhadır. Bu cür insan əqidə yolunda çalışıb iş görmüş, Peyğəmbərlə birlikdə qılınc çalmış, mübarizə aparmış, öz Peyğəmbərinin iman gətirdiyinə iman gətirmiş, amma Peyğəmbərə və İslama münasibətdə etiqad, iman və ixlas zirvəsində durmalarına rəğmən, hələ də qəbilə təəssübünü, mənəm-mənəmliyi unutmamış, istər qəsdən, istərsə də bilməyərəkdən vəzifə sevgisini yaddan çıxarmamış, Əli kimi mütləq və bütöv ixlasa yiyələnməmiş dostlarının və silahdaşlarının yanında, öz cəmiyyətinin içində tənhadır. O, uzun illər boyunca eyni düşüncə uğrunda, eyni yolda fəaliyyət göstərdiyi və qılınc çaldığı dostlarının arasında tənhadır...

Bundan daha ağrılı dərd budur ki, Əli öz ardıcıllarının və aşiqlərinin arasında da tənhadır! Öz eşqini və hisslərini, öz mədəniyyətini və tarixini Əli ilə bağlamış ümmətin içində o, tənhadır! Onu güclü pəhləvan, pərəstişə layiq şəxsiyyət sayırlar, amma tanımırlar. Bilmirlər ki, o, kimdir, onun dərdi nədir, sözü-istəyi nədir, ağrısı nədir, sükutunun səbəbi nədir?

Əlinin iki cür dərdi var. Bunların biri İbn Mülcəmin qılınc zərbəsindən başında hiss etdiyi ağrıdır. İkincisi isə onu təkbaşına səssiz gecələrdə Mədinə ətrafındakı xurmalığa aparan, fəryada gətirən dərddir. Biz yalnız onun İbn Mülcəmə məxsus qılınc zərbəsindən hiss etdiyi ağrıya ağlayırıq. Amma Əlinin dərdi bu deyil. Bu qədər böyük ruh sahibini fəryada gətirən dərd tənhalıqdır, biz bu dərdi tanımırıq. Gərək o dərdi yox, bu dərdi tanıyaq. Əli qılıncın ağrısını duymur, biz isə Əlinin dərdini duymuruq...


Yerləşdirilib:29 Mart, 2018, Baxılıb:3683, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com