Seyyidlik yalnız bir məzhəblə məhdudlaşmır

(Üçüncü hissə)

Əhli-sünnə cəmiyyətlərində seyyidlər

(Əvvəli: http://az.islam.az/article/a-956.html; http://az.islam.az/article/a-957.html)

Məqalənin ötən bölümlərində Peyğəmbər (s) nəslindən olanların şərafəti barəsində əhli-sünnə mənbələrində rast gəlinən hədislərə, eləcə də, əhli-sünnə məzhəb başçılarının seyyidlərə ehtiram və dəstəyi barədə məlumatlara işarə etdik. Bununla da, seyyidlik anlayışının guya şiəlik tərəfindən İslama gətirildiyi və yalnız şiə tarixində seyyidlərə önəm verildiyi barədə iddianın əsassız olduğu əslində sübuta yetmiş oldu. Məqalənin bu bölümündə İslam tarixi boyunca müsəlman cəmiyyətlərində və İslam dövlətlərində seyyidlərin malik olduqları məqam barədə söhbət açacağıq.

İslam tarixinin ilk dövrlərindən etibarən Həzrət Mühəmməd Peyğəmbərin (s) nəslinə münasibət  mühüm ictimai-siyasi amillərdən biri kimi görünməyə başlamışdır. Belə ki, Əməvilər sülaləsinin xalq içində nifrət qazanmasının və ümmətin aparıcı şəxsləri, alim və abidləri tərəfindən qınanmasının səbəblərindən biri də bu sülalənin Əhli-beytə (ə) qarşı xüsusi amansızlıqla davranmaları olmuşdur. Belə ki, Kərbəla hadisəsi, daha sonralar Zeydi-şəhidin və oğlunun qiyamının vəhşicəsinə yatırılması və hakimiyyətə qarşı çıxan şəxslərin hətta Peyğəmbər (s) nəslindən olmalarına rəğmən qəddarlıqla aradan götürülməsi Əməvi rejiminə qarşı ümumxalq nifrətinin oyanmasına təkan verdi.

Təsadüfi deyildir ki, Abbasilər sülaləsinin hakimiyyət uğrunda mübarizədə uğur qazanmasının da həlledici səbəblərindən biri onların Bəni-Haşim soyuna mənsub seyyid olmaları idi. Onlar öz hakimiyyət iddialarını əsaslandırmaq üçün məhz Peyğəmbər (s) nəslindən gəldiklərini, buna görə də hakimiyyətə Əməvilərdən daha layiq olduqlarını arqument kimi qabardırdılar. Abbasilər, eləcə də, Peyğəmbər (s) nəslinə qarşı Əməvilərin həyata keçirdikləri soyqırımına son qoymaq və həlak olmuş seyyidlərin intiqamını almaq missiyasını daşıdıqlarını iddia edirdilər. Abbasilərin hakimiyyət uğrunda mübarizədə əsas şüarı “Ali-Mühəmmədin (s) rizası (razılığı)” idi. Onlar bu razılığı qazanmaq və ümmətə bəxş etmək kimi ilahi bir missiyanı öz üzərlərinə götürdüklərini elan etmişdilər. Abbasilərin uğur qazanmaları, həm xalq kütlələri, həm də ziyalı təbəqə tərəfindən dəstək almaları da o zamanlar seyyidlərə qarşı ümumxalq sevgisinin olduğunu və Əhli-beytə (ə) qarşı düşmənçilik əməllərindən ümmətin cana doyduğunu göstərir. Nəzərə alaq ki, bu zamanlar müsəlman ümməti içində əqidə və şəriət baxımından məhz xüləfayi-raşidin məktəbinə bağlı olan əhli-sünnə düşüncəsi daha geniş yayılmışdı və məzhəbi baxımdan şiəlik azlıqda idi.

Orta əsrlədə İmam Əlinin (ə) nəslindən olanlar əsasən iki təbəqəyə bölünür və müvafiq adlarla tanınırdılar. Belə ki, İmam Hüseynin (ə) xətti ilə gələnlərə “seyyid”, İmam Həsənin (ə) xətti ilə gələnlərə “şərif” (cəmi əşraf, şürəfa) deyirdilər. Bu, əsasən əhli-sünnə aləminə məxsus olan bölgüdür. Şiə dünyasında bir qayda olaraq bütün Peyğəmbər (s) sülaləsini “seyyid” çağırırlar. Seyyidlərin fərqlənmə nişanlarına gəlincə, müxtəlif tarixi bölümlərdə bunlar da fərqlənmişdir. Daha çox yaşıl rəng seyyidlərin rəngi sayılmışdır. Belə ki, hökmdarların fərmanı ilə yalnız seyyidlərə yaşıl əmmamə taxmaq, yaşıl geyinmək icazə verilirdi. Tarixi mənbələr Abbasi xəlifəsi Harun ər-Rəşid zamanından başlayaraq seyyidlərin yaşıl libas və əmmamə geyindiklərini xəbər verir.

İstər Abbasilər zamanında, istərsə də tarixin sonrakı bölümlərində seyyidlərə müsbət münasibət müşahidə edilmişdir. Əlbəttə, həm Abbasilər, həm də digər sülalələr onların hakimiyyətinə təhlükə törədən seyyidlərə amansızlıqla divan tuturdular. Amma ümumilikdə Peyğəmbər (s) nəslinə ehtiram və sevgi təbliği aparılır, bu istiqamətdə ciddi işlər görülürdü. Seyyidlərə münasibətin həmişə zirvədə durmasına şərait yaradan amillər sırasında tarixin demək olar ki, bütün dönəmlərində xilafətdə və böyük müsəlman dövlətlərində böyük əhəmiyətə malik xüsusi bir qurumun – nəqibül-əşraflıq idarəsinin mövcudluğu qeyd edilməlidir.


Yerləşdirilib:22 Mart, 2018, Baxılıb:4484, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com