Sufi atributları

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-958.html)

Xirqə geyinmək və xirqə geyindirmək

(Davamı)

Qeyd edək ki, sufiliyin köklərini keçmiş dinlərdə axtaranlar xirqə geyinmək adətini də bunun sübutlarından biri hesab edirlər. Hinduizm və iudaizm dinlərində rəhbərlərin öz ardıcıllarına simvolik geyim geyindirmələri dəb olmuşdur. Tövratda Allah-Taalanın Həzrət Musaya (ə) bəzi tapşırıqları təsvir olunmuşdur ki, Harunu (ə) özünə canişin və Bəni-İsrailin baş kahini təyin edərkən ona hansı geyimləri geyindirsin. Tövratın “Çıxış” kitabında, 28-ci və 29-cu fəsllərdə Haruna (ə) geyindiriləcək bütün geyimlər, bəzək əşyaları və hakimiyyət nişanələri təfərrüatı ilə incələnmişdir. Maraqlıdır ki, Allah-Taala Musaya (ə) öz əlləri ilə Harunun (ə) əyninə məhz mavi rəngli geyim geyindirməyi əmr etmişdir.

Təsəvvüf aləmində həm xirqə geyinənin, həm də xirqə geyindirənin bəzi xüsusiyyətlərə sahib olması şərt sayılır. Məşhur sufi Şeyx Nəcməddin Kübra bu barədə yazır: “Hər kim bu yolu getmək fikrinə düşsə və xirqə geyinmək istəsə, gərək şəriət, təriqət və həqiqət elmlərini yaxşı bilən, şəriət əsaslarına alim, təriqət dəblərinə arif və həqiqət sirlərinə vaqif olan pirin əli ilə xirqə geyinsin. Mürid xirqəni geyinərkən dərk etməlidir ki, onu qoruyacaq, təriqətin məşəqqət və çətinliklərinə, həqiqət əhlinin mücahidələrinə dözəcək və xirqə daşımaq şərəfinin öhdəsindən gələ biləcəkdir”.

Mühyiddin ibn Ərəbi xirqə və mürəqqe geyinməyi “yaşıl ölüm” adlandırmışdır. Hatəmi-Əsəmm adlı sufi mütəfəkkirin isə belə söylədiyini rəvayət edirlər: “Hər kəs bu yola girsə, gərək dörd cür ölümə hazır olsun: ağ ölüm, yəni aclıq; qara ölüm, yəni camaatın əziyyətlərinə dözmək; qırmızı ölüm, yəni nəfslə mübarizə; yaşıl ölüm, yəni parçaları bir-birinə tikib, alınan geyimə bürünmək”.

Xirqə sufinin vəcd və şövq halında vəziyyətini göstərən əlamətlərdən sayılır. Sima’ və zikr zamanı vəcdin ən yüksək mərtəbəsinə çatan sufilər xirqələrini əyinlərindən çıxarıb atmış, bəzən də şövqdən xirqənin yaxasını cırmışlar. Bu hallar sufi məclislərinin kulminasiya nöqtəsi sayılır.

Qeyd etməliyik ki, sufilik aləmində xirqə mötəbər sayılır. Hər sufi təriqəti xirqə geyinmə zəncirini müqəddəs bir şəxsə kimi çatdırmaqla, əslində, təriqətin həmin şəxsdən qaynaqlandığını sübut etməyə çalışır. Mürşiddən müridə ötürülən xirqə bu təriqətin etibarlılıq simvoludur. Məsələn, sufilərin iddiasına görə, mərufiyyə təriqətinin banisi Məruf Kərxi öz xirqəsini İmam Rzadan (ə), teyfuriyyə təriqətinin banisi Bayezid Bistami isə xirqəsini İmam Sadiqdən (ə) almışdır.

Əlbəttə, bütün hörmət və etibarına baxmayaraq, xirqəyə aludəlik təsəvvüfdə bəyənilmir. Xirqəni lovğalıq, özünü göstərmək, riyakarlıq məqsədilə geyinmək sufi üçün böyük eyib və əslində, seyrü-süluk yolundan çıxmaq kimi qiymətləndirilir. Buna görə də klassik ədəbiyyatda xirqə geyinmiş sufi obrazı həqiqət aləmindən bixəbər, dünyəvi mənafe məngənəsinə əsir olmuş ikiüzlü, riyakar şəxs kimi təsvir edilir:

Ey qılan dəva ki, sufiyəm, fütüvvatın nədir?

Gər səfa əhlindən oldun, həqqə miratın nədir?

Buriyavü tiləsanü xirqədən yox hasilin,

Keç bu surətdən, özünü tanı kim, zatın nədir?

(Nəsimi)

Bəzi mütərəqqi sufilər və ariflər bu cür mənfi təzahürlərə etiraz əlaməti olaraq yun paltardan, xirqə və mürəqqedən imtina edirdilər. Rəvayətlərə görə, Cuneyd Bağdadi ruhani libası geyinir, zahirpərəst sufilər kimi geyinməməsinin səbəbi soruşulanda deyirdi: “Əgər bilsəm ki, mürəqqe geyinməklə iş düzələr, dəmirdən və oddan özümə paltar tikib geyinərdim. Amma həmişə öz içimdən bu nidanı eşidirəm ki, Allah yanında etibar qazanmağın yolu xirqə geyinmək yox, onun məhəbbətində yanmaqdır” (Fəridəddin Əttarın “Təzkirət əl-övliya” əsərindən).

Sufilik pərdəsinə bürünmüş bəzi cahillərin nöqsan və inhiraflarını tənqid edən İbn Covzi “Təlbisi İblis” əsərində Ənəs ibn Malikə istinadən Peyğəmbərin (s) bu hədisini qeyd edir: “Camaatın onu tanıması xatirinə yun paltar geyinən adama Allah-Taala qoturluq paltarı geyindirər, bədənindən ətini tökər”. İbn Abbas isə Peyğəmbərdən (s) bu hədisi rəvayət edib: “Riya məqsədilə yun paltar geyinən adamın əlindən yer, Allahın dərgahına şikayət edər”.


Yerləşdirilib:16 Mart, 2018, Baxılıb:3637, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com