Seyyidlik yalnız bir məzhəblə məhdudlaşmır

İslam dininin müqəddəsliyinə qarşı edilən hücumlar hələ bu dinin yarandığı gündən başlamış və günümüzə kimi davam etməkdədir. Bu hücumlar həm İslam dininin əqidə əsaslarına, həm müqəddəs şəxsiyyətlərə, həm də ümmət içində formalaşmış islami ənənələrə qarşı yönəlmişdir.

Əsasən, xarici təxribatçı qüvvələr tərəfindən dəstəklənən, amma müsəlmanlar ölkələrində yaşayan bəzi şəxslərin də həvəslə qoşulduqları bu nifrət kampaniyasının ən sevimli metodlarından biri məzhəblər arasında qarşıdurma yaratmaq, bu və ya digər məzhəbi İslama bidət gətirməkdə, hətta İslamı tam təhrif etməkdə suçlandırmaqdan ibarətdir. Biz saytımızda zaman-zaman bu ittihamlardan bəzilərinə cavab verməyə çalışmışıq. Bu gün həmin ittihamlardan daha birinə toxunacağıq.

Dini dəyərlərimizə və milli ənənələrimizə qarşı ünvanlanmış haqsız ittihamlardan biri bundan ibarətdir: Guya İslam dinində Peyğəmbərin (s) nəslindən olan seyyidlərlə bağlı heç bir göstəriş yoxdur, seyyidlik məsələsi bu ad altında gizlənərək insanların etimadını qazanaraq pulunu mənimsəmək istəyən şəxslərin uydurmasıdır, ümumiyyətlə, həqiqi İslamda seyyid deyilən bir anlayış mövcud deyil. Bu ittihamı daha da inkişaf etdirərək, seyyidlik anlayışını İslam dininə şiələr tərəfindən gətirilmiş bir bidət kimi təqdim etmək cəhdləri də vardır. Guya əhli-sünnə vəl-cəmaət məzhəbində seyyidlik deyilən bir şey yoxdur və olsa da, yalnız bəzi sufi təriqətlərində vardır.

Bu iddianın rəddinə yönəlmiş dini və tarixi dəlilləri təqdim etməzdən əvvəl, sağlam məntiq baxımından onun nə qədər əsassız olduğunu göstərmək istərdik. Allahın son peyğəmbəri olan Həzrət Mühəmməd (s) bütün müsəlmanların ortaq dəyəridir. O həzrətin özünə, gətirdiyi Qurana, sünnəsinə və övladlarına sevgi ətrafında bütün İslam ümməti birləşmişdir. Quran hamımızın müqəddəs kitabımızdır. Və bu kitabda Peyğəmbərin (s) nəslinin şərafəti, onlara hörmət etmək, onları sevmək barədə açıq-aşkar hökmlər vardır (məvəddət ayəsi, təthir ayəsi, mübahilə ayəsi). Eləcə də, hamı tərəfindən qəbul edilən sünnədə Peyğəmbər (s) nəslini sevmək barədə onlarla, bəlkə yüzlərlə hədis mövcuddur. Elə isə, bu sevginin və ehtiramın bir məzhəb tərəfindən dinə gətirildiyini, digər məzhəblərdə qəbul edilmədiyini və bidət olduğunu iddia etmək hansı məntiqə uyğundur? (Qeyd edək ki, burada Peyğəmbər (s) nəslindən olan bəlli şəxslərin ilahi hakimiyyətini, yəni imamət inancını nəzərdə tutmuruq. Söhbət bu müqəddəs nəsildən olan bütün ləyaqətli seyyidlərə ehtiram bəsləməkdən gedir).

Aşağıda Peyğəmbərin (s) nəslindən olan şəxslərə, yəni seyyidlərə ehtiram göstərməyin vacibliyi barədə məhz əhli-sünnə mənbələrindən bir neçə hədis təqdim edirik.

Allahın Rəsulu (s) buyurmuşdur:

1. “Sizlərdən biriniz məni özündən, Əhli-beytimi öz ailəsindən, itrətimi (nəslimi) öz itrətindən, zürriyyəmi öz zürriyyəsindən artıq sevməyincə imana gəlməz”.

Mənbə:

Müttəqi Hindi. Kənz əl-ümmal, 1-ci cild, səh. 41, 93-cü hədis;

Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, 1-ci cild, səh. 264, 296-cı hədis;

Beyhəqi. Şüəb əl-iman, 2-ci cild, səh. 189, 1505-ci hədis;

Təbərani. Əl-Möcəm əl-kəbir, 7-ci cild, səh. 86, 6416-cı hədis.

2. “İzzət və cəlal sahibi olan Allahın çox möhtərəm saydığı 3 dəyər var. Hər kim bunlara riayət etsə, Allah onun din və dünya işlərini öz qayğısı altında saxlayar. Hər kim bunlara riayət etməsə, Allah onun heç nəyini qorumaz. (Həmin 3 şey bunlardır:) İslamın ehtiramı, mənim ehtiramım və qohumlarımın ehtiramı”.

Mənbə:

Heysəmi. Məcmə əl-zəvaid və mənbə əl-fəvaid, 9-cu cild, səh. 266, 14983-cü hədis.

İbn Həcər Heysəmi Məkki “əl-Səvaiq əl-mühriqə” kitabında hədisi iki dəfə rəvayət edib.

3. “Qiyamət günündə dörd dəstəyə şəfaət edəcəyəm: zürriyyətimlə (nəslimlə) yaxşı rəftar edənə, onların ehtiyacını ödəyənə, əziyyətli günlərində onlara yardım göstərənə, qəlbi və dili ilə onları sevənə”.

Mənbə:

Cəlaləddin Süyuti. İhya əl-meyt fi fəzail Əhl əl-beyt, 48-ci hədis;

Mühibbüddin Təbəri. Zəxair əl-üqba, səh. 17;

Şeyx Süleyman Qunduzi Hənəfi. Yənabi əl-məvəddə, 2-ci cild, səh. 115, 270 və 464;

Müttəqi Hindi. Kənz əl-ümmal, 12-ci cild, səh. 100, 34180-ci hədis;

İbn Səbbağ Maliki. Əl-Füsul əl-mühimmə fi mərifət əhval əl-əimmə, səh. 27.

4. “Qiyamət günündə bütün evlilik və əsil-nəsəb bağlılıqları qırılacaq (fayda verməyəcək); yalnız evlilik və əsil-nəsəb vasitəsilə mənə bağlılıqdan savayı”.

Mənbə:

Cəlaləddin Süyuti. Əl-Came əl-səğir, hədis 6309 və 6361;

Mənavi. Feyz əl-qədir, 5-ci cild, səh. 20, 6309-cu hədisin şərhi;

Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 3-cü cild, səh. 186-187, 4811-ci hədis.

Bu cür hədislərin sayı əhli-sünnə mənbələrində çoxdur. Göründüyü kimi, Peyğəmbər (s) nəslinə sevgi yalnız şiə mənbələrində deyil, sünni mənbələrindəki hədislərdə də kifayət qədərdir. Hətta bu hədislərin bir qismində seyyidlərlə ailə quran şəxlərin qiyamət günündə Peyğəmbərlə (s) bağlılığa malik olacaqları və buna görə müəyyən üstünlüyə (şəfaətə) layiq görüləcəkləri vurğulanır.

(Ardı var)


Yerləşdirilib:1 Mart, 2018, Baxılıb:3513, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com