Allahla bağlanmış ilk əhd

Beşinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-946.html; http://az.islam.az/article/a-947.html; http://az.islam.az/article/a-949.htmlhttp://az.islam.az/article/a-950.html)

Ələst məclisi: Fərqli izahlar

Ələst məclisində bağlanmış əhd-peymanı hər kəsin fitrətində yerləşdirilmiş allahpərəstlik hissi kimi izah edənlərə qarşı əks cəbhə tərəfindən bu iradlar irəli sürülmüşdür:

Birincisi, bu cür izah Quran ayəsinin zahirinə ziddir. Çünki ayədə bu hadisə bütün insanlar üçün eyni bir zamanda baş vermiş kütləvi olay kimi təqdim edilir.

İkincisi, ayədəki “iz” (o zaman ki) kəlməsi keçmiş zamanı və baş vermiş hadisəni ifadə edir. Halbuki, ayənin ünvanı bizik, yəni dünyada yaşayan insanlardır. Əgər Allahla bağladığımız əhd də dünyada baş verirsə, o halda bu əhdin bağlanmasını keçmiş zaman şəklində ifadə etmək yanlış olar. Deməli, ehtimal etmək olar ki, əhdin bağlandığı zaman dünya həyatından əvvələ aiddir.

Üçüncü irad bundan ibarətdir ki, insanın doğulmazdan əvvəl, xromosom və ya nütfə halında ikən Allahla əhd bağlaması və Allahın: “Mən sizin Rəbbiniz deyiləmmi?” sualına cavab verməsi necə mümkündür? Ortada cism (bədən), ağıl (beyin), nitq (dil) yox ikən, bu sual-cavab hansı formada baş verir?

Sonuncu irada qarşı müəyyən cavablar verilmişdir. Fitrət nəzəriyyəsini dəstəkləyənlər deyirlər ki, Allahla bağlanmış əhd simvolik formada baş tutmuşdur. Buna “hali-dil” də deyirlər. Yəni bir şəxsin öz görünüşü, davranışı ilə çatdırdığı fikir və qarşı tərəfdə oyatdığı təəssürat hali-dil adlanır. Məsələn, belə deyimlər var: “Onun gözləri keçirdiyi həyəcandan xəbər verirdi”. “Qızarmış gözlərindən görünür ki, bütün gecəni yatmayıb”. “Filankəs adama gəl-gəl deyir”. “Yerişindən başa düşdüm ki, qəzəblidir” və s. Yaxud məsələn, deyirlər: “Ceyran ovçuya baxıb hali-dil ilə ona yalvardı”. Bütün bu deyimlərdə hissiyyatı, vəziyyəti ifadə edən dil deyil, digər bədən üzvləri və ya tərzi-rəftardır. Mümkündür ki, Allahın sualına verilən cavab da hali-dil ilə olur.

Qurani-Kərimdə bu qəbildən olan daha bir ayə də vardır: “Sonra Allah tüstü (düman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.” (Fussilət, 11). Aydındır ki, göyün və yerin dili yoxdur və onlar danışa bilməzlər. Amma ayədən məlum olur ki, yer və göy Allahın təklifinə müəyyən bir tərzdə cavab vermişlər.

Mövzu barədə böyük təfsir alimi Əllamə Təbatəbainin “əl-Mizan” kitabında verdiyi şərh də çox maraqlıdır. Əllamə Təbatəbai sanki bu iki nəzəriyyəni birləşdirmişdir. O, qeyd edir ki, insanın Allahdan əhd alması həqiqətən bu dünyada deyil, fərqli bir aləmdə baş vermişdir. Amma bu hadisəni həddən artıq maddiləşdirmək, insanların maddi olaraq xırda varlıqlar şəklində yaradıldığını və onlardan əhd alındığını düşünmək yanlışdır. Əllamənin fikrincə, insan öz varlığı boyunca müxtəlif aləmlərdən keçir və hər aləmdə fərqli şəkillərə düşür, fərqli qanunlara tabe olur, fərqli vəzifələr daşıyır. Məsələn, dünya həyatında insanın vəziyyəti ilə ölümdən sonra bərzəx həyatındakı və axirət aləmindəki vəziyyətləri eyni deyildir, bunların arasında fəqlər vardır. Bu, insanın Allaha doğru yolunda düşdüyü vəziyyətlərdir. Eləcə də, insanın Allahdan dünyaya doğru gəlişində də fərqli vəziyyətlərə düşməsi mümkündür. Aləmi-zərr hadisəsi və ilahi əhd qissəsi məhz bu cür fərqli vəziyyətdə baş tutmuşdur.

İnsan bu dünyada üç ölçü daxilində mövcuddur, amma başqa aləmlərdə bu ölçü sisteminə tabe olması zəruri deyil. Həmin aləmlərdəki mövcudluq formasının necəliyi sirr olaraq qalır.

Allah-Taala buyurur: “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk” (Hicr, 21). Həmin fərqli aləmdə hər şeyin burdakından fərqli ölçüdə olması mümkündür, bu dünyaya gəldikdə onlar ölçülərə girir və formalara düşürlər. Həmin qeyri-məhdud və fərqli vəziyyət bəlkə də Quranda rast gəldiyimiz “mələkut” kəlməsi ilə ifadə edilir: “Hər şeyin mələkutu əlində olan (Allah) pakdır, müqəddəsdir” (Yasin, 83).

Əllamə Təbatəbainin fikrincə, insan həmin aləmdə olarkən, Allahın rübubiyyətini duymuş və qəbul etmişdir. Bu qəbul etmək araşdırma və sübut tələb etmə yolu ilə həyata keçməmişdir. Allahla Öz bəndəsinin arasında mövcud olmuş xüsusi bir rabitə sayəsində bəndə Allahın hakimiyyətini qəbul etmiş və buna şahid durmuşdur. Əllamə Təbatəbai bu nəzəriyyəni “əl-Mizan” təfsirində, Əraf surəsinin 172-ci ayəsinin şərhində bəyan etmişdir.


Yerləşdirilib:24 Fevral, 2018, Baxılıb:3180, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com