Sufi təriqətləri

Doqquzuncu hissə

(Əvvəli: http://az.islam.az/article/a-935.htmlhttp://az.islam.az/article/a-936.html; http://az.islam.az/article/a-939.html; http://az.islam.az/article/a-940.html; http://az.islam.az/article/a-944.html; http://az.islam.az/article/a-945.html; http://az.islam.az/article/a-948.html; http://az.islam.az/article/a-951.html)

Sənusiyyə

Sənusiyyə XVIII-XIX əsrlərdə Şimali Afrika torpaqlarında yayılmış məşhur sufi təriqətlərindən biridir. Banisi imamların nəslindən olduğu iddia edilən Mühəmməd ibn Əli Sənusidir (1787-1859). Mühəmməd ibn Əli İmam Həsənin (ə) nəvəsi İdris ibn Abdullahın (745-791) nəslindən olduğunu və 42 vasitə ilə şəcərəsinin Peyğəmbərə (s) çatdığını iddia edirdi. İdris ibn Abdullah Şimali Afrikada İdrisilər dövlətinin əsasını qoymuş şəxsdir. İdrisilər dövləti Abbasilər xilafətinin zamanında təqribən 200 il müstəqil mövcud olmuş, nəhayət, yaxın qonşuları olan Fatimilər və Əməvilər (Kordova əmirliyi) tərəfindən hücumlara məruz qalaraq süqut etmişdir.

Mühəmməd ibn Əli Sənusi əvvəllər qadiriyyə, şaziliyyə kimi təriqətlərin üzvü olmuş, 1837-ci ildə Məkkədə sənusiyyə təriqətini təsis etmiş, daha sonra Liviya torpaqlarında təbliğatla məşğul olmağa başlamışdır. İlk sənusi xanəgahı Məkkədəki Əbu Qübeys dağının ətəyində tikilmişdi. Sənusiyyə təriqəti əsasən, Liviya və Sudan ərazilərində fəaliyyət göstərir və köçəri səhra qəbilələri tərəfindən daha asanlıqla qəbul edilirdi. Hələ İslamı qəbul etməmiş qəbilələrin müsəlman olmasında sənusiyyə şeyxlərinin rolu böyük olmuşdur.

Sənusiyyə təriqətində başqa sufi təriqətlərinə məxsus olan xüsusi ayinlər yox dərəcəsində idi. Bu təriqətə daxil olmaq da çox asan idi. Sadəcə olaraq, şeyxin əlinə əl sürtüb beyət etmək və Fatihə surəsini oxumaq kifayət edirdi. Sənusi müridləri təriqətə daxil olarkən bütün məzhəbi və milli təəssüblərini kənara atmalı, şeyxin buyurduğu dəyərlər əsasında yaşamalı idilər. Bu şərtlər daxilində hər kəsin öz peşəsi ilə məşğul olmasına icazə verilirdi. Sənusilər Afrika qəbilələri arasında mövcud olan bəzi xurafat halları ilə ciddi mübarizə aparırdılar.

Sənusiyyə İslamın ilkin dövrlərindəki vəziyyətə qayıtmağı təbliğ edən sələfi yönümlü təriqət idi. Onun kökündə Malik ibn Ənəs, Əhməd ibn Hənbəl və Qəzzali kimi müsəlman alimlərinin dini-əxlaqi yönümlü təlimləri dururdu. Sənusi müridləri özlərini maliki məzhəbinə aid etsələr də, namazda əllərini sinələrinin üzərinə qoyurdular.

Afrikanın ucqar səhra bölgələri Osmanlı imperiyasının nəzarət dairəsindən kənarda qaldığı üçün burada sənusiyyə təriqəti sürətlə yayılırdı. Sənusilər camaatı Osmanlı imperiyasından ayrılmağa, hər cür yadelli təcavüzü dəf etməyə çağırırdılar. Bu baxımdan, sənusiyyə təriqətinin təməl prinsipləri arasında siyasi görüşlərin mühüm rol oynadığının şahidi oluruq. Sənusiyyə təkyələrində başqa sufi təriqətlərindəki kimi çillə və sair ayinlər icra edilmirdi. Bu təkyələrin bir çoxünda dini kitablardan ibarət zəngin kitabxanalar var idi. Hər bir sənusi müridi özü üçün silah və minik tədarük etməyə borclu idi. Bunu edə bilməyən kasıb insanlara sərvətli müridlər yardım göstərirdilər. Sənusiyyə təkyələrində həm dini biliklər, həm də hərbi təmrinlər öyrədilirdi. Sənusiyyə mədrəsələrində qadınların da təhsil almasına şərait yaradılırdı; sonra onları ətraf qəbilələrin qadınları arasında təbliğat aparmağa göndərirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Afrika torpaqları fransız, ingilis və italyan müstəmləkəçilərinin hücum hədəfinə çevrildi. Bu zaman sənusilər yadelli işğalçılara qarşı mübarizənin əsas hərəkətverici qüvvəsi hesab edilirdilər. 1931-ci ildə Liviyanın italyanlar tərəfindən işğalı sənusiyyə təriqətinin tənəzzülünə səbəb oldu.

Mühəmməd Sənusinin nəslindən olan sənusiyyə şeyxi Mühəmməd İdris 1951-69-cu illərdə Liviyanın ilk kralı olmuşdur. 1969-cu ildə Müəmmər Qazzafinin həyata keçirdiyi dövlət çevrilişi sənusilərin siyasət səhnəsindən tam uzaqlaşdırılması ilə nəticələndi. Buna baxmayaraq, hal-hazırda Liviya, Sudan, Nigeriya, Çad, Əlcəzair, Kamerun kimi ölkələrdə sənusiyyə təriqətinin çoxlu ardıcılı yaşayır.

“Səhra aslanı” filminin (1981) qəhrəmanı, italyan işğalçılarına qarşı Liviya müsəlmanlarının silahlı mübarizəsinə başçılıq etmiş Ömər Muxtar (1861-1931) sənusiyyə təriqətinə mənsub idi.

Bəzi məlumatlara görə, sənusiyyə təriqətinin banisi Mühəmməd ibn Əlinin oğlu Mühəmməd Mehdi özünü “mehdi” elan etmişdi. Digər məlumatlara görə, o özü mehdəviyyət iddiasında olmamış, sənusi müridləri onu bu şəkildə təbliğ edirmişlər.


Yerləşdirilib:19 Fevral, 2018, Baxılıb:3167, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com