Namazı öz dilində qılanlara alimin cavabı

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-952.html)

Ayətullah Rəhim ağa Ərbab sözünə davam edərək buyurdu:

“Mənim qarşılaşdığım birinci və ən ciddi problem namazda oxunan Fatihə surəsinin səhih tərcüməsini tapa bilməməyim idi. Hansı tərcüməyə müraciət etdimsə, Quran surəsinin həqiqi və tam mənasını əhatə etmədiyini gördüm. Madam ki, siz namazı öz dilinizdə qılırsınız, deməli, mükəmməl tərcümə tapmısınız. İndi aranızda ən cəsarətli və bacarıqlı birini seçin ki, “Bismillahir-Rəhmanir-Rəhim” ayəsinin düzgün tərcüməsini mənə söyləsin”. Dostlarımdan biri əlini qaldırıb icazə istədi. Rəhim ağa Ərbab zarafatla dedi: “Çox yaxşı ki, bir nəfərlə tərəf-müqabili olacağam. Yoxsa siz 15 nəfər qüvvətli və enerjili gənc hamılıqla mənimlə bəhsə girsəniz, mənim kimi qoca kişi öhdənizdən gələ bilməz”.

Bu zarafat hamımızın üzündə təbəssüm yaratdı. Alim həmin dostumuzdan soruşdu: “Buyur, “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini necə tərcümə etdiyini söylə”. Dostumuz dedi: “Bağışlayan və mehriban Tanrının adı ilə”. Rəhim ağa Ərbab bu cavabı eşidəndə gülümsəyib söylədi: “Düşünmürəm ki, bu cümlə ayənin dəqiq mənasını çatdırmağa qadirdir. “Bism” kəlməsini “adı ilə” şəklində tərcümə etməyi qəbul etmək olar. Amma “Allah” adını “tanrı” ilə əvəz etmək yanlışdır. Allah xüsusi addır, Yaradanın özünəməxsus adıdır. Xüsusi adları tərcümə etmək olmaz. Məsələn, bir nəfərin adı Həsəndirsə, onu “gözəl” çağırmaq düz deyil, baxmayaraq ki, sözün tərcüməsi buna uyğundur. Heç kim öz adının tərcümə olunaraq çağırılmasını istəməz, Allah da həmçinin. “Allah” sözü xüsusi ad olduğu üçün tərcümə ona şamil ola bilməz. Keçək “Rəhman” kəlməsinə. Onu necə tərcümə etmisiniz?” Dostum cavab verdi: “Bağışlayan şəklində tərcümə etmişik”. Alim buyurdu: “Bu tərcümə də yetərli deyil. Çünki “Rəhman” adı da Allahın bir sifətini bəyan edir. Rəhman o varlıqdır ki, Onun mərhəməti sonsuz və qeyri-məhduddur. O, bu dünyada həm möminə, həm də kafirə mərhəmət göstərir, aralarında ayrı-seçkilik qoymur. Rəhman olan Allah həm möminə, həm də kafirə cansağlığı verir, ruzi yetirir, dünya nemətləri bağışlayır. Amma “bağışlayan” sözü bütün bu dərinliyi ehtiva etməyə qadir deyil”.

Rəhim ağa Ərbab növbəti sualı verdi: “Bəs, “Rəhim” sözünə hansı qarşılığı tapmısınız?” Dostumuz dedi: “Mehriban”. Alim buyurdu: “Xeyr, bu tərcümə də düzgün deyil, çünki mənanı əhatə etmir. Rəhim olan Allah axirətdə yalnız möminlərə mərhəmət göstərəcək, kafirlərə isə əməllərinin layiqli cəzasını verəcək. “Mehriban” kəlməsi bu fərqi çatdırmır”.

Alim sözünə yekun vurub dedi: “Belə çıxır ki, sizin “Bismillahir-Rəhmanir-Rəhim” ayəsinə verdiyiniz tərcümə yanlış və səthidir. Əgər o biri ayələrə keçsək, inanın ki, vəziyyət daha da dolaşacaq. Bax, bu üzdən namazları öz dilimizdə qılmaq düzgün deyil. Amma əgər öz fikrinizdən dönməyəcəksinizsə, heç olmasa, öz dilinizdə də olsa namazınızı qılın. Heç qılmamaqdansa, fars dilində qılmaq yenə yaxşıdır!”

Alimin zarafatla dediyi son sözlər xəcalətimizi daha da artırdı. Hamımız öz əməlimizdən peşman olmuşduq. Elə oradaca tövbə edib söz verdik ki, bundan sonra namazları öz qaydasında, ərəb dilində qılacağıq, düzgün qılmadığımız namazları da qəza edəcəyik.

Söhbətin sonunda Ayətullah Ərbab süfrəyə şirniyyat və meyvə gətizdirdi. Mehribanlıqla məclisi başa vurduq, alimlə sağollaşıb ayrıldıq. O, şəxsən hamımızı qapıya kimi yola saldı. Bu hadisədən sonra hər birimiz öz dilimizdə qılmış olduğumuz namazları qəza etdik və bir daha namazın sözlərini dəyişdirmək fikrinə düşmədik”.


Yerləşdirilib:13 Fevral, 2018, Baxılıb:3690, Çap
 

Son şərhlər : 1
Müəllif: Asim | 14 Fevral, 2018  09:13
# Ответить
0


]]>]]>

Bismillahir-Rəhmanir-Rəhim - bu ayeni bundan gozel tefsiri ile qarsilasmadim
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com