Namazı öz dilində qılanlara alimin cavabı

Namazda Qurani-Kərimin surələrini və ümumiyyətlə namazın sözlərini ana dilində oxumaq çağırışları XX əsrdə xüsusilə şiddətlənmişdir. Müsəlman coğrafiyasının fərqli nöqtələrində - həm ərəb ölkələrində, həm Türkiyədə, həm də İranda bu nəzəriyyənin ardıcılları ciddi-cəhdlə çalışmışlar.

Namazı ana dilində qılmağı müdafiə edənlər Türkiyədə daha çox uğur qazanmağa nail olmuşdular. Hətta bu ölkədə 20 ilə yaxın müddət ərzində (1932-1950-ci illər) dövlət səviyyəsində azan türk dilində verilmiş, mərkəzi camelərdə namaz türk dilində qılınmışdı.

50-ci illərdə bu düşüncə dalğası İrana keçdi və milliyyətçi zeniyyətlə silahlanmış gənclər arasında uğur qazanmağa başladı. O dövrün nüfuzlu alimləri bu yanlış düşüncə ilə mübarizə aparır və dini qanunların toxunulmazlığını qorumağa çalışırdılar. Belə alimlərdən biri də mərhum Ayətullah Rəhim ağa Ərbab idi.

İsfahan məktəbinin yetirməsi və görkəmli nümayəndəsi Rəhim ağa Ərbab (1875-1975) ədəbiyyat və elm aləminə yaxın olan bir ailədə dünyaya gəlmiş, böyük alimlərdən dərs almışdı. Rəhim ağa Ərbab fiqh, üsuli-fiqh, kəlam, hikmət, fəlsəfə, riyaziyyat elmlərində mahir idi, irfanı gözəl bilir və bütün varlığı ilə onu həyatında tətbiq edirdi. Onu başqalarından fərqləndirən ən əsas xüsusiyyət namaz vaxlarını çıxmaq şərti ilə həmişə əmmaməsiz gəzməsi idi. Alim başına dəri papaq qoyurdu. Qeyd etmək yerinə düşər ki, Ayətullah Ərbabın müəllimi, böyük filosof Cahangir xan Qoşqayi də əmmamə qoymamış, papaqla gəzmişdir. Alimi fərqləndirən cəhətlərdən biri də cümə namazı qılmağı vacib sayması idi. Şəhid Behişti, Şəhid Mütəhhəri, ədib Cəlal Humayi onun tələbəsi olmuşlar.

Rəhim ağa Ərbab uzun ömür (100 il) yaşamışdır. Səbəbini soruşanlara deyirdi ki, mən həyatım boyunca heç kimə pislik etməmişəm, bunun mükafatı olaraq Allah-Taala mənə uzun ömür verib. Alim deyirdi ki, mən ömrüm boyunca qeybət danışmamış və qeybət dinləməmişəm, naməhrəmə baxmamışam. Hətta qardaşım öz ailəsi ilə birlikdə qırx il mənimlə bir evdə yaşadı, amma bircə dəfə də onun həyat yoldaşının üzünə baxmadım və simasının necə olduğuna diqqət yetirmədim.

Alimin müasirlərindən biri xatırlayırdı:

XX əsrin 50-ci illəri (daha dəqiq desək, 1953-cü il) idi. Mən və bir neçə gənc dostum xeyli müzakirələrdən sonra bu qərara gəldik ki, namazı fars dilində qılaq. Fikrimizi həyata keçirməyə və namazın sözlərini ana dilimizdə söyləməyə başladıq. Bir müddətdən sonra valideynləirimiz bundan xəbər tutdular. Bizi yolumuzdan döndərməyə çalışsalar da, nəticə vermədi; biz öz fikrimizdə möhkəm durmuşduq. Valideynlərimiz bizi yerli ruahnilərdən biri ilə görüşdürdülər ki, o, bizə nəsihət etsin. Amma həmin ruhani mövqeyimizi bilən kimi bizi söyüb kafir və murdar adlandırdı, otağından qovdu. Bu hərəkət inadkarlığımızı daha da artırdı.

Axırda bizi Rəhim ağa Ərbabın hüzuruna aparmağı qərara aldılar. Biz təqribən 15 nəfər idik. Təyin edilmiş gündə hamımız alimin görüşünə yollandıq. Ayətullah Ərbab bizi son dərəcə mehribanlıqla qarşıladı. Onun gülər üzü, mehribanlığı bizə müsbət təsir etmişdi. Söhbətdən əvvəl alim bizim üçün kiçik bir qonaqlıq da təşkil etdi. Sonra valideynlərimizə dedi: “Siz gedin, məni balalarımla tək buraxın”.

Valideynlərimiz çıxıb gedəndən sonra alim üzünü bizə tutub buyurdu: “Söhbətdən qabaq yaxşı olar ki, siz bir-bir özünüzü təqdim edib hansı ixtisas üzrə təhsil aldığınızı, hansı sahə ilə maraqlandığınızı danışasınız”. Biz özümüz və təhsilimiz haqqında məlumat verdikcə Ayətullah Ərbab bizimlə fikir mübadiləsi aparır, suallar verirdi. Gördük ki, o, bizim institutda keçdiyimiz cəbr, triqanometriya, fizika, kimya və sair elmlərdə dərin biliyə malikdir. Hətta bizə elə suallar verirdi ki, cavablandırmağa çətinlik çəkirdik, o isə həmin sualların cavabını asanlıqla bizə izah edirdi. Bu hərəkətlə o, bizə başa saldı ki, qarşısında oturduğumuz şəxs sıradan bir molla və dini elmlərlə məhdudlaşmış fəqih deyil, əksinə, müasir elmlərdən mükəmməl xəbərdar olan bir elm adamıdır. Bu müqəddimə səbəb oldu ki, ona qarşı münasibətimizdə daha ciddi və məsuliyyətli olaq. Həmçinin, bu söhbətlər onunla bizim aramızda səmimiyyət yaratdı, gərginliyi aradan qaldırdı və fikir mübadiləsini asanlaşdırdı.

Bundan sonra Ayətullah Ərbab mövzuya keçərək söhbəti açdı: “Valideynlərimiz mənə dedilər ki, siz namazı fars dilində qılmağa başlamısınız. Əvvəla, bunu deyim: mən o qədər adam görmüşəm ki, ümumiyyətlə namaz qılmırlar. Görürəm ki, siz dindar, əxlaqlı və savadlı gənclərsiniz. Çox yaxşıdır ki, namazı tərk etməmisiniz və qılırsınız.

Namazı farsca qılmağa gəlincə, mən də bir ara cavanlıq vaxtı bu fikrə düşmüşdüm. Amma bir sıra ciddi problemlərlə üzləşdiyim üçün bunu həyata keçirə bilmədim. Deyəsən, siz onların öhdəsindən gəlmisiniz. İndi bu problemləri necə həll etdiyinizi mənə danışın...”

(ardı var)


Yerləşdirilib:12 Fevral, 2018, Baxılıb:4080, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com