Allahla bağlanmış ilk əhd

Dördüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-946.html; http://az.islam.az/article/a-947.htmlhttp://az.islam.az/article/a-949.html)

Allahla bağlanmış əhd fitrətdir

Dördüncüsü, hədislərin əksəriyyətində insanların zərrə şəklində Həzrət Adəmin (ə) sülbündən və ya gilindən çıxarıldığı bəyan edilir. Halbuki, Quran ayəsinin özündə Həzrət Adəmin (ə) deyil, “bəni-Adəmin”, yəni Adəm oğullarının belindən (arxasından) zürriyyələrinin çıxarıldığı buyurulur. Göründüyü kimi hədislər bu məqamda ayə ilə ziddiyyət təşkil edir.

Beşincisi, məlumdur ki, bəşərin yaradılması prosesində əvvəlcə cismani (fiziki) xilqət mərhələsi gəlir, bundan sonra cismə ruh daxil olur. Ayələrdən də məlum olur ki, Allah-Taala əvvəlcə Adəmin (ə) bədənini xəlq etmiş, sonra ona Öz hökmü altında olan ruhdan üfürmüşdür. Ana bətnində rüşeymin inkişafının da ilk mərhələsində bədən formalaşır, müəyyən müddətdən sonra bədənə ruh daxil olur. Elə isə, ələst məclisində əhd alınanların bədənində ruh var idimi? Əgər ruh yox idisə, onlar hansı şüur və iradə ilə “bəli” cavabı vermişdilər? Əgər ruhları var idisə, niyə hədislərdə bundan danışılımır və maddiyyatı ifadə edən “zərrə” kəlməsi işlədilir?

Altıncısı, məlumdur ki, hər bir şəxsin ruhu onun doğuluşu ilə yaranır və fərdidir. Doğuluşdan qabaq ruhun yaradılması necə və nə səbəbdən baş vermişdir və ruh həmin xırda zərrə ölçüsündə olan cismə necə daxil edilmişdir? Bu fikri qəbul etmək dolayı yolla da olsa, tənasüx (reinkarnasiya) inancına haqq qazandırır. Deməli, ruh bir maddi bədənə girib orada müvəqqəti qaldıqdan sonra çıxa və başqa maddi bədənə daxil ola bilər (bu maddi bədənlər forma baxımından fərqli olsalar belə). Amma İslam bunu rədd edir və tənasüxü batil bilir.

Göründüyü kimi qarşıya çıxan suallar xeyli ciddidir. Bu şübhələr ələst məclisinin zahiri mənada şərhini sual altına qoyur.

Ələst məclisinə və ilahi əhd-peymana verilmiş ikinci şərh birincidən köklü surətdə fərqlənir. Bu şərhə görə, insanlardan alınan əhd-peyman heç də qədim zamanlarda, Həzrət Adəmin (ə) dövründə və toplum şəklində baş verməmişdir. Ayədə fitri allahpərəstlik duyğusuna işarə edilir. Allah-Taala hər bir fərdi yaratmazdan əvvəl onun batinində Öz rübubiyyətinə inam hissini yerləşdirir. İnsan bu “kapitalla” doğulur. İnsanın genetik xüsusiyyətləri və fərdi istedadları xromosomlar vasitəsilə ötürüldüyü kimi fitri hisslərin də bu şəkildə ötürülməsi mümkündür. Məhz fitri allahpərəstlik hissi insanı batilə uymaqdan müəyyən qədər sığortalayır. Yəni insanın daxilində fitri olaraq müsbətə, həqiqətə, imana meyl mövcuddur. Əgər insan öz fitrətinə tabe olarsa, bu fitrəti üstələməyə çalışmazsa, o halda öz Rəbbini tanıyacaq. Batilə uyan şəxs də bunu öz iradəsi ilə edəcək, o, öz istəyi ilə fitrətinin səsini boğacaq və öz mənliyinin əksinə gedəcək, buna görə də tam məsuliyyət daşıyacaq.

Qurani-Kərimdə buyurulur: “Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bunu bilməz” (Rum, 30).

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Hər doğulan fitrət üzərində (yəni Allaha inanaraq) doğulur. Sonra valideynləri onu yəhudi ya xristian edirlər” (Bihar əl-ənvar, 3-cü cild, səh. 281).

Bir nəfər İmam Cəfər Sadiqdən (ə) xahiş etdi ki, Allah haqqında ona bilgi versin. İmam soruşdu: “Sən indiyə kimi gəmiyə minib dənizə çıxmısanmı?” O adam “bəli” deyir. İmam soruşur: “Dənizin ortasında çətinliyə düşdüyün an olubmu? Elə bir an ki, mindiyin gəmi fırtınaların qoynunda aciz qalıb və sən də üzüb xilas olmağı bacarmamısan. Və o an qəlbində elə bir qüvvəyə qarşı inam hiss etmisənmi ki, səni həmin vəziyyətdən xilas etməyə qadir olsun?” O adam təsdiq edir. İmam Sadiq (ə) buyurur: “O qüvvə Allahdır. Xilaskar tapılmayan vaxt sənə nicat verməyə, dadına çatan olmadığı zaman sənə kömək etməyə qadirdir” (Bihar əl-ənvar, 3-cü cild, səh. 41).

Fitri dindarlıq Allahın insanlara mərhəməti və lütfüdür. Allah bu yolla insanların Onu tanımalarını asanlaşdırmaq istəyib. Çünki Allah öz bəndələrinə qarşı mərhəmətlidir. Kənar dəvətçilərdən (peyğəmbərlərdən, din mübəlliğlərindən) əlavə, hər kəsin öz iç dünyası da onu Allaha doğru sövq edir. İmam Mühəmməd Baqir (ə) ələst məclisindən bəhs edən ayəni şərh edərək buyurmuşdur ki, Allah həmin hadisə ilə özünü bəndələrinə tanıtdırdı və təqdim etdi (göstərdi). Əgər belə olmasaydı, heç kəs öz Rəbbini tanımazdı (Üsul əl-Kafi, 2-ci cild, səh. 13).

Dinindən və əqidəsindən asılı olmayaraq, böyük mütəfəkkirlər həmişə Allahı qəlblə, yəni fitri olaraq tanımağın mümkünlüyünə inanmışlar. Məşhur filosof B.Paskal yazırdı: “Allahı duyan qəlbdir, şüur yox. Budur iman: Allah qəlb vasitəsilə hiss olunur, ağıl vasitəsilə yox”.

Göründüyü kimi ələst məclisinə zahiri deyil, əqli və batini şərh verərkən əvvəlki iradlar öz qüvvəsini itirir, çünki bu şərh həmin iradlara düzgün cavab vermək iqtidarındadır. Amma bu zaman qarşıya başqa tip suallar və şübhələr çıxır ki, onlara məqalənin növbəti bölümündə toxunacağıq.


Yerləşdirilib:2 Fevral, 2018, Baxılıb:3336, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com