Allahla bağlanmış ilk əhd

Üçüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-946.htmlhttp://az.islam.az/article/a-947.html)

Allahla bağlanmış əhd unudula bilərmi?

İrfan aləmində də bəzmi-ələst məsələsi geniş şəkildə öz əksini tapmışdır. Ariflərin nəzərində bu məclis onların Allahla vüsal günü olmuşdur. Ariflər həmin günün yenidən qayıtması intizarı ilə, yəni Allah-Taalanın hüzurunda duracaqları günün şövqü ilə yaşamışlar. İrfani dünyagörüşündə günahkar bəndələr aləmi-zərrdə bağladıqları əhdi unutmuş şəxslərdir.

Təsəvvüf ədəbiyyatının şah əsərlərindən sayılan, məşhur arif Xacə Abdullah Ənsarinin kəlamlarının toplusu hesab edilən “Kəşf əl-əsrar” təfsirində deyilir ki, ələst məclisi Allahın öz bəndələrinə bir lütfü və kərəmidir. Bununla Allah Özünü bəndələrinə tanıtdırmış, onları azğınlıq girdabından qorumuşdur. Diqqətçəkici məqam budur ki, Allah öz bəndələrindən məhz “Mən sizin Rəbbiniz deyiləmmi?” soruşmuşdur. Əgər “Mən kiməm?” soruşsaydı, bəndələr bu sualın cavabında aciz qala bilərdilər. Çünki Allahın zatını anlamaq qabiliyyəti bəşər şüurunda yoxdur. Allah-Taala Öz bəndəsindən “Sən kimsən?” soruşmamışdır. Çünki bu halda bəndə öz məqamı ilə lovğalanıb təkəbbürə giriftar ola bilərdi. “Sizin Rəbbiniz kimdir?” sualı da verilməmişdi. Çünki bəndələr o zamana kimi Allaha ünsiyyətləri olmamış və Onu tanımamışdılar. Allahın sualı “Məgər siz mənim bəndələrim deyilsinizmi?” şəklində də verilməmişdi. Çünki bu halda bəndəlik qabardılmış olar və bəndəliyin şərti ön plana keçərdi. Əgər bəndəlikdə nöqsan olsaydı, bu bağlılıq da qırılmış olardı və əhd öz mənasını itirərdi. Allahın rübubiyyəti (Rəbbliyi, bəndə ilə rabitəsi) isə qırılan deyil, Allah Öz bəndəsini kənara atmaz. Allah-Taala sualı “Məgər mən sizin Rəbbiniz deyiləmmi?” şəklində verməklə bir növ bəndələri təsdiq məcburiyyəti qarşısında qoymuş və onları səhvdən qorumuşdur (bax: Qurani-Məcidin ədəbi və irfani təfsiri (Xacə Abdullah Ənsarinin kəlamları əsasında Miybədinin qələmə aldığı “Kəşf əl-əsrar” təfsirinin xülasəsi), səh. 361).

Qeyd etdiyimiz ənənəvi izaha qarşı bir sıra iradlar irəli sürülmüşdür. Onlardan bəzilərinə qısa şəkildə toxunuruq.

Əvvəla, ələst məclisinin ənənəvi və zahiri şərhində bir-birinə uyğun olmayan çoxlu məqamlar vardır ki, bu ziddiyyətlər hadisənin necəliyini ciddi və mötəbər qəbul etməyə maneçilik törədir. Bəziləri bu mövzuda hədislərin çoxluğunu dəlil gətirərək, bu hədislərin təvatür həddində (yəni mütəvatir) olduğunu iddia edirlər. Həqiqətən, qeyd etdiyimiz kimi nəqli təfsirlərdə bu ayələrin zahiri şərhini ehtiva edən onlarla hədis vardır. Amma əldə olan hədisləri araşdırarkən onları mütəvatir saymağın yanlış olduğu qənaətinə gəlirik. Çünki bir mövzu barədə eyni ravi tərəfindən bir neçə fərqli formada hədis rəvayət edilirsə, bu, həmin hədisin mütəvatir olmasına dəlalət etməz. Çoxlu sayda fərqli ravinin eyni mövzu barədə eyni və ya çox yaxın məzmunlu hədislərinə mütəvatirlik şamil edilə bilər. Bu hədislərin bir hissəsində ələst məclisinin necəliyinə işarə edilmir, ona görə də həmin hədisləri zahiri mənada yozmağa sübut yoxdur. Hadisənin zahiri mənada təsvirini ehtiva edən hədislərə gəlincə, mütəxəssislərin rəyinə görə onların bir qisminin mötəbərliyi şübhə altındadır (bəzi hədislərin sənədi yoxdur, bəzilərinin sənədi zəifdir). Qalan hədislər bir-biri ilə ciddi uyğunsuzluğa malikdir və üstəlik, onların demək olar ki, hamısı cəmi bir neçə raviyə söykənir. Bunlar Cabir ibn Abdullah Ənsari, Əbu Bəsir, Zürarə ibn Əyün, Saleh ibn Səhl və Abdullah ibn Sinan adlı ravilərdir (Təfsirü-Nümunə, 7-ci cild, səh. 9). Beləliklə, ravilərin sayının azlığı hədisi mütəvatir hesab etməyə əsas vermir. Qeyd etdiyimiz kimi hədislərin bir qrupunda ələst məclisinin zahiri mənada deyil, batini və simvolik mənada şərh edilməsi də hər hansı tərəfə üstünlük verməyi çətinləşdirir.

İkincisi, ələst məclisinin zahiri təsvirində əsas məqamlardan biri tam aydın deyil. Bu hadisə Həzrət Adəmin (ə) bədəni yaradılmazdan əvvəl, gil halında ikən baş vermişdir, yoxsa o həzrət cənnətdən yerə endirildikdən sonra olmuşdur? Hədislər bu barədə fərqli görüşlər irəli sürür.

Üçüncüsü, qarşıya belə bir sual çıxır: Allahın Öz rəbbaniyyətinə şahid tutduğu bəndələr tam yetkin və ağıllı idilər ya yox? Yəni Allahın xırda zərrələr şəklində yaratdığı və Adəmin sülbündən (ya gilindən) çıxardığı insanlar bəşəri keyfiyyətlərə sahib idilərmi və məsuliyyət daşıyırdılarmı? Bu suala hə cavabı vermək çətindir və bəşər şüuru bunu dərk etməyə acizdir. Hətta əgər müsbət cavab verilsə belə, sual yaranır: Bəs niyə insanlar bu əhd-peymanı xatırlamırlar? Niyə nə mömin, nə də kafir bəndələr həmin gün baş verənləri unutmuşlar və məsələ bu qədər dolaşıq şəklə düşmüşdür? Əgər həmin hadisə unudulacaqsa, onun hikməti nədir? Axı, Allah-Taala Özü buyurur ki, ələst məclisinin səbəbi insanların Rəbbi inkar edə bilməməsi və “Biz qafil idik” kimi bəhanələr gətirməməsi olmuşdur. Allah Öz bəndələrinə həmin əhdi unutdurmuşsa, əhd almağın mənası nə idi?

Bəndələrin bu əhdi necə unutduqlarına haqq qazandıranlar söyləyə bilərlər ki, bu əhd başqa bir aləmdə (maddi aləmdən əvvəl, aləmi-zərrdə) baş vermişdir, insanın fərdi həyatı isə bundan çox-çox sonra başlayır. Ona görə də insanın həmin hadisəni və o zaman verdiyi cavabı unutması təbiidir, hətta labüddür. Cavab olaraq deyilə bilər ki, aləmlər dəyişilərkən informasiyanın məhv olmadan qalması mümkündür. Dünya və axirət aləmləri arasındakı fasilə buna sübutdur. Çoxsaylı ayələr və hədislər vurğulayır ki, insanlar qiyamət günündə, yəni başqa bir aləmdə olduqları zaman bu dünyada baş verənləri xatırlayacaqlar. Günahkarlar öz etdikləri cinayətləri xatırlayıb etiraf edəcək, möminlər öz savablarını yada salıb sevinəcəklər. Hətta bu yaddaş cənnət və cəhənnəm həyatında da silinməyəcək. Elə isə, aləmi-zərrdə baş verənlərin bu dünyada unudulması (özü də kütləvi şəkildə) inandırıcı görünmür.

İkinci ehtimala görə əgər bəndələr həmin vaxt ağıllı və yetkin deyildilərsə, yenə onlardan əhd almaq mənasız olmalı idi. Bu isə Allahın hikmətinə ziddir və mümkün deyil.

(ardı var)


Yerləşdirilib:29 Yanvar, 2018, Baxılıb:1771, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com