Allahla bağlanmış ilk əhd

İkinci hissə

(Əvvəli: http://az.islam.az/article/a-946.html)

Allah öz bəndələrini zərrə şəklində yaratdı?

Ələst məclisi barədə ayələri (Əraf, 172-173) şərh edən təfsir alimləri, həm hədisçilər, həm fəlsəfə və kəlam mütəxəssisləri, həm də arif və sufilər geniş şərhlər vermişlər. Hər bir alim öz ixtisası, tutumu və əqidəsi çərçivəsində məsələyə baxmışdır. Allahla bağlanmış əhd-peyman dini mətnlərdə kifayət qədər geniş formada toxunulmuş mövzulardan biridir. Məsələn, XVII əsrin əxbari yönümlü məşhur hədis alimlərindən olan Seyyid Haşim Bəhraninin qələmə aldığı “Təfsir əl-Bürhan”da Əraf surəsinin 172-174-cü ayələrinin təfsiri barədə 37 hədis (2-ci cild, səh 46-51), eyni dövrdə və eyni üslubda qələmə alınmış “Nur əl-səqəleyn” təfsirində 31 hədis (2-ci cild, səh. 92-101) verilmişdir. Bununla belə, məsələyə verilmiş izahlar çox ziddiyyətli və fərqlidir.

Ayədəki bəzi kəlmələrin izahı barədə bu kiçik müqəddimədən sonra bunu qeyd etmək istərdik: Ələst məclisi barədə dini mətnlərdəki məlumatlar çox dağınıq və qarışıqdır. Bu məlumatlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Mərhum Əllamə Məclisi bu məqama işarə edərək mövzu ilə bağlı hədisləri “mütəşabeh xəbərlər və dolaşıq rəvayətlər” adlandırırdı. O, yazırdı: “Əksər insanların ağlı bu məsələnin həllində acizdir” (Mirat əl-üqul, 7-ci cild, səh. 37-38). “Yaxşı olar ki, dərinliyini qavramaqda ağlımızın aciz olduğu bu cür dolaşıq məsələlər barədə düşünməyi kənara qoyaq. Xüsusilə, bu məsələ barədə dərin düşünməyi imamlarımız (ə) bizə qadağan etmişlər” (Bihar əl-ənvar, 5-ci cild, səh. 261). Ardınca Əllamə Məclisi mövzu barədə ziddiyyətli şərhlərin mövcud olması, ifrat əqidəli şəxslərin mövzunu təhrif etməyə çalışması barədə X əsr alimi mərhum Şeyx Müfidin “Cəvab əl-məsail əl-sərəviyyə” kitabından sitatlar gətirmişdir.

Ələst məclisinin və orada insanlardan alınmış əhd-peymanın necəliyi barədə qarşıya bəzi suallar çıxır: Ələst məclisi hansı şəkildə baş vermişdir? İnsanların zərrə şəklində Həzrət Adəmin (ə) sülbündın çıxması o həzrətin cismani şəkildə yaradılmasından əvvəl baş vermişdir ya sonra? Bu hadisə maddi aləmdə baş vermişdir yoxsa misal aləmində (abstrakt dünyada)? Ümimiyyətlə, bu hadisədə Həzrət Adəmin (ə) iştirakı olmuşdur, yoxsa söhbət Adəm oğullarından gedir?

Zərr aləmi və ələst məclisi barədə nəzəriyyələri əsasən bir neçə qrupa ayıra bilərik:

Əllamə Məclisinin də qeyd etdiyi kimi (Bihar əl-ənvar, 5-ci cild, səh 260) əsasən mühəddislərdən ibarət bir dəstə bu məsələnin tam mənasını dərk etməyin qeyri-mümkün olduğu görüşündədir. Onlar bu barədə qəti və dəqiq fikir bildirməkdən çəkinirlər.

İikinci dəstənin nümayəndələri bu hadisəni zahiri mənada qəbul edirlər. Bunlar da ələst məclisinin nə zaman – Həzrət Adəmin (ə) yaradılışından əvvəlmi ya sonramı – baş verdiyi məsələsində iki hissəyə bölünürlər.

Bir nəzəriyyəyə əsasən, Həzrət Adəm (ə) behiştdən yer üzünə endirildikdən sonra Allah-Taala onun sülbündən gələcək nəslinin hər bir fərdini çıxarmış, hər kəsin cənnət ya cəhənnəm əhli olduğunu elan etmişdir. Sonra bütün insanlardan, onların Rəbbi olduğu barədə əhd almış, bununla da hər bir hökmün Öz əlində olduğunu göstərmişdir. Bu nəzəriyyəni müdafiə edən hədislərə daha çox əhli-sünnə mənbələrində rast gəlirik.

Daha çox şiə mənbələrində rast gəlinən bəzi hədislər isə ələst məclisinin Həzrət Adəmin (ə) yaradılışından əvvəl baş verdiyini, yəni insanların xırda varlıqlar şəklində o həzrətin gil halında olan cismindən çıxarıldığını ifadə edir. Bu nəzəriyyələrdə cəbr (məcburiyyət, fatalizm) əqidəsinə işarələr olduğunu etiraf etməliyik. Buradan belə nəticə çıxır ki, insanların aqibəti hələ onlar yaradılmazdan əvvəl müəyyən edilmişdir. Bəzi tədqiqatçılar şiə mənbələrində bu mövqeni dəstəkləyən hədisləri təqiyyə ilə əlaqələndirirlər.

Əhli-beyt məktəbinə mənsub olan bəzi hədislərə görə Allah-Taala günahkarların və cəhənnəm əhlinin gilini şor su ilə, möminlərin və cənnət əhlinin gilini isə şirin su ilə yoğurmuşdur. Sonra xırda varlıqlar şəklində insanları yaratmış, Özünün Rəbb, Həzrət Muhəmmədin (s) peyğəmbər, Əlidən (ə) Mehdiyə (ə) kimi 12 müqəddəsin imam olması barədə onlardan şahidlik tələb etmişdir. Buna şahidlik etmiş ilk şəxs isə Həzrət Muhəmməd Peyğəmbər (s) olmuşdur. Bəzi rəvayətlərdə bu hadisənin ruhlar aləmində baş verdiyi, yəni bütün insanların ruhunun sorğu qarşısında tutulduğu iddia edilir.

(ardı var)


Yerləşdirilib:19 Yanvar, 2018, Baxılıb:2445, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com