Allahla bağlanmış ilk əhd

(“Ələst məclisi” barədə qeydlər)

İstər dini mənbələrdə, istər irfani mətnlərdə, istərsə də klassik ədəbiyyat nümunələrində tez-tez rast gəldiyimiz bir ifadə vardır: bəzmi-ələst, yəni ələst məclisi. Bəzən bu mənanı “qalu bəla məclisi”, “əhdi-ələst” kimi sözlərlə də ifadə edirlər. Hər şeydən əvvəl qeyd edək ki, bu ifadə Qurani-Kərimdən götürülmüşdür. Onun kökündə Quran ayəsində Allah-Taalanın buyurduğu “ələstü birəbbiküm” cümləsi durur. Bunun ərəb dilindən tərcüməsi “məgər mən sizin Rəbbiniz deyiləmmi?” deməkdir. Ərəb dilçiliyinin qaydalarına görə bu kəlmə mütləq mənada təsdiqi ifadə edir. Yəni Allahın bu sualının əks cavabı mümkün deyildir. Sual mütləq mənada təsdiqi tələb edir. Allah mütləq mənada insanların Rəbbidir və bunun əksini düşünmək batildir.

İslam inancına görə yer üzündə ilk bəşər olan Həzrət Adəmin (ə) cisminin yaradılışı başa çatmazdan əvvəl (və ya sonra) Allah-Taala onun sülbündən (belindən) bütün gələcək övladlarını çıxarmışdır. Beləliklə, Allah-Taala bütün insanları (və ya onların ruhunu) müvəqqəti olaraq fərqli bir formada xəlq etmişdir. Sonra Allah onları Öz hüzuruna toplayaraq “Mən sizin Rəbbiniz deyiləmmi?” buyurmuş və ruhlar: “Bəli” - deyə, cavab vermişlər. Bu məclisin hansı formada baş tutduğunu təsəvvür etmək çətindir.

Qurani-Kərimdə həmin hadisə bu cür təsvir edilir: “Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının (bellərindən) gələcək nəsillərini çıxarıb, onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, (Rəbbimizsən)” – deyə, cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qıyamət günü “Biz qafil idik” və ya “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür. Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!” (Əraf, 172-174).

Bu hadisənin klassik ədəbiyyatda “qalu bəla” adlandırılmasının da səbəbi Quran ayəsində bu sözün məhz həmin formada işlənməsidir. Ərəb dilində “qalu bəla” cümləsinin tərcüməsi “dedilər: bəli” şəklindədir. Ayədə də məhz bu ifadə işlədilib. Bəzi şairlər maraqlı söz oyunu yaradaraq, “qalu bəla” ifadəsini “qilü qal, məşəqqət, müsibət, bəla” mənasında işlətməyə nail olmuşlar.

Böyük Azərbaycan şairi Nəsimi qəzəllərində yazırdı:

Qalu bəladə yar ilə qövlü çü qıldın, ey könül,

Qövlündə sadiqdir ki, mən inanmışam iqrarinə.

Ey vəhdətin meyindən ulaşan xümarinə,

Məsti-ələstə sor ki, nə meyxarə düşmüşəm.

Şah İsmayıl Xətai yaradıcılığında da bu motivin izlərini görürük:

Bu Xətai yar ilə qalu bəladən qıldı əhd,

Həq bilir kim, bər səri-an əhdü iqrarəm hənuz.

Seyyid Əzim Şirvani isə öz qəzəlində ələst məclisini bu şəkildə canlandırmışdır:

Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum,

İçib vəhdət şərabindən, belə məxmurü məst oldum.

Ələst məclisini “aləmi-zərr”, yəni zərrələr aləmi də adlandırmışlar. Bunun bir səbəbi bu ola bilər ki, Allah insanları xırda zərrə ölçüsündə yaratmış və onlardan əhd-peyman almışdır. Hədislərin bir çoxunda məhz “zərrə” sözü işlədilir. Qeyd edək ki, ərəb dilində xırda ölçülü həşəratlara “zərrə” deyilir. Məsələn, qarışqa da bu kəlmə ilə ifadə olunur. Digər səbəb isə ayədə keçən “zürriyyə” sözü ilə bağlı ola bilər. Lüğəvi mənada zürriyyə kiçik yaşlı, xırda övladlara deyilir, amma bəzən hər yaş səviyyəsinə aid olan övladlara da aid edilir. “Zürriyyə” sözünün öz kökü barədə fikir ayrılıqları vardır. Bəziləri bu sözün “yaradılış” mənasını verən “zər” kökündən, bəziləri xırda varlıq mənasını verən “zərr (zərrə)” kəlməsindən, bəziləri “dağılmaq, yayılmaq” mənasını verən “zərv” felindən qaynaqlandığını bildirirlər. Sonuncu məna insan nəslinin artaraq yür üzünə yayılmasına işarə edir.

(ardı var)


Yerləşdirilib:16 Yanvar, 2018, Baxılıb:1750, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com