Sufi təriqətləri

Altıncı hissə

(Əvvəli: http://az.islam.az/article/a-935.htmlhttp://az.islam.az/article/a-936.html; http://az.islam.az/article/a-939.html; http://az.islam.az/article/a-940.html; http://az.islam.az/article/a-944.html)

Ticaniyyə

Əsasən, Afrika ölkələrində geniş yayılmış sufi təriqətlərindən biridir. XVIII əsrdə seyid olduğunu iddia edən Əbül-Abbas Əhməd ibn Mühəmməd Ticani (1737-1815) tərəfindən yaradılmışdır. Əhməd Ticani Əlcəzair əsilli idi və öz şəcərəsini İmam Həsənə (ə) bağlayırdı (Nəfsüz-zəkiyyə xətti ilə). Ticani yeniyetməlik yaşlarında Qurani-Kərimi hifz etmişdi. O, Şimali Afrikanın süfi mərkəzlərində öz dövrünün böyük təsəvvüf xadimləri ilə görüşmüş, bu görüşlər əsnasında Ticani qadiriyyə, xəlvətiyyə, şaziliyyə, sührəvərdiyyə kimi böyük sufi təriqətləri ilə yaxından tanış olmuşdu. Təxminən iki il Məkkə və Mədinə şəhərlərində mənəvi təmizlənmə dövrünü yaşamış Ticani bundan sonra əvvəlcə Misrə, daha sonra Mərakeşə səfər edir. Təxminən 35-40 yaşlarında ikən o, yuxuda Həzrət Mühəmməd Peyğəmbəri (s) görür. Guya yuxuda Peyğəmbərdən (s) bəzi təlimlər aldığını iddia edən Ticani yeni təriqətin əsasını qoyur. O, fiqhdə maliki məzhəbinin ardıcılı idi. Ticani 80 ilə yaxın ömür sürmüş və Mərakeşin qədim elm mərkəzı sayılan Fəs şəhərində dəfn olunmuşdur.

Ticaninin vəfatından sonra təriqət əvvəlcə iki əsas qola, bunun ardınca daha bir neçə şöbəyə parçalandı. Təriqətin üzvləri XIX-XX əsrlərdə Afrika xalqlarının müstəmləkəçilik əleyhinə çıxışlarında fəal iştirak etmişlər. Ticaniyyə təriqəti Mərkəzi və Qərbi Afrika torpaqlarında daha geniş yayılmışdı. Bu təriqətin ardıcılları onilliklər boyunca fransız müstəmləkəçilərin işğalına qarşı mübarizə aparmışlar. Həmin ərazidə yaşayan bir çox xalq və qəbilələr məhz ticaniyyə təriqətinin vasitəsilə İslam dini ilə tanış olmuş və müsəlmanlığı qəbul etmişdilər.

Hal-hazırda bu təriqət Misir, Mərakeş, Sudan, Əlcəzair, Nigeriya, Seneqal, Mavritaniya kimi ölkələrdə kifayət qədər geniş intişar tapmışdır, Qana ölkəsində isə xüsusilə güclüdür. Ticaniyyə müridləri dünyanın müxtəlif ölkələrinə səpələnmişlər. Ticaniyyənin xarakterik xüsusiyyətlərindən biri təriqətdaxili vəhdət və qardaşlıq inancının güclü olmasıdır. Ticanilər bir-birini həqiqi qardaş kimi qəbul edir, hər təriqət üzvünün problemini hamının ümumi dərdi sayırlar.

Ticaniyyə təriqətini bəziləri haqlı olaraq xəlvətiliyin şaxəsi hesab edirlər. Bu təriqətdə müridin xəlvətə çəkilib zikrlə məşğul olması əsas sayılır. Ticani ənənəsinə görə, əvvəla, hər gün səhər və axşam vaxtı 100 dəfə "əstəğfirullah" deyilir, 100 dəfə Həzrət Mühəmməd Peyğəmbərin (s) ruhuna salavat göndərilir və 100 dəfə "la ilahə illəllah" zikri söylənilir. İkincisi, gündə ən azı bir dəfə aşağıdakı zikrləri demək lazımdır: 30 dəfə istiğfar etmək, 50 dəfə salavat söyləmək, 100 dəfə "la ilahə illəllah" demək və 12 dəfə "Cövhərətül-kəmal" adlı duanı oxumaq. Ticanilər cümə günləri əsr namazından sonra "həzrə" adlı zikr məclisi təşkil edirlər. Onlar həzrə məclisində sanki Peyğəmbərin hüzurunda olduqlarını təsəvvürə gətirirlər. Zikr məclisi üçün nəzərdə tutulmuş ağ rəngli uzun paltar geyinən ticanilər əvvəlcə asta səslə "la ilahə illəllah" zikrini deyirlər. Get-gedə səs və ritm güclənir. Günəş batmağa üz qoyanda məclis üzvləri "Allah" zikrinə keçirlər. Zikr Günəş batana kimi davam edir, sonra camaatla məğrib namazı qılınır. Zikr zamanı ticani müridləri vəcd (trans) halına düşməyə çalışırlar. Bu məclislərdə iştirak edə bilməyən ticani müridi fərdi olaraq 1000 dəfə "la ilahə illəllah" və 500 dəfə "Allah" zikrlərini söyləməlidir.

Ticaniyyənin müxtəlif qollarında zikrlərin növü və sayı fərqlənir. Bu təriqətin ardıcılları məğrib namazından sonra ağ parçanın (süfrənin) ətrafına toplaşıb, kollektiv surətdə vird (zikr) söyləyirlər. Rəvayətə görə, məhz bu vird qaydasını Ticani yuxuda Peyğəmbərin (s) özündən öyrənmişdi.

Ticaniyyədə Peyğəmbərə (s), Əhli-beytə (ə) və səhabələrə təvəssül inancı güclüdür. Təriqət daxilində ciddi iyerarxiya mövcuddur, şeyx xəlifələr üzərində, xəlifələr də sıravi müridlər üzərində ixtiyar sahibidirlər. Ticaniyyə xanəgahları müridlərin ianələri və vəqf hesabına maliyyələşir. Təriqətdən çıxmaq qadağandır, amma hər kəsin təriqətə daxil olması icazəlidir. Ticaniyyə təriqətinə qoşulanlar xüsusi mərasimdən keçməli, 40 bənddən ibarət öhdəliyə riayət etməyə söz verməlidirlər.

Ticani təriqətinin ardıcılları söylədikləri zikrlərin sayına uyğun olaraq 12, 18 və 20-yə bölünən 100 dənəcikli təsbehdən istifadə edirlər.

XX əsrin əvvəllərində ticaniliyin "həmaliyyə" adlı qolu yarandı. Həmalilərin qalan ticanilərdən əsas fərqləri "Cövhərətül-kəmal" duasını 12 dəfə deyil, 11 dəfə oxumaları, zikr məclislərində qadınların da kişilərlə bir sırada iştirakına icazə vermələri və zikrləri xüsusi çılğınlıqla söyləmələridir.

Ticaniyyə təriqətinin əksər üzvləri şəriət hökmlərində maliki məzhəbinə təqlid edirlər. Lakin təriqətdə bir məzhəbə bağlı olmaq vacib şərt deyil. Ticaninin özü guya Peyğəmbərdən (s) aldığı ilham nəticəsində tam fərqli fiqhi hökmlər verirdi; bu hökmlərin bir qismi əhli-sünnə alimləri tərəfindən ciddi tənqid edilir.

Ticaniyyə təriqəti milli ünsürləri özündə ehtiva edən bir təlimdir. Bu təriqətin üzvləri Afrika xalqlarının milli düşüncəsinə, mədəniyyətinə aid elementlərə tam tolerant yanaşır, hətta təriqət yığıncaqlarında milli nəğmələr oxuyur, təbil çalır, milli (aborigen) rəqslər ifa edirlər.

Əksər Afrika sufi təriqətləri kimi ticaniyyə ardıcılları da öz təriqətlərinin nəzəri əsaslarından, ibadət və əxlaq normalarından daha çox öz gündəlik yaşam tərzlərində təriqəti təmsil etməyə maraq göstərirlər. Xüsusilə, ticaniyyə şeyxləri öz müridlərini rüşvət, yalançılıq, sərxoşluq və siqaretə aludəlik kimi mənfi vərdişlərdən uzaq tutmaq uğrunda mübarizə aparırlar.


Yerləşdirilib:12 Yanvar, 2018, Baxılıb:3099, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com