“Məşhur həmyerlimiz” silsiləsindən: Şeyx Həsən Naxçıvani Bulğari

İslam elm tarixində özünəməxsus yeri və dəsti-xətti olmuş alimlərdən və irfan sahiblərindən biri də həmyerlimiz Şeyx Səlahəddin Həsən Naxçıvani Bulğari olmuşdur.

O, təqribən 1208-09-cu illərdə Naxçıvanda doğulmuş, 15 yaşında ikən atasını itirmiş, ailəsi ilə birlikdə Xoy şəhərinə köçmüşdür. Atası Xacə Ömər bəzi məlumatlara görə varlı tacir, bəzi məlumatlara görə isə irfan əhli idi. Onun məzarının Cənubi Azərbaycanda, Xoy şəhəri kənarında olduğunu yazırlar.

23 yaşında monqollarun Xoya hücumu zamanı əsir düşən Həsən ömrünün yeddi ilini qürbətdə əsarətdə keçirir. Monqollar onu Volqa çayının şimalında yerləşən torpaqlara – Bulğar ölkəsinə aparırlar. O, doqquz il (bəzi məlumatlara görə hətta 30 il) bulğarların ara¬sında yaşayır. Bulğarlar türk əsilli qədim Bulğar xanlığının varisləri idi. Şeyx Həsən bulğarların arasında uzun müddət yaşadığı üçün “Bulğari” kimi tanınırdı.

Şeyx Həsən əsarətdə olduğu ilk zamanlarda öz zəka və əxlaqı ilə seçilir, getdikcə monqol əyanlarının etimadını qazanır. Hətta monqol xanı ona azadlıq verib, ticarətlə məşğul olmasına şərait yaradır və özünə məşvərətçi təyin edir. Bulğari ticarətdən xeyli vəsait qazanır və sərvət sahibi olur.

Bulğari ticarət məqsədi ilə Təbrizə səfər etməyi qərara alır. Onun yolu Orta Asiyanın mərkəzi sayılan Buxara şəhərindən keçirdi. Burada təqribən 30 yaşında ikən Bulğari təsəvvüf aləminə qədəm qoyur. Rəvayətə görə cəzbə halında İmam Əlini (ə) görmüş Bulğari sührəverdiyyə təriqətinə qoşulur. Cənubi Azərbaycan əsilli Əbun-nəcib Əbdülqahir Sührəvərdi (1097-1168) tərəfindən əsası qoyulmuş bu təriqət o zamanlar çiçəklənmə dövrünü yaşayırdı. Bulğari 28 nəfər təsəvvüf şeyxindən, o cümlədən, Sührəvərdinin şagirdlərinin şagirdlərindən dərs almışdı. Hətta Bulğarinin Şəms Təbrizi ilə görüşdüyünü və onun əli ilə xirqə geyindiyini (yəni təsəvvüf aləminə qədəm basdığını) iddia edənlər var. Bulğari həqiqətən Şəmsəddin Razi adlı bir alimdən xeyli bəhrələnmişdi. Bəzi tədqiqatçıların iddiasına görə bu şəxs Mövlana ilə dostluqdan sonra sirli şəkildə yoxa çıxmış Şəms Təbrizidir ki, Bulğarinin ustadı olmuşdur.

Buxarada 3 il qaldıqdan sonra Bulğari bu şəhəri tərk etməli olur. Çünki böyük monqol ordusu Buxaranı ələ keçirmək üçün hücum etmişdi. Monqol əsarətini öz üzərində hiss etmiş alim bu amansız qüvvənin qarşısında müqavimət göstərməyin mənasız olduğunu anlayırdı.

Şeyx Həsən Bulğari Buxaradan Kirmana köçür. Uzun müddət (27 il) bu yerlərdə yaşayıb-yaratdıqdan sonra ömrünün sonuna yaxın Cənubi Azərbaycanda yurd salır. Bir il Marağada qaldıqdan sonra o, Təbrizə köçür və təqribən 1299-cu ildə 90 yaşında Təbrizdə vəfat edir. Məzarı Surxab qəbristanlığındadır. Qeyd edək ki, şairlər məzarlığı kimi tanınan bu qəbristanlıqda Xaqani, Qətran Təbrizi, Hümam Təbrizi, Mücirəddin Beyləqani, Əssar Təbrizi, Ənvəri, Şəhriyar və başqaları da dəfn edilmişlər.

Bulğari irfani məzmunlu şeirlər yazırdı. Mənbələrin xəbər verdiyi kimi məşhur şair Hümam Təbrizi onu təsəvvüf şeyxi kimi qəbul edirmiş. Bulğari sufi ədəbiyyatının tanınmış nümayəndələrindən olan Sədəddin Həməveyhin “Qəlb əl-münqələb risaləsi”ni ərəb dilindən fars dilinə tərcümə etmişdi.

Bulğarinin həyatı haqqında bəzi mənbələrdə, o cümlədən, Hüseyn Vaiz Kaşifinin “Rəşəhat eyn əl-həyat” kitabında məlumat verilmişdir (2-ci cild, səh. 368-369). Bulğarinin müridlərindən biri onun həyatını və təsəvvüfə aid görüşlərini qələmə almışdır.

Seyyid Əhməd Behişti Şirazinin “Divani-Hafiz”ə yazdığı “Şərhe-cünun” şərhində (1-ci cild, səh. 532-533) yazılıb ki, Şeyx Həsən Bulğari ömrünün sonlarında deyirmiş: “Nikah əhkamına aid qalın-qalın kitabları oxuyandan son-ra bunu başa düşdüm ki, iki bacı ilə eyni zamanda evlənmək olmaz. (Mütləq bacıların birini boşamaq lazımdır ki, о birini almaq mümkün olsun). Dünya ilə axirət bacılardır. Dünya ilə axirətin hər ikisini (ürəkdə) saxlamaq olmaz.

Talaq haqqındakı kitablardan isə bunu anladım ki, Peyğəmbərin (s) talaq verdiyi qadını başqası özünə arvad edə bilməz. Dünya o qarıdır ki, Peyğəmbər (s) ona üç dəfə talaq verib”.

Bulğari burada Qurani-Kərimin bir ayəsində bəyan edilmiş şəriət hökmünə işarə etmişdir. Peyğəmbərin (s) həyat yoldaşları müsəlmanların anası kimidir; buna görə də onlar müsəlmanlara həmişəlik haramdırlar. İstər о qadınlara Peyğəmbər talaq vermiş olsun, istərsə də Peyğəmbər vəfat etdikdən sonra о qadınlar dul qalmış olsunlar – hər bir halda onlarla evlənmək baqşalarına qadağan olunub. Quranda buyurulur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri (möminlərin) analarıdır” (Əhzab, 6).

Peyğəmbərin (s) dünyaya üç dəfə talaq verməsi isə bədii bir ifadədir. Bəzi dini mənbələrdə dünya yaraşıqlı və işvəkar qadın sifətində təcəssüm etdirilir. O, öz cilvələri ilə kişiləri (yəni insanları) yoldan çixarıb özünə valeh və aşiq edir, amma axırda hamının muradını gözündə qoyur.

İslam şəriətinə görə, ər öz həyat yoldaşına üç dəfə talaq verərsə, onların arasında kəbin tam pozulmuş olur. Müqəddəslərin dünyaya üç dəfə talaq vermələri onların dünyadan birdəfəlik üz çevirmələri və aralarındakı rabitəni həmişəlik qırmaları mənasına gəlir.

Müxtəlif hədislərdə həm Həzrət Mühəmməd Peyğəmbərin (s), həm də İmam Əlinin (ə) dünyaya üç dəfə talaq verməsi söylənilir.


Yerləşdirilib:28 Dekabr, 2017, Baxılıb:1287, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com