Sufi təriqətləri

Dördüncü hissə

(Əvvəli: http://az.islam.az/article/a-935.htmlhttp://az.islam.az/article/a-936.html; http://az.islam.az/article/a-939.html)

Qadiriyyə

Məşhur sufi təriqətlərindən biridir. Banisi Əbdülqadir Gilanidir (1077-1166). Qadiriyyə ən qədim sufi təriqətlərindən sayılır. Bağdadda yaranmış, bundan sonra müridlər vasitəsilə İndoneziyadan Avropaya, Sibirdən Mərkəzi Afrikaya kimi dünyanın müxtəlif ölkələrində yayılmışdır.

Qadiriyyə təriqətinin əsasında dinin göstərişlərinə ciddi riayət etmək tələbi durur. Qadirilər Allahın halal-haramına riayət etmək istiqamətində tam ciddilik nümayiş etdirir, dünya ləzzətlərindən uzaq qaçır, bununla belə, bəzi dərvişlərdən fərqli olaraq, miskin və möhtac halda yaşamağı bəyənmirdilər. Qadiriyyə təriqəti ucadan zikr söyləyən (cəhri) təriqətlərdəndir. Onların zikr məclisləri 3 növ olur:

dairəvi şəkildə oturmaqla yerinə yetirilən qüudi zikr,

ayaq üstə durmaqla yerinə yetirilən qiyami zikr,

qrup halında ahəstə dairəvi hərəkət etməklə icra olunan dəvərani zikr.

Zikr məclislərində bir qayda olaraq, “Allah”, “hu”, “həyy”, “ya Lətif” kəlmələri, “la ilahə illəllah”, “bismillah” cümlələri, Fatihə, İxlas və Nəsr surələri təkrar edilir, Peyğəmbərin (s) ruhuna salam və salavat deyilir. Qadiriyyə təriqətində 40 günlük oruc tətbiq edilir.

Təriqətdə şeyx kultu çox güclüdür. Əbdülqadir Gilani “ğavsül-əzəm” (böyük yardım) adlandırılır. Təriqətin əsas iqamətgahı Əbdülqadir Gilaninin Bağdaddakı məzarı üzərində tikilmiş təkyədir. Qadiriyyə təriqəti artıq XV əsrdən müxtəlif qollara bölünməyə başladı. Hal-hazırda bu təriqətin qalibiyyə, ərusiyyə, budşişiyyə, əşrəfiyyə, rumiyyə, əsədiyyə, mühəmmədiyyə kimi qolları mövcuddur. Bu qolların bir çoxu qadiriyyə ilə başqa təriqətlərin sintezindən yaranmışdır. Qadiriyyə və rifaiyyə təriqətlərinin birləşməsindən yaranmış qalibiyyə təriqəti Türkiyədə böyük nüfuza malikdir. Qalibiyyənin banisi Şeyx Qalib Həsən Quşçuoğludur.

XV əsrdə qadiriyyə təriqətini Anadolu torpaqlarına gətirmiş Əşrəfoğlu Rumi (məşhur sufi Hacı Bayram vəlinin kürəkəni) təriqətin ikinci şeyxi (piri-sani) adlandırılır. XVII əsrin əvvəllərində İsmail Rumi (bəzən piri-sani ləqəbini ona aid edirlər) İstanbulun Topxana məhəlləsində qadiriyyə təkyəsi açmaqla, Türkiyənin dini-ictimai həyatında bu təriqətin rolunu gücləndirdi. Osmanlı sultanı II Əbdülhəmidin də qadiriyyə təriqətinə üzv olduğunu yazırlar.

Qadiriyyə müridləri təriqətə daxil olduqdan bir il sonra başlarına 18 zolaqlı yaşıl papaq qoymaq hüququ qazanırlar. Təriqətin simvolu yaşıl rəngli qızılgüldür. Qızılgülün yarpaqları 5, 6 və 7 olmaqla üç cərgədə düzülüb. 5 rəqəmi İslamın əsaslarının, 6 rəqəmi imanın şərtlərinin, 7 rəqəmi isə qadiriyyə zikrlərinin sayına işarədir.

Rifaiyyə

Rifaiyyə təriqətinin banisi İmam Hüseynin (ə) nəslindən olduğu iddia edilən şafii məzhəbli Seyid Əhməd Rifaidir (1118-1182).

Rifaiyyə təriqətinin əsasında nəfslə mübarizə ideyası durur. Bunun üçün 40 günlük çillə, müxtəlif riyazət üsulları, musiqi alətlərinin çalğısı ilə müşayiət olunan zikr məclisləri nəzərdə tutulur. Rifai müridlərinin simvolu qara rəng idi, onlar başlarına qara çalma bağlayırdılar. Mühərrəm ayında 7 gün camaatdan ayrılıb xəlvətə çəkilir, oruc tutur, səhur və iftar yeməklərini mürşidin tapşırığına uyğun olaraq seçirdilər (bu xəlvət növünə “mühərrəmiyyə” deyilirdi).

Rifailər zikr vasitəsilə elə bir vəcd (ekstaz) halına çatırdılar ki, yanan tonqalın içində gəzir və bu zaman qətiyyən ağrı hiss etmirdilər. Rifai dərvişləri xalq içində gəzib möcüzəyə bənzər müxtəlif qeyri-adi işlər görürmüşlər (məsələn, alovu udur, şüşə parçalarını yeyir, zəhərli ilanları oynadırmışlar). Bütün bu ənənələr Seyid Əhməd Rifainin vəfatından sonra meydana gəlmişdir.

Orta əsrlərdə Misir, Anadolu və Balkan ölkələrində rifaiyyə təriqəti geniş yayılmışdı. Hal-hazırda Türkiyə ərazisində bu təriqətin qalibi qolu (banisi Şeyx Qalib Həsən Quşçuoğludur) fəaiyyət göstərir.


Yerləşdirilib:15 Dekabr, 2017, Baxılıb:3003, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com