Sufi təriqətləri

3-cü hissə

(Əvvəli: http://az.islam.az/article/a-935.html; http://az.islam.az/article/a-936.html)

Sührəvərdiyyə

Məşhur sufi təriqətlərindən olan sührəvərdiyyənin banisi Cənubi Azərbaycan mənşəli sufi Ziyaüddin Əbun-nəcib Əbdülqahir Sührəvərdidir (1097-1168). Onun qardaşı oğlu Şihabəddin Əbu Həfs Ömər ibn Mühəmməd Sührəvərdi (1145-1234) təriqətin formalaşmasında mühüm rol oynamışdır. Əbun-nəcib Sührəvərdinin “Adabül-müridin”, Şihabəddin Sührəvərdinin “Əvarifül-məarif” kitabları təsəvvüf aləmində ən məşhur əsərlərdən sayılır.

Şihabəddin Sührəvərdi öz zamanında böyük nüfuza sahib idi, “şeyxüş-şüyux” (şeyxlərin şeyxi) ləqəbi ilə çağırılırdı. Bağdad şəhərindəki bütün sufi təkyələrinin idarəçiliyi ona həvalə edilmişdi.

Sührəvərdiyyə təriqəti əvvəlcə İraq, Suriya və İran ərazisində, daha sonralar isə Orta Asiya, Hindistan və Anadoluda yayıldı. Məşhur müsəlman ədibləri Sədi Şirazi, Fəxrəddin İraqi və Əbdürrəzzaq Kaşani sührəvərdiyyə təriqətinə mənsub idilər.

Hal-hazırda sührəvərdiyyə təriqəti Hindistan və Pakistan ərazilərində daha çox intişar tapmışdır. Təriqət barədə əsas ədəbiyyat da urdu və pəncab dillərindədir. Sührəvərdiyyə təriqətində açıq (cəli) və gizli (xəfi) zikrlərə xüsusi önəm verilir. Zikrlərin əvvəlincisi “La ilahə illəllah”, ikincisi “Muhəmmədun rəsulüllah” cümləsidir. Zikrlərin sultanı “hu” kəlməsi sayılır. Hər zikrin öz deyilmə vaxtı və şəraiti var. Hətta hər zikrin müəyyən bir bədən üzvündən süzüldüyünə inanırlar.

Sührəvərdiyyə təriqətində yuxunun da özünəməxsus yeri var. Yuxuda insana bəzi irfani mətləblərin (mükaşifə) verildiyini iddia edirlər. Təriqətə daxil olmaq istəyən şəxs yatmazdan əvvəl dəstəmaz alır, Həzrət Muhəmməd Peyğəmbərə (s) və nəslinə min dəfə salavat söyləyir, 22 dəfə “ya Vədud” (əsmaül-hüsnadandır) zikrini deyib yatır. Yuxuda nə gördüsə, səhər onu şeyxə danışır və bundan sonra şeyxin icazəsi ilə təriqətin üzvü sayılır.

Sührəvərdiyyə təriqətində mistik inanclar böyük yerə malikdir. Məsələn, təriqət şeyxlərinin öldükdən sonra həmin bədənlə başqa bir ölkədə yenidən yaşaya bildiyinə inanırlar. Xəfi (gizli) zikri söyləyərkən bədəndəki 10 dəliyi psixoloji təmrin vasitəsilə bağlamağa çalışırlar ki, həmin dəliklərdən nəfəs kənara çıxmasın və zikr pozulmasın.

Yəsəviyyə

Bu təriqətin əsası Şeyx Əhməd Yəsəvi (vəf. 1166-cı il) tərəfindən qoyulmuşdur. Əsasən, Orta Asiyanın türkdilli xalqları arasında daha geniş yayılmışdı. Orta əsrlərdə Anadolu, Balkan yarımadası və Qafqaz bölgələrində mühüm təsir gücünə malik təriqətlərdən biri idi. Yəsəviyyə təriqəti türkdilli xalqların şüurunda İslam təfəkkürünün möhkəmlənməsinə böyük yardım göstərmişdir.

Bu təriqətdə cəhri zikr, yəni uca səslə zikr söyləmək ayini əsas yer tuturdu. Yəsəvilərin zikri adətən “Həyyü hu” sözlərindən ibarət olurdu. Yəsəviyyə təriqətinin müridləri nəfsin istəklərinə qalib gəlmək üçün riyazət (fiziki məhrumiyyətlərə dözmək) üsullarından istifadə edirdilər. Camaatdan uzaqlaşıb xəlvətə çəkilmək, susmaq bu təriqətin ardıcıllarının xarakterik xüsusiyyətlərindən sayılırdı.

Yəsəviyyə təriqətinə görə şəriət, təriqət, həqiqət və mərifət adlı dörd mərhələnin hər biri 10 məqama bölünürdü. Əsl sufi bu məqamların hamısından keçməli idi. Müridliyə qəbul olmaq istəyənləri ciddi-cəhdlə seçirdilər; müridin zəkalı, doğrucul, azdanışan və öz şeyxinə itaətkar olması əsas şərt sayılırdı.

Yəsəviyyə təriqəti nəqşbəndiyyə və bəktaşiyyə kimi böyük sufi təriqətlərinin yaranması üçün zəmin rolunu oynamışdır. Bu gün də Orta Asiyanın türkdilli xalqlarının dini həyatında və məişətində onun təsiri duyulmaqdadır.

Yəsəviyyə tarixdə ilk türk sufi təriqəti sayılır.


Yerləşdirilib:11 Dekabr, 2017, Baxılıb:1483, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2018 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com