Peyğəmbərin (s) möcüzəsi yalnız Qurandırmı?

Niyə Allah möcüzə göstərməkdən imtina edir?

(Əvvəli: http://az.islam.az/article/a-937.html)

Həzrət Mühəmməd Peyğəmbərin (s) Qurandan başqa möcüzəsi olmadığını iddia edənlərin ən çox müraciət etdiyi sübut Quranın “İsra” surəsinin 59-cu ayəsidir. Onlar guya bu ayənin öz iddialarını təsdiq etdiyini düşünür və mübahisələr zamanı söhbəti bu istiqamətə gətirirlər: “Quranın özündə Peyğəmbərin Qurandan başqa möcüzəsi olmadığı vurğulanıb. Əsas meyar Qurandır. Quran belə deyirsə, biz də Peyğəmbərin Qurandan başqa möcüzəsi olmadığını qəbul etməliyik”.

Əsas meyarın Quran olduğunu heç bir müsəlman inkar etmir. Amma Quran ayələrini öz istədiyi və anladığı şəkildə, kontekstdən çıxararaq şərh etməyə də heç kimin haqqı yoxdur. Nazil olma şəraitini nəzərə almadan, ayələrin əvvəli və sonu arasındakı əlaqəni gözardına vuraraq, ayələri kontekstdən çıxararaq mənalandırmaq sektaların sevimli üsuludur. Vəhhabilər də öz terror və zorakı əməllərini Quranla “əsaslandırmaq” üçün bu üsuldan tez-tez istifadə edirlər. Özünü qurani adlandıran şəxs heç olmasa Quran ayələrini düzgün anlamalıdır. Təəssüf ki, həyatda bunun əksini görürük; quranilərin əksəriyyəti təfsir metodologiyasından xəbərsiz, Quran məntiqindən uzaqdır.

Haqqında söhbət gedən ayədə buyurulur:

“Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk” (İsra, 59).

Ayənin təfsirinə keçməzdən əvvəl kiçik bir müqəddiməyə ehtiyac olduğunu düşünürük. Tarixin hər bir dönəmində Allah qövmlərə peyğəmbərlər göndərsə də, bu qövmlərin içində müqavimətsiz iman gətirənlər az olmuşdur. Qurani-Kərim bizə müxtəlif qövmlərin öz peyğəmbərlərinə qarşı düşmənçiliklərindən söz açır. Şeytana uyan qüvvələr həmişə haqqın qarşısında mövqe tutmuş və var qüvvələri ilə haqqın nurunu söndürməyə çalışmışlar. Həzrət Nuhun (ə), Hudun (ə), Salehin (ə) qarşısında öz qövmləri, Həzrət İbrahimin (ə) qarşısında Nəmrud, Həzrət Musanın (ə) qarşısında Firon və Bəni-İsrailin azğın nümayəndələri, Həzrət İsanın (ə) qarşısında yalançı Bəni-İsrail rahibləri durmuşlar...

Bəzi qövmlər peyğəmbərə tabe olsalar da, bu proses çox çətin, itkili və əziyyətli keçmişdir. Allahın son Elçisinin (ə) zamanında olduğu kimi. Peyğəmbərimiz (s) bütün Ərəbistanı Allahın dininə təslim edə bilsə də, bunu ağır itkilərin və 23 illik zəhmətin bahasına edə bildi. Müşriklər əllərindən gələni etdilər ki, İslamın irəliləyişinə mane olsunlar. Hətta İslamın qələbəsindən sonra da inadkarlıq edənlər və təslim olmayanlar vardı. Hətta İslamı qəbul etdiyini bildirəndən sonra peyğəmbərlik fikrinə düşənlər və yalançı “peyğəmbərlərə” beyət edənlər vardı.

Quran bu cür inadkar qüvvələrin haqqında buyurur:

“Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz” (Ənam, 111).

Bəqərə surəsinin ilk ayələrində Allah-Taala ürəyinə və qulağına möhür vurulmuş, gözünə pərdə çəkilmiş müşrikləri vəsf etməzdən əvvəl buyurur:

“Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər” (Bəqərə, 6).

Allahın Elçisi (s) ilə peyğəmbərlik davası edənlər və peyğəmbərlik missiyasını mənimsəmək xülyasına düşənlər də ayələrdə diqqətdən kənar qalmayıblar:

“Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!” (Ənam, 124).

Sadalanan ayələrdən məlum oldu ki, Peyğəmbərin (s) qarşısında duran müşriklərin bir qismi heç nə ilə qane olmayacaq dərəcədə inadkar və heç bir güzəştə getməyəcək dərəcədə qəddar idilər. Allah onları kitab əhlinin pisləri ilə bir sırada xatırladır:

“Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər. (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir. O səhifələrdə doğru-dürüst hökmlər vardır” (Beyyinə, 1-3).

Növbəti ayələrin birində bu inadkarların aqibəti təsvir edilir: “Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər” (Beyyinə, 6).

(ardı var)


Yerləşdirilib:4 Dekabr, 2017, Baxılıb:1104, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com