Sufi təriqətləri

Nemətullahiyyə

(Əvvəli: http://az.islam.az/article/a-935.html)

Məşhur sufi təriqətlərindən biri. Banisi Şah Nemətullah Vəlidir (1330-1431). Nemətullahiyyə təriqəti əvvəlcə şəriətdə sünnilik qoluna əsaslanmış, sonra zaman keçdikcə təriqət şiəliyə meyllənmişdir. (Bəzi müəlliflər Şah Nemətullah Vəlinin şafii, bəziləri isə şiə məzhəbində olduğunu yazmışlar). İlk dövrlərdə nemətullahi müridləri mənsub olduqları təriqəti nişan verən xüsusi geyim geyinmirdilər. Lakin sonralar keçədən paltar geyinir, başlarına 5 və ya 12 zolaqlı hündür papaq qoyurdular. Nemətullahiyyə təriqətinə görə tərki-dünyalıq gündəlik həyat sahəsində deyil, dərvişin qəlbində olmalıdır. Bu təriqətdə camaata möhtac olmaq, ianə hesabına yaşamaq məzəmmət olunur. Nemətullahiyyə təriqətinin zikr məclislərində sima rəqsi və musiqi ifa olunmurdu. Nemətullahilərə görə, həqiqətə çatmağın yolları bunlardır: zikr, fikr (təfəkkür), mühasibə (öz vicdanı qarşısında hesabat vermək), müraqibə (həmişə Allahın nəzarəti altında olduğunu hiss etmək) və vird.

Nemətullahiyyə təriqətinin rəmzi kəşkül və təsbehlə birləşmiş iki çarpaz təbərzindən (baltadan) ibarətdir. Kəşkül məşhur sufi atributlarından biridir. Adətən, sərt qabıqlı meyvələrin (məsələn, hindqozu) qabığından yumurtavari formada hazırlanmış içiboş qabdan ibarət olurdu. Keçmişdə sufi təriqətlərinin dərvişləri özləri ilə mütləq kəşkül gəzdirərdilər. Kəşkül bəzən taxtadan, bəzən isə dəmirdən hazırlanırdı. Kəşkül dərviş üçün hər şey demək idi; onun içində yemək yeyir, su içirdi, camaatdan aldığı ianələri də kəşkülün içində gəzdirirdi. Sufi ədəbiyyatında kəşkül kasıblığın və qənaətin rəmzi sayılırdı;  çünki  sufinin kəşküldən savayı heç bir əmlakı yox idi.

Təbərzinlərin yuxarısındakı sahədə “hu” kəlməsi yerləşdirilib. Təbərzinlər nəfsin öldürülməsini, kəşkül – fəqr halını, təsbeh – zikrə və duaya bağlılığı, “hu” kəlməsi isə Allahı ifadə edir.

Nemətullahiyyə təriqətində mürşid müridlərin həm dini, həm də dünyəvi rəhbəri sayılır. Ona görə də bu təriqətin şeyxlərinin adına “şah” kəlməsini qoşurdular. Bir qayda olaraq, nemətullahiyyə şexlərinin adı “Əli Şah” kəlməsi ilə bitirdi (məsələn: Məstəli Şah, Məczubəli Şah, Məsuməli Şah, Nurəli Şah və b.). Şah Nemətullah Vəlidən sonra təriqətə onun oğlu, daha sonra isə nəvəsi başçılıq etmişdir.

Nemətullahiyyə uzun müddət əsasən İran ərazisində yayılmışdı. Səfəvilər zamanında siyasi səbəblər üzündən hökumət tərəfindən təqib olunduğu üçün təriqətin mərkəzi bir müddət Hindistana köçdü. XVIII əsrin sonlarında Məsuməli Şah Dəkkani İrana qayıdaraq, nemətullahiyyə təriqətinə yeni həyat bəxş etdi.

Nemətullahiyyə təriqətinə 1953-2008-ci illər arasında doktor Cavad Nurbəxş (II Nurəli Şah) başçılıq etmişdir. Onun zamanında təriqətin Amerika, Avropa, Afrika və Avstraliyada xanəgahları açıldı. İran xaricində ilk nemətullahi xanəgahı San-Fransiskoda fəaliyyətə başladı (1975). Cavad Nurbəxşin vəfatından (2008) sonra təriqətə onun oğlu Əlirza Nurbəxş (Rzaəli Şah) rəhbərlik edir.

Nemətullahiyyə təriqəti başqa dinlərin və təriqətlərin ardıcıllarına tolerant münasibəti ilə seçilir. Təriqət sufilik mövzusunda beynəlxalq konfranslar keçirir, kitablar buraxır, ingilis, rus, fars və ispan dillərində “Sufi” adlı jurnal nəşr etdirir.

Nemətullahiyyə təriqətinin məşhur üzvləri sırasında görkəmli Azərbaycan səyyahı, “Bustanüs-səyahə” və “Riyazüs-səyahə” kitablarının müəllifi Hacı Zeynal-abidin Şirvani (Məstəli Şah), biblioqraf alim Rzaqulu xan Hidayət (Hidayətəli Şah), rus şərqşünası akademik Y.E.Bertelsin oğlu A.Y.Bertels və başqalarının adlarını çəkmək olar.


Yerləşdirilib:24 Noyabr, 2017, Baxılıb:1428, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com