Sufi təriqətləri

Oxucu marağını nəzərə alaraq, İslam dünyasında keçmiş zamanlarda böyük nüfuz sahibi olmuş, bu gün də müəyyən ölkələrdə və dairələrdə öz nüfuzunu qoruyub-saxlayan məşhur sufi təriqətləri barədə silsilə şəklində qısa məlumatlar verməyi qərara aldıq.

Təriqətlərin əqidəvi əsaslarını, fərqləndirici xüsusiyyətlərini, əsas ayinlərini açıqlamaq, müasir dünyada bu və ya digər təriqətin yayılma arealını açıqlamaq məqsədi daşıyan bu yazılarda ən mühüm və yığcam məlumatlar təqdim ediləcək. Silsilə yazılarda müsəlman ölkələrinin, o cümlədən, Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında böyük rol oyamış mövləviyyə, nəşqbəndiyyə, sührəverdiyyə, səfəviyyə, xəlvətiyyə, qadiriyyə, çiştiyyə, nemətullahiyyə, şaziliyyə, rifaiyyə, ticaniyyə, yəsəviyyə, sənusiyyə, hürufiyyə, kübrəviyyə kimi sufi təriqətləri barədə ilkin informasiyanı əldə edəcəksiniz.

Silsiləni mövləviyyə təriqəti barədə məqalə ilə açırıq.

Mövləviyyə

Məşhur sufi təriqətlərindən biridir. Banisi Mövlana (ağamız, rəhbərimiz) ləqəbli şair və sufi Cəlaləddin Rumidir (1207-1273). Mövlana əvvəllər kübrəviyyə təriqətinə mənsub idi, daha sonralar Şəms Təbrizi ilə tanışlığından ilhamlanaraq mövləviyyə məktəbinin əsaslarını işləyib-hazırladı.

Mövləviyyə təriqətində ilahi eşq ideyası əsas yerdə durur. Allaha yaxınlaşmağın yolu bütün dünya qayğılarından xilas olub, vəcd (trans) halına düşməkdədir. Buna nail olmaq üçün mövləvi dərvişləri sima adlı ayindən istifadə edirlər. Sima  – ney və daha bir neçə köməkçi alətin müşayiəti altında dərvişlərin dəqiq trayektoriya üzrə fırlanaraq hərəkət etmələrinə deyilir. Bu hərəkət zamanı dərvişlər sanki kosmosun səsini eşitdiklərini təsəvvür edirlər (“sima” sözünün ərəb dilindən tərcüməsi “eşitmə” deməkdir).

Simadan əvvəl ayin rəhbərinin ifasında Həzrət Mühəmməd Peyğəmbəri (s) mədh edən şeir parçaları ifa edilir, neyin ifası dinlənilir, sonra enli ətəkli ağ paltar geyinmiş, çiyinlərinə qara örtük salmış, başlarına dəridən ağ uzun papaq qoymuş dərvişlər bir-bir yaxınlaşıb mürşidin əlini öpür, simaya başlayırlar. Hər bir dərviş o birinə toxunmadan, həm öz oxunun, həm də mürşidin ətrafında dövrə cızır. Bu zaman dərvişin sağ əli yuxarıya, sol əli isə aşağıya doğru tutulur. Bununla onlar sanki ilahi enerjini səmadan alıb yerə ötürmüş olurlar. Fırlanmanı asanlaşdırmaq üçün dərviş başını çox zaman yana əyir. Getdikcə simanın ritmi tezləşir, dərvişlər çiyinlərindəki qara örtüyü yerə atır, Allahın hüzurunda ağ kəfənə bürünmüş kimi durduqlarını təsəvvür edərək rəqsi davam etdirirlər. Sima halında fasiləsiz olaraq fırlanan dərviş trans halına düşür, ətrafdakı hər şeyin bir-birinə qarışdığını, əriyərək yox olduğunu, yalnız özünün qaldığını hiss edir. Mövləvilikdən əvvəlki sufilərin təcrübəsində də simaya rast gəlinirdi; amma sima öz dəqiq, əsaslandırılmış, kompleks həllini məhz mövləviyyə təriqətində tapmışdır.

Mövləviyyə təriqətinin daha bir ayini çillədən ibarətdir. Çillə – dərvişin hamıdan ayrılalaraq tənhalığa çəkilməsi və 1001 gün ibadətlə, Allah barədə təfəkkürlə məşğul olması mənasını verir. Çilləni uğurla bitirmiş dərvişlərə “dədə” adı verilir. Mövləvi təriqətinin şeyxlərini isə “çələbi” adlandırırlar. Təriqət başçılığı Mövlana nəslinin üzvləri arasında irsi qaydada ötürülür.

Mövləviyyə təriqəti əsasən, Türkiyə ərazisində daha geniş yayılmış, bununla belə, Suriya, Misir, Krım və Balkan ölkələrində kifayət qədər intişar tapmışdı. Hətta Osmanlı sultanı III Səlimin (1789-1807) təriqət üzvü olduğunu yazırlar. Mövləviyyə təriqətinin təkyələri həmişə başqa təriqət ocaqlarına nisbətən daha geniş olmuşdur. Bu da sima rəqsləri üçün onlara iri sahəli binaların lazım olduğu ilə izah edilir. Mövləviyyə təriqətinin mərkəzi Türkiyənin Konya şəhərindəki Mövlana dərgahıdır (Mövlana Cəlaləddin Ruminin məzarı üzərində tikilmiş iri kompleksdir). Təriqət üzvləri tərəfindən ən çox oxunan kitabların başında Mövlananın “Məsnəviye-mənəvi” əsəri gəlir.

1925-ci ildə Türkiyə Cümhuriyyəti ərazisində bütün sufi təkyələrinin fəaliyyəti qadağan edildikdən və Konyadakı Mövlana dərgahı muzeyə çevrildikdən sonra təriqətin inkişafı xeyli zəiflədi. Hal-hazırda Mövlana dərgahında xaricdən gələn turistlər üçün tamaşa şəklində sima rəqsi ifa edilir. Mövləviyyə təriqətinin qeyri-müsəlman ölkələrində də çoxlu ardıcılı vardır. Avropa ölkələrində mövləviyyə təriqətinin əsaslarını təlim və təbliğ edən, sima rəqsini öyrədən ayrı-ayrı dərnəklər mövcuddur.

Mövləviyyə ən az parçalanmaya məruz qalmış təriqətdir. Hal-hazırda təriqət daxilində iki qol mövcuddur. Mövlananın oğlu Vələdin və Şəms Təbrizinin adları ilə adlandırılan bu qolların arasındakı fərq cüzi dərəcədədir.


Yerləşdirilib:22 Noyabr, 2017, Baxılıb:1322, Çap
 

Son şərhlər : 4
Müəllif: rashad | 23 Noyabr, 2017  01:59
# Ответить
0


]]>]]>

Salam, RUMİLİK TEHLİKE Mİ? - ]]>https://www.youtube.com/watch?v=PyqYfQxd7Fo]]> Kitabını da pulsuz endirə bilərsiniz. - ]]>http://fs.fmanager.net/files/book/pdf/tr/rumilik_TehlikeMi.zip]]> Əlavə şərh yazmağa ehtiyac duymuram.
Müəllif: rashad | 23 Noyabr, 2017  02:07 | Ответ на #3415
# Ответить
0


]]>]]>

Admindən səhvən kopyası düşmüş bu şərhi silməsini xahiş edirəm.
Müəllif: rashad | 9 Dekabr, 2017  00:30
# Ответить
0


]]>]]>

Kopyası düşmüş şərhimi digər şərhimlə birlikdə silib, "Admindən səhvən kopyası düşmüş bu şərhi silməsini xahiş edirəm." cümləmi isə silməyərək əsas şərhimin altında saxlamısınız.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com