Quran və Əhli-beyt – ayrılmaz əmanətlər

(ikinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-933.html)

Qurandan uzaq olan Quran hafizləri

Hələ Allahın Rəsulu (s) vaxtilə qabaqcadan xəvaricin haqqında məlumat vermiş və onların Qurana yanlış yanaşdıqlarını göstərmişdi: “Ümmətimdən elə bir dəstə çxacaq ki, sizin Quran oxumağınız onların Quran oxumaqlarının yanında heç nə olacaq... Quranı elə oxuyacaqlar ki, sanki onlar üçün nazil olub, amma əslində Quran onların əleyhinədir” (Bihar əl-ənvar, 33-cü cild, səh. 329).

Abdullah ibn Abbas xəvariclə apardığı müzakirədən sonra İmam Əlinin (ə) yanına qayıdanda İmam ondan soruşdu ki, xəvaricin düşərgəsində nə gördün? İbn Abbas cavab verdi: “Allaha and olsun, baş açmadım ki, onlar necə adamlardır!” İmam soruşdu: “Onları münafiqə bənzətdin?” İbn Abbas: “Xeyr, Allaha and olsun ki, onların siması münafiq sifətinə oxşamır. Alınlarında səcdə izi var, onlar Quranı oxuyur və təvil edirlər (Qurana rəmzi mənalar verirlər)” (Nəhc əl-səadə).

Rəvayətlərdə deyilir ki, xəvaric dəstəsində olanların arasında Quran hafizləri, gözəl avazla Quran oxuyan qarilər üstünlük təşkil edirdi. Lakin bununla belə, onlar Nəhrivan savaşında İmam Əlinin (ə) – Allahın hüccətinin və Peyğəmbərin (s) haqq xəlifəsinin üzünə qlınc çəkdilər. Ümmət içində Quranı ən yaxşı tanıdıqları ehtimal edilən şəxslər Qurandan ən uzaq nöqtədə imiş. Bunun səbəbi Quran maarifinin həqiqətindən xəbərsiz olmaları, ayələrin zahiri mənasında ilişib qalmaları və Qurana öz istəkləri əsasında şərh vermək, daha doğrusu, Quranı öz nəfslərinə tabe etmək istəkləri idi. Onlar səqəleynin yalnız yarısını qəbul etməyə hazır idilər. Amma nadanlar dərk etmirdilər ki, Quranla itrət yanaşıdır, onarın birini o birisi olmadan qəbul etmək mənasızdır. Allahın Rəsulu (s) “onlardan ayrılmayın, yoxsa zəlalətə düşərsiniz” deyərkən, bu əmanətlərin hər ikisini nəzərdə tutmuşdu. Həmçinin, “bu ikisi qiyamət günündə cənnət hovzunun başında mənim hüzuruma yetişənə kimi bir-birindən ayrılmazlar” buyurarkən, dünyanın sonuna kimi, hər zamanda və hər məkanda Quranla Əhli-beytin (ə) yanaşı olduğunu diqqətə çatdırmışdı. Təəssüf ki, din pərdəsi altında mübarizəyə qalxan, İmam Əlini (ə) dini qanunları pozmaqda günahlandıran xəvaric qoşunu bu həqiqəti dərk etməkdən çox uzaq idi. Əhli-beyti (ə) qəbul etməmək, Quranın zahiri ilə kifayətlənmək insanı ömrünün sonunda İmam Əlinin (ə) qılıncı ilə həlak olmaq dərəcəsinə gətirib-çatdırar. İmam Əlinin (ə) və tərəfdarlarının qılıncı ilə həlak olan şəxsin yeri isə mütləq cəhənnəmdir.

Hədis və rəvayətlərimizdə Əhli-beyt imamları (ə) Qurani-natiq (danışan Quran) adlandırılır (Quranın özü isə samitdir, yəni susqundur, danışmayandır). Quran öz haqqını müdafiə etmək, öz üzərindən böhtanları təmizləmək, ona yanlış yozum verənləri ifşa etmək qabiliyyətinə malik deyil. Bu missiya Peyğəmbərin (s) və ondan sonra varisləri olan imamların öhdəsinə düşür.

Quranla itrətin vəhdəti quşun qoşa qanadı kimidir. Quran Allahın vəhyi olmaq etibarilə qanunvericilik baxımından tam legitimliyə malik sənəddir. İmamların Allahdan vəhy almadıqlarını və buna görə də qanunverici kimi çıxış etmək səlahiyyətinə malik olmadıqlarını iddia edən qüvvələr Quranın hökmü qarşısında təslim olmağa məcbur idilər. Quran Əhli-beyt imamlarının (ə) fəaliyyəti üçün əsas baza və bünövrə idi. Öz növbəsində Quranı düzgün anlamaq üçün mütləq imamlara ehtiyac var idi.

Tarix sübut edir ki, Əhli-beyt imamlarının (ə) ümmət içində olduqları 250 il ərzində Quranı onlardan daha yaxşı anlayan və anlada bilən, müqəddəs kitabın dərin mənalarını açan kimsə olmamışdır. Əhli-beytin (ə) Qurana, Peyğəmbər (s) şəriətinə sadiqliyinin kökündə iman məsələsindən əlavə, həm də müsbət mənada varislik təəssübü dururdu. Bu din onların ulu babasının zəhmətləri hesabına, 23 illik əziyyətləri bahasına ərsəyə gəlmişdi. Bu dini qorumaq yolunda onların babası İmam Əlinin (ə), İmam Hüseynin (ə) qanı tökülmüşdü. Onların bu irsə xəyanət etmələri qeyri-mümkün idi, əksinə, varislik qeyrəti onları İslamın müdafiəsi yolunda daha əzmkar və daha qətiyyətli olmağa sövq edirdi. Buna görə İmam Hüseyn (ə) Mədinəni tərk etdiyi zaman öz hərəkatının missiyasını açıqlayarkən “mən babam Mühəmmədin (s) ümmətini islah etmək üçün qiyama qalxıram... Mən babam Mühəmmədin (s) və atam Əli ibn Əbu Talibin (ə) yolu ilə gedirəm” buyurmuşdu. Buna görə o həzrət Kərbəla çölündə ölümün gözünə dik baxaraq “əgər babamın dini mənim həlak olmağımla yaşayacaqsa, onda ey qılınclar, məni vurun” söyləmişdi.

(ardı var)


Yerləşdirilib:17 Noyabr, 2017, Baxılıb:1298, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com