Quran və Əhli-beyt – ayrılmaz əmanətlər

(birinci hissə)

Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfat günü ərəfəsində bir daha xatırlanması gərəkən mövzulardan biri də o həzrətin ümmətə vəsiyyətidir. Peyğəmbərin (s) vəfatı ilə vəhy qapısı bağlandı. Amma o həzrət bunun əvəzində insanların azğınlığa düşməsinin qarşısını almaq üçün onlara iki məhək daşı, iki meyar vəsiyyət etdi: Quran və Əhli-beyt. Məsumları görmədiyimiz, Allahla birbaşa rabitə vasitəsindən məhrum qaldığımız bu zəmanədə hər düşüncəmizi, hər əməlimizi bu iki meyarla yoxlamalı və dəyərləndirməliyik.

Hədisdə nə deyilir?

Peyğəmbər öz vəsiyyətini bu gün “səqəleyn (iki ağır əmanət) hədisi” kimi tanınan kəlamda elan etmişdir. Dini mətnlərdə dönə-dönə vurğulanan, şərh edilən, hətta bəzi mənbələrdə qəsdən təhrif edilib fərqli şəkillərə salınan bu hədisdə buyurulur: “Sizin aranızda iki ağır (qiymətli, mühüm) əmanət qoyuram: Allahın kitabı və itrətim (nəslim). Bunlara bağlansanız, zəlalətə düşməzsiniz. Bunlar (qiyamət günündə) cənnət hövzunun kənarında mənim hüzuruma çatana kimi bir-birindən ayrılmazlar”.

Peyğəmbər (s) bu hədisi dəfələrlə buyurmuşdur; son həccə səfəri zamanı ən azı 3 məkanda yüz min nəfərdən artıq müsəlmanın qarşısında hədisi təkrar etməsi məlumdur. Bu fakt hədisin əhəmiyyətini daha da artırır. Təvatür həddində olan səqəleyn hədisi 20-dən çox səhabə vasiəsilə nəql edilib. Hədisi rəvayət edənlərin arasında Əhli-beyt (ə) dostları ilə yanaşı, əks cəbhədə yer tutmuş Abdullah ibn Zübeyr, Əbdürrəhman ibn Ovf, Abdullah ibn Ömər və Əbu Hüreyrə kimi şəxslərin də adlarına rast gəlirik.

Niyə Quranla yanaşı itrət?

Həzrət Mühəmməd Peyğəmbərin (s) Qurani-Kərimlə yanaşı öz itrətini də vəsiyyət etməsi təsadüfi deyil. Qurani-Kərim hər nə qədər əhəmiyyətli və ilkin dərəcəli mənbə olsa da, dini hökmlərin əsaslandırılmasında birinci yeri tutsa da, yenə qərəzli və qərəzsiz yozumlara məruz qalır. Hərçənd ki, Qurani-Kərimin mənası təhrif edilməyib və Allah-Taala onun təhrif olunmasına qiyamət gününə kimi icazə verməyəcəyinə zəmanət verir (bax: Hicr surəsinin 9-cu ayəsi). Bununla belə, tarix boyunca Qurani-Kərimdən xeyli sui-istifadələr edilməsinin və batil istiqamətlərdə yozulmasının şahidi oluruq. İmam Əlinin (ə) zamanında Qurani-Kərimi nizələrin ucuna taxaraq, onu öz batil məqsədi üçün alətə çevirmiş Müaviyə ilə sülh bağlandıqdan sonra xəvaric adlı cərəyan İmamın (ə) əleyhinə qiyam qaldırdı. Həzrət Əli (ə) öz əmisi oğlu, sadiq silahdaşı və Quran təfsiri üzrə mütəxəssis olan Abdullah ibn Abbası xəvariclə danışıqlara yolladı. Bu zaman İbn Abbasa tövsiyə etdi ki, xəvariclə Quran əsasında mübahisə etməsin. Çünki onlar Quran ayələrini istədikləri cür yozaraq öz xeyirlərinə mənalandırcaqlar:

“Onlarla Quran əsasında mübahisə etmə. Çünki Quran (təvil, təfsir, batini və zahiri məna kimi) çoxlu ehtimal və yozumlara malikdir. Birini cən deyəcəksən, birini də onlar deyəcəklər. Onlara sünnəyə əsaslanaraq dəlil gətir. Çünki onlar heç vaxt sünnəyə əsaslanan dəlildən qaçmağa yol tapa bilməzlər” (Nəhc əl-bəlağə, 77-ci məktub).

(ardı var)


Yerləşdirilib:15 Noyabr, 2017, Baxılıb:1513, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com