Qəbir ziyarəti

Tövbə surəsinin 84-cü ayəsində Allah-Təala öz Peyğəmbərinə (s) əmr edir ki, münafiqlərdən kimsə öləndə onun cənazə namazını qılmasın və qəbrini ziyarət etməsin. Bu qadağanın münafiqlərlə məhdudlaşması onu göstərir ki, münafiq olmayan şəxslərin məzarını ziyarət etmək Quran baxımından icazəlidir.

Peyğəmbərimiz (s) möminlərin qəbrini ziyarət edər, onların günahlarının bağışlanması üçün Allaha yalvarardı. Hətta ömrünün son günlərinə kimi o həzrət bu davranışı tərk etmədi, vəfatından bir neçə gün qabaq yaxın səhabələrin köməyi ilə Bəqi məzarlığına getdi və orada dualar etdi.

Peyğəmbərimiz dəfələrlə müsəlmanları qəbir ziyarətinə təşviq edərək buyurmuşdur: “Qəbirləri ziyarət edin; bu, sizə axirəti xatırladar”.

İslam dininə görə, dünyaya çox bağlanmaq bəyənilmir. Mömin şəxs ardıcıl olaraq axirət barədə düşünməlidir. Əlbəttə, tərki-dünya olmaq da dinimizdə xoş qarşılanmır. Amma müsəlman heç zaman unutmamalıdır ki, bu dünya axirət həyatı üçün bir vasitədir. Məşhur hədisdə buyurulduğu kimi “dünya axirətin tarlasıdır”. Axirət düşüncəsi ilə yaşamağın ən gözəl yolu ölümü ardıcıl xatırlamaqdır. Ölümü xatırlamağın ən gözəl üsulu isə mütəmadi olaraq qəbir ziyarətinə getməkdir.

Hədislərdə qəbir ziyarətinin bir neçə faydası göstərilir. Məsələn, qəbir ziyarətinə getmək axirəti insanın yadına salar. Qəbirləri mütəmadi ziyarət edən şəxs dünya həyatının ötəri və müvəqqəti olmasından ibrət alar. Peyğəmbərimiz (s) buyurmuşdur ki, kim hər həftənin cümə günü valideyninin məzarını ziyarət etsə, həm günahları bağışlanar, həm də Allahın hüzurunda yaxşı övlad sayılar (Bihar əl-ənvar, cild 86, səh. 359).

Alimlərimiz öz kitablarında, o cümlədən, tövsiyə və vəsiyyətlərində qəbir ziyarətinə getməyi dəfələrlə təkid etmişlər. Onlar özləri də qəbir ziyarətini adət halına salmışdılar.

Məşhur arif Seyyid Əli Qazı Təbatəbainin tələbələrindən biri xatılayırdı ki, hər səhər ustadın Vadiyüs-salam məzarlığını ziyarət etdiyini, burada bir neçə saat səssizlik içində vaxt keçirib düşüncəyə qərq olduğunu görürdüm. (Vadiyüs-salam Nəcəf şəhərində, İmam Əlinin (ə) məzarının yaxınlığında yerləşən böyük bir qəbristanlıqdır, orada dəfn olunmağın və oranı ziyarət etməyin faydaları barədə çoxlu rəvayətlər var). Öz-özümə düşünürdüm ki, ustad bu məzarlıqda lazım olduğundan artıq vaxt keçirir, zamanı israf edir. Amma fikrimi ona bildirməkdən çəkinirdim.

Bir gün evdən məktub aldım, valideynlərim təhsilimi yarımçıq buraxıb evə qayıtmağımı istəyirdilər. Bir qərara gələ bilmirdim. Bir yandan təhsilə hədsiz həvəsim vardı, bir yandan da valideynimin çağırışını cavabsız qoymağın günah olacağını düşünürdüm. Axşam yatağıma uzanıb bu barədə düşünməyə başladım. Yatarkən ayaqlarımı hücrəmdəki kitab taxçasına sarı uzadırdım. Beynimdə sual yarandı ki, müqəddəs yazıların yazıldığı kitablara sarı ayaqlarımı uzatmaq günahdır ya yox? Öz-özümə təskinlik verib dedim: “O kitablar döşəmənin üstündə deyil ki, yuxarıda taxçadadır. Ona görə də ayaqlarımı o tərəfə uzatmaq günah deyil”. Bu fikirlərlə yatdım.

Səhər dərsə gəldim. Ayətullah Qazı mənimlə salamlaşdı, sonra mən heç nə demədən özü söylədi: “Təhsili yarımçıq buraxıb vətənə dönməyin məsləhət deyil. Ayaqlarını dini kitablara sarı uzatmağın da hörmətsizlik əlamətidir, bir daha elə etmə”. Mən təəccüb içində soruşdum: “Bunları hardan bilirsiniz?” Gülümsəyib cavab verdi: “Bunlar hər gün səhər Vadiyüs-salam qəbristanlığını ziyarət etməyimin bərəkətindəndir”.


Yerləşdirilib:10 Noyabr, 2017, Baxılıb:1419, Çap
 

Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com