Qonşu haqqı

(ikinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-930.html)

Həzrət Muhəmməd Peyğəmbər (s) buyurub: “Kim haqsız yerə qonşusunu incitsə, Allah ona cənnətin ətrini haram edər və onun yeri cəhənnəm alovu olar. Şübhəsiz, Allah sizdən qonşu haqqını mütləq soruşacaq. Kim qonşusunun haqqını zay etsə, bizdən (yəni müsəlman ümmətindən) deyil. Kim qonşusunun ehtiyacı olduğu halda ondan maunu əsirgəsə, Allah da qiyamət günündə ondan öz mərhəmətini əsirgəyər və onu özbaşına buraxar. Allah hər kimi özbaşına buraxsa (yəni öz mərhəmətindən uzaq salsa), o, həlak olar və Allah onun üzrünü qəbul etməz!” (Vəsail əl-şiə, 5-ci cild, səh. 340-341).

İmam Zeynulabidin (ə) buyurmuşdur ki, bəndələrin bəzi günahları ucbatından yerə yağış yağmır, bərəkət ortadan qalxır. Belə günahlardan biri də qonşudan istədiyini əsirgəmək, ona yardım göstərməməkdir.

Qonşu haqqının böyüklüyünü təsəvvür etmək üçün bu hədis kifayətdir. İmam Muhəmməd Baqir (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət edir: “Qonşusu ac ikən özü tox halda yatan adam mənə (yəni mənim peyğəmbərliyimə) iman gətirməyib” (əl-Kafi, 2-ci cild, səh. 668).

Bir gün Həzrət Rəsulullah (s) öz səhabələrindən soruşdu: “Qonşu haqqının nə olduğunu bilirsinizmi? Siz qonşu haqqı barədə az şey bilirsiniz!” Sonra həzrət buyurdu: “Qonşusu onun əlindən amanda olmayan (yəni qonşusuna əziyyət verən) adam Allaha və qiyamət gününə iman gətirməyib. Qonşunun o biri qonşu üzərində haqqı budur ki, borc istəyəndə versin, ona xoşbəxtlik üz verəndə təbrik etsin, başına müsibət gələndə onu ovutsun. Öz evini elə tiksin ki, divarı qonşunun evinə əsən küləyin qarşısını almasın (əgər qonşu icazə versə, eybi yoxdur). Əgər evə meyvə alıb gətirsə, qonşuya ondan pay versin. Əgər pay vermirsə, meyvəni evə gizli gətirsin (yəni qonşuya göstərməsin). Öz uşağını qoymasın ki, çöldə o meyvədən yeyib qonşu uşağını iştaha gətirsin” (Fəttal Nişaburi. Rövzət əl-vaizin, 2-ci cild, səh. 293-294).

İmam Musa Kazim (ə) qonşu ilə münasibətləri hansı səviyyədə saxlamaq gərəkdiyi barədə buyurub: “Yaxşı qonşuluq ondan ibarət deyil ki, qonşuya əziyyət verməyəsən. Yaxşı qonşuluq odur ki, qonşu sənə əziyyət verəndə səbir edəsən” (Vəsail əl-şiə, 12-ci cild, səh. 122).

Qonşu haqlarına riayət etməyin savabı bütün ölkəyə və millətə yetişər. İmam Sadiq (ə) buyurub: “Yaxşı qonşuluq (yəni qonşu haqlarına riayət etmək) ölkəni abad edər, ömürləri uzadar” (Vəsail əl-şiə, 12-ci cild, səh. 125). Deməli, qonşuluqda yaxşı davranmaq cəmiyyətə xeyir-bərəkət gətirər, insanlara Allahın razılığını qazandırar. Əksinə, qonşu haqlarını pozmaq, qonşular arasında düşmənçlik və soyuqluq yaratmaq həm xeyir-bərəkəti aradan qaldırar, həm də ömrü qısaldar.

Qonşu ilə mehriban və xoş münasibət saxlamağın savabı o qədər böyükdür ki, bu savab insanın günahlarını silər və onu behiştə aparar. Peyğəmbər (s) buyurub: “Bir kəs vəfat edərkən üç qonşusu olsa və qonşuların üçü də ondan razı qalsa, o adamın günahları bağışlanar” (Müstədrək əl-Vəsail, 8-ci cild, səh. 422, hədis 9868).

Yenə rəvayət edirlər ki, Peyğəmbərə (s) bir qadın haqqında xəbər verdilər: “Filan qadın gündüzlər oruc tutur, gecələr namaz qılır və bol sədəqə verir, amma dili ilə qonşuları incidir”. Peyğəmbər (s) buyurdu: “O ibadətlərin ona faydası yoxdur, o qadın cəhənnəmə layiqdir”. Dedilər: “Filan qadın isə yalnız vacib gündəlik namazları qılır, yalnız Ramazan ayında oruc tutur, amma qonşusunu incitmir”. Allahın Rəsulu (s) buyurdu: “O qadın behişt əhlidir” (Müstədrək əl-Vəsail, 8-ci cild, səh. 423-424).


Yerləşdirilib:3 Noyabr, 2017, Baxılıb:1571, Çap
 

Son şərhlər : 1
Müəllif: Ceyhun | 6 Noyabr, 2017  09:13
# Ответить
0


]]>]]>

Məlumatı götürdüm. Halal edin.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com