Qonşu haqqı

(birinci hissə)

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Nisa, 36).

Bu mübarək ayədə Allah qonşuları iki dəstəyə bölür və onların hər ikisini ayrı-ayrılıqda xatırladır: cari zi-l-qurba (yaxın qonşular) və cari-l-cünüb (uzaq qonşular). Bəzi təfsirçilər bu iki dəstəni qohum olan qonşular və yad qonşular kimi təqdim etmişlər. Bəzi alimlər birinci dəstəyə İslam dinində olan müsəlman qonşuların, ikinci dəstəyə başqa dində olan qonşuların aid olduğunu yazmışlar. Bəzi təfsirlərdə isə göstərilib ki, birinci dəstəyə səninlə eyni əqidə və fikri bölüşən qonşular aiddir, ikinci dəstə isə səninlə fərqli əqidəyə və düşüncəyə sahib olan qonşulardan ibarətdir.

Kimlər qonşu sayılır? Bu sualın cavabı Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisində verilib: “(Adamın evinin) həm qabaq, həm arxa tərəfindən, həm sağından, həm də solundan 40 evin hər biri qonşu sayılır” (əl-Kafi, 2-ci cild, səh. 669).

İmam Cəfər Sadiqin (ə) də sözü bunu təsdiq edir: “Qonşuluğun hüdudu hər istiqamətdən qırx ev qədərdir: evin qarşısından və arxasından, sağından və solundan” (əl-Kafi, 2-ci cild, səh. 669).

Həzrət Əmirəlmöminin Əli (ə) qılınc zərbəsi ilə yaralandığı zaman ölüm yatağında ikən oğullarına etdiyi vəsiyyətdə qonşu haqqını da diqqətdən kənarda qoymayıb. Bu vəsiyyət yalnız İmamın oğullarına deyil, bütün müsəlman ümmətinə ünvanlanıb. Həzrət Əli (ə) öz vəsiyyətində əvvəlcə təqvalı olmağı və bir-biri ilə xoş davranmağı, sonra yetimlərə diqqət yetirməyi tövsiyə edir, dərhal bunun ardınca qonşu haqqını bəyan edir. Qonşu haqqı İmamın nəzərində o qədər əhəmiyyətli idi ki, bu məsələni namaz, həcc, cihad, Quran, əmr bil-məruf kimi mövzulardan da ön plana çəkir: “Siz Allah, siz Allah, qonşularınıza diqqətli olun; bu, Peyğəmbərinizin sifarişidir. O həzrət, qonşuya yaxşılıq barədə o qədər tapşırdı ki, elə güman etdik, qonşuları bir-biri üçün vərəsə qərar verəcək” (Nəhc əl-bəlağə, 47-ci məktub). Əlbəttə, aydın məsələdir ki, qonşular bir-birinin irsinə varis olmazlar; şəriətdə belə bir qayda nəzərdə tutulmayıb. İmam Əlinin (ə) bu sözündə bir mübaliğə var, o həzrət bununla qonşu haqqının nə qədər böyük və ciddi olduğunu çatdırmaq istəyib.

İmam Həsən (ə) buyurub ki, anam Fatimə (ə) gecələr sübh açılana kimi namaz qılardı. Hər namazda mömin kişi və qadınların adlarını çəkib onlardan ötrü dua edərdi, amma özü üçün Allahdan bir şey istəməzdi. Bir dəfə anamdan soruşdum: “Niyə başqaları üçün dua etdiyin kimi özündən ötrü dua etmirsən?” Cavab verdi: “Oğlum, əvvəl qonşu, sonra ev (ailə üzvləri)” (Şeyx Səduq. İləl-əl-şərai, 1-ci cild, səh. 180).

Qonşu haqqı o qədər ciddidir ki, Allah-Təala Qurani-Kərimdə bu mövzuya dəfələrlə toxunur. Məsələn, “Maun” surəsində namaza saymazyana münasibət bəsləyənlər, riyakarlıq edənlər məzəmmət olunur. “Vay olsun o namaz qılanların halına ki” ifadəsi ilə davam edən 7-ci ayədə buyurulur: “Və maunu qadağan edərlər” (Maun, 7). Ayənin təfsirində yazırlar ki, burada nə isə istəyərək qapıya gəlmiş qonşunu əliboş geri qaytaran şəxslər və başqalarını bu hərəkətə təhrik edən kəslər nəzərdə tutulur. Məsələn, evdə çörək çatışmayanda və çörək almağa imkan olmayanda adam qonşunun üstünə gedər. Yaxud hər hansı qab-qacaq üçün qonşuya üz tutarlar. Görün nə qədər mühüm məsələdir ki, bunu əsirgəyən adam haqqında “vay olsun onun halına” buyurulub!..


Yerləşdirilib:30 Oktyabr, 2017, Baxılıb:1362, Çap
 

Son şərhlər : 2
Müəllif: Orxan | 4 Noyabr, 2017  20:56
# Ответить
0


]]>]]>

Burda yazilanlar heqiqetdir.Amma ki, qonsudada gerek insaf olsun, iki deygeden bir ozunde olmasi vacib olan esyani ( qabi-qacaqi) alib sorada sindirb qaytarmasin.Bunada aydinliq getirin zehmet olmasa
Müəllif: Ceyhun | 6 Noyabr, 2017  09:11
# Ответить
0


]]>]]>

Məlumatı götürdüm. Halal edin.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2017 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün admin@islam.az
  SpyLOG Saytı düzəldib: 313wb.com